Əsas səhifə » Osmanlı dövləti nə vaxt qurulub?

Osmanlı dövləti nə vaxt qurulub?

admin

Bakı,AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Osmanlı dövlətinin yaranması tarixi əksər mənbələrdə 1299-cu il kimi göstərilsə də, bu tarix bu gün mübahisə doğurur. Osmanlı tarixşünaslığı Səlcuq dövlətinin hakimiyyətinin 1299-cu ildə sona çatdığını və Osman Qazinin həmin tarixdə dövləti qurduğunu bildirir.

Böyük Osmanlı tarixi əsərini yazan Cozef Von Hammer də Osmanlı dövlətinin yaranma tarixini 1299-cu il kimi göstərir. O iddia edir ki, Səlcuqlar dövlətinin süqutundan sonra Osmanlı Bəyliyi 1299-cu ildə öz müstəqilliyini elan etdi. Lakin Türkiyə-Səlcuq tarixinə dair araşdırmalar bu dövlətin 1318-ci ilə qədər hakimiyyətdə olduğunu ortaya çıxardı.

banner

1400-1484-cü illər arasında yaşamış Aşıkpaşazade tərəfindən yazılmış Osmanlı tarixi kitabına görə, 1299-cu ildə Yarhisar, Biləcik, İnegöl və Yenişehir fəth ediləndən sonra Osman Qazi öz adına xütbə oxuyaraq müstəqilliyini elan etdi. Bu şəhərlərin fəth edilməsi Osmanlı tarixi baxımından əhəmiyyətlidir. Ancaq fəthin dəqiq tarixləri məlum deyil. Bu mərhələdə Osman bəy Anadoludakı digər türkmən bəyləri kimi müstəqillik haqqına sahib olan və öz adına xütbə oxudan İslam hökmdarı kimi təqdim edilır. Bu baxımdan, Osmanlı tarixşünaslığı tədqiqatçıları 1299-cu ili dövlətin yaranma tarixi kimi qəbul edib.

1299-cu ildə Osmanlı dövləti tarixində baş verən önəmli hadisəyə rast gəlinmir. Onun əvəzinə, Osman Qazinin Bəyliyin başına keçdiyi tarixin, yəni 1281- ci ilin dövlətin quruluş tarixi kimi qəbul edilə biləcəyi barədə iddialar var.

Erkən Osmanlı tarixi üzrə araşdırmaları ilə məşhur olan Halil İnalcık 27 iyul 1302-ci ildə Osman Qazinin başçılığı ilə Bizansla türkmənlər arasında baş verən Bapheus (Koyunhisar) döyüşünü Osmanlı tarixi üçün dönüş nöqtəsi hesab edir. O bildirir ki, Osman bəy bu müharibədən əvvəl Bursa və Kocaeli bölgəsində türkmən bəyləri arasında primus inter pares (yaşıdları arasında birinci) mövqeyində idi. Lakin Koyunhisar döyüşündə Bizans qüvvələrinə qarşı qazandığı qələbə Osman Qaziyə sülalənin qurucusu xarizmasını qazandırdı. Buna görə də 1299-cu il deyil, 27 iyul 1302-ci il tarixini Osmanlı sülaləsinin, dolayısıyla Osmanlı dövlətinin dəqiq qurulma tarixi kimi qəbul etmək daha doğru olar.

Dövlətin qurulması ilə bağlı məlumat verən hansı mənbələr var?

Osmanlı dövlətinin qurulduğu dövrə, yəni XIII əsrin sonu XIV əsrin əvvəllərinə aid mənbələr son dərəcə azdır. Bu tarixlərdə öz əsərlərini yazan Bizans tarixçisi və Ərəb səyyahları olsa belə, əsərlərdə Osmanlı bəyliyi haqqında verilən məlumatlar məhduddur.

İlk Osmanlı tarixçisi Yahşi Fakihin XIV əsrin əvvəllərində yazdığı mənakibnamə isə bu günə gəlib çatmayıb.

Yahşi Fakih Orxan Qazinin imamı İshaq Fakihin oğludur. O, əsərini yazarkən atasının şahidi olduğu, eşitdiyi hadisələrdən istifadə etdiyi güman edilir.

Erkən Osmanlı tarixi haqqında mühüm məlumatlar verən Aşıkpaşazadə 1413-cü ildə Geyvedən keçərkən xəstələnir və Yahşi Fakihin evində qonaq olur. Burada Yahşi Fakihin yazdığı kitabı görüb oxuyur və öz əsərini yazarkən bu məlumatlardan istifadə edir. Bu mənaqibnamə, həmçinin, kim tərəfindən yazıldığı bəlli olmayan “Dastan-ı Təvarix-i Mülki Al-i Osman” üçün də mənbə olub.

Osmanlı tarixi ilə bağlı bu günə qədər gəlib çatan tək əsər XIV əsrin əvvəllərində Əhmədinin yazdığı İsgəndərnamə əsəridir.

Osmanlı Osmanlı tarixi haqqında ətraflı məlumat verən əsas əsərlər XV əsrin ikinci yarısında yazılan Aşıkpaşazade, Neşri və Oruc tarixi əsərləridir. Xüsusilə Aşıkpaşazade əsərində Yahşi Fakih mənaqibnaməsindən istifadə edildiyi üçün Osmanlı tarixi haqqında daha ətraflı məlumat verir. Buna baxmayaraq, Osmanlı dövlətinin yarandığı illər haqqında məlumat verən bu əsərləri etibarsız hesab edənlər də var.

Türkiyə və Osmanlı dövlətinin tarixi ilə bağlı bir sıra əsərlər yazan ingilis tarixçisi Colin İmber bildirir ki, Bu tarixlərdəki məlumatların demək olar ki, hamısı uydurmadır. O,Osmanlı dövlətinin tarixinin başlanğıcını qara dəlik adlandırır.

Colin İmberə görə, Aşıkpaşazade Bursa bölgəsindəki yer adları əsasında bir Osman Qazi əfsanəsi yaradıb. O, Osman Qazinin dostları kimi təsvir edilən Kösə Mihal, Turqut Alp, Konur Alp, Akça Koca, Kara Mürsel və Həsən Alpın əslində mövcud olmadığını, xalq etimologiyasının məhsulu olduğunu bildirir. İmberin bu nəzəriyyəsi Halil İnalcık və İrene Beldiceanu kimi tarixçilər tərəfindən şiddətlə tənqid edilmişdir. Osmanlı arxiv qeydlərindən və araşdırmalarından bu tarixi şəxsiyyətlərin izləri müəyyən edilmiş və Aşİkpaşazadənin əsərində təsvir olunan hadisələrdə həqiqət olduğu ortaya çıxmışdır.

Türk tarixçisi Feridun Emecen isə Osmanlı dövlətinin ilk dövrlərinin tədqiq edilməsi üçün bu əsərlərdən başqa mənbə olmadığını qeyd edir və bununla bağlı ortaya atılan yeni fikirləri boşuna vaxt itkisi adlandırır.

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice