Əsas səhifə » Osmanlı Bəyliyi necə dövlətə çevrildi?

Osmanlı Bəyliyi necə dövlətə çevrildi?

admin

Bakı,AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Osmanlı Bəyliyini XIV əsrin əvvəllərində Anadoluda mövcud olan bəyliklər arasında həm ərazi, həm də əhalisinə görə ən kiçik bəylik olmasına baxmayaraq necə dövlətə çevrilməsi maraq doğuran və müzakirə edilən məsələlərdəndir. Osmanlı tarixçiləri bu məsələni müxtəlif nəzəriyyələrlə izah edir.

XX əsrin əvvəllərində Herbert Adams Gibbons adlı tarixçi Osmanlının Mərmərə bölgəsində yunanlarla qarışaraq yeni bir xalq yaratdığını və bunun da dövlətin yaranmasına səbəb olduğunu iddia edir. Lakin bu nəzəriyyə Fuad Köprülü, Paul Wittek və Friedrich Giese kimi tarixçilər tərəfindən təkzib edilib.

banner

Fuad Köprülü Osmanlı Dövlətinin qurulması məsələsinin XIII-XIV əsrlər Anadolu tarixi çərçivəsində araşdırılmasının daha doğru olduğunu qeyd edir.

Avstraliyalı tarixçi Paul Wittekə görə, Osmanlı Dövlətinin qurulmasında ən mühüm amil qəza ideyasıdır. Vittekin fikrincə, qəza (din yolunda fəth) məfhumu Osmanlı Bəyliyinin varlığının yeganə səbəbi və döyüşçülərin tək motivasiya mənbəyi idi.

Colin Imber, Rudi Paul Lindner kimi tarixçilər isə ilk dövrlərdə Osmanlı Bəyliyinin qəza fəthləri ilə heç bir əlaqəsi olmadığını iddia edir və sübut kimi osmanlıların yunanlar ilə dostluq münasibətlərini, heterodoks ünsürlərə qarşı dözümlülüklərini, həmsərhəd olduqları müsəlman bəylikləri ilə müharibələrini göstərirlər.

Feridun Emecen və Camal Kafadarın araşdırmaları isə Paul Wittekin nəzəriyyəsini təsdiqləyərək qaza ideyasının XIV əsrə aid olduğunu göstərir və onlar qeyd edir ki, qəza anlayışı Wittekin irəli sürdüyü qədər olmasa da Osmanlı Bəyliyinin böyüməsində ən əhəmiyyətli faktorlardan biridir.

Halil İnalcık isə Osmanlı Bəyliyinin böyüməsinin əsas səbəbi kimi qərbdən mütəmadi türkmənlərin köçünü və qaza ideologiyasını göstərir.

H.İnalcıka görə, monqol işğalları nəticəsində əvvəlcə Qafqazdan Şərqi Anadoluya, sonra isə Orta Anadoludan qərbə köç etmək məcburiyyətində qalan yüz minlərlə türkmən Ege bölgəsini ələ keçirərək burada qazi türkmən bəylikləri qurub. Bu dövrdə türkmənlər arasında Qərbi Anadoluda Germiyan, Aydınoğlu, Menteşe, Karesi, Həmid və Saruhan bəylikləri, Qara dəniz bölgəsində isə Çobanoğlu Bəylikləri tərəfindən qəza ənənəsi davam etdirilirdi. Bu bəyliklər qəza adı ilə həm xristianlarla vuruşur, həm də fəth etdikləri ərazilərdə türkmənləri yerləşdirirdi.

XIII əsrin sonlarında Sakaryada Çobanoğulları Bizansla sülh bağlayaraq qəza fəthlərini sonlandırdı. Bundan sonra bölgədə Bizansa qarşı basqınlara daha əvvəl Çobanoğullarına tabe olan Osman Qazi rəhbərlik etməyə başladı və qəza fəthlərinə yenidən davam etdi. Osman Qazinin cəsarəti onu qazilərin liderinə çevirdi. 1302-ci ildə Koyunhisar döyüşündə Bizansa qalib gəlməsi onun nüfuzunu daha da artırdı və müxtəlif bölgələrdən gələn qazilər onun bayrağı altında birləşdi.

Sonrakı illərdə Qərbi Anadoluda baş verən hadisələr də Osmanlının xeyrinə oldu. 1320-ci illərdə Qərbi Anadoluda qəza fəthlərini davam etdirən bəyliklərə qarşı yaradılan Səlibçi dəstələrinin təzyiqi nəticəsində Karesi və Menteşe kimi bəyliklər səlibçilərlə razılaşaraq qəza fəthlərini sonlandırmalı oldu. Qəza bayrağını daşıyan sonuncu bəylik olan Aydınoğulları İzmiri xristianlardan geri almağa çalışarkən şəhid oldu və bununla da qəza fəthləri tamamilə sonlandırıldı. Beləliklə, Osmanlılar xristianlara qarşı döyüşlərdə tək qaldı.

Osmanlıların getdikcə genişlənən fəthləri şərqdən gəlməyə davam edən türkmən kütlələrini öz bayrağı altına aldı. Bu döyüşçü potensialı həm də Osmanlı bəyliyinin fəthlərlə böyüməsinə səbəb oldu.

Digər Kateqoriyalar

2023 © AzerVoice