Əsas səhifə » Ortaq dil çağırışları qədər absurd və populist olan heç nə yoxdur – Elvüsal Məmmədov

Ortaq dil çağırışları qədər absurd və populist olan heç nə yoxdur – Elvüsal Məmmədov

admin

Bakı, AzerPress

Ortaq dil çağırışları qədər absurd və populist olan heç nə yoxdur, AzerPress –in məlumatına gör, bu haqda tanınmış ilahiyatçı-alim Elvüsal Məmmədov rəsmi Facebook səhifəsində yazıb.

“Dil adi və mexaniki ünsiyyət vasitəsi deyildir; əkinə, canlı və dinamik ünsiyyət vasitəsidir. Bununla yanaşı, dil mövcudluğu və varlığı baxımından immanent səciyyə daşıyır. Bu immanentlik kifayət qədər mürəkkəb məsələdir; təfəkkür-dil, dil-nitq dualizmi labirintindən çıxa bilməməyimizin səbəbi dilin mənşəyinə baxışımızdan irəli gəlir. Başlanğıcda nə vardı: dil, yoxsa təfəkkür; nitq, yoxsa dil? Məsələyə diaxronik baxdığımız üçün qənaətbəxş cavab yoxdur; dilçilər aləmi bir-birinə qatıb mətləbdən bizi uzaqlaşdıran nəzəriyyələr irəli sürmüşlər. Nə qədər ki insanın mənşəyinə diaxronik yanaşma mövcuddur, bu kimi suallar cavabsız qalacaqdır. Əslində “Dil, yoxsa təfəkkür birincidir?” sualını insan oğlunu “təkamül nəticəsində meydana çıxan bioloji növ” hesab edən materialist nöqteyi-nəzər doğurmuşdur. Bu nöqteyi-nəzər mənşə problemini səhv yerdə axtardığından belə yanlışlığın özü ilə gətirdiyi suallara düzgün cavab heç vaxt olmayacaqdır. Elə isə həm insanın mənşəyi, həm də dil-təfəkkür əlaqəsi probleminə sinxron nəzər salmalıyıq. Sinxron yanaşma təkamülü rədd edir, hazır komponentlərin eyni vaxtda mövcud olduğunu irəli sürməklə qəliz və mənasız mübahisələrə son qoyur”- deyə o bildirib.

Onun sözlərinə görə, dil hər xalqa – etnik vahidə aid özünəməxsus hadisə və sistemdir, canlı orqanizmdir. Nitqin özü nə qədər qədimdirsə, dil də bir o qədər qədimdir. Duyğular nədirsə, dil də odur, şüur nədirsə, dil də odur; insanın nitqi ilə duyğuları, şüuru arasında qırılmaz üzvi əlaqə vardır. Dil mexaniki danışıq və nitq materialından ibarət deyildir; dil şüur və nitqin, təfəkkür və ifadə materialının uğurlu və səmərəli vəhdətindən ibarət estetik hadisədir. Dil şüurdur, dil nitqdir, dil duyğudur, dil estetikadır, dil ruhun özüdür, dil möcüzədir, dil müəmmadır, amma sistemliliyi və füsunkarlığı ilə şüura meydan oxuyan müəmmadır…

banner

Dil süni müdaxilə qəbul etməyən, bütünlükdə təbii sayıla biləcək hadisədir; dillər təsadüfi, yaxud mexaniki proseslərin nəticəsində meydana çıxmamışdır; mövcud dillər dil adlı möcüzəvi hadisənin təzahürləridir.

“Təkcə insan oğluna xas dil hadisəsi dillər adlanan maraqlı təzahürə səbəb olan özəkdir. Dil həm forma, həm də mahiyyətdir, həm sistem yaradan qüvvədir, həm də sistemin özüdür. Dil həm bacarıq, həm də sistem olaraq möcüzədir. Ana dili,milli-mənəvi kimliyinin formalaşmasında ana dilinin birbaşa rolu vardır. Ona görə ki, ana dildə sözlə (forma ilə) məna (məzmun) bir-birindən ayrı deyildir, yəni mənanı formasız və ya formanı məzmunsuz təsəvvür etmək qeyri-mümkündür. Məhz sözün, simvolun, maddi qabığın mənaya, məzmuna “lehimlənməsi” (bunu “sandhi” effekti də adlandıra bilərik) ana dilin uşaqlarda həyəcan, eyni dildə danışan başqa uşaqlarla sövqi-təbii olaraq qarşılıqlı münasibət yarada bilməsinin səbəbini izah edir. Uşaq psixikasının formalaşmasında ilk dilin rolunu öyrənən linqvistika tədqiqatlarında qeyd olunur ki, kimlik (identiklik) oyanmaları, milli-mənəvi “konturlar”ın özünü göstərməsi ilk dili öyrənərkən baş verir. Dediyimiz kimi, ana dildə simvollarla məna vəhdətdə olur, ana dilini əmələ gətirən, uşağın da instinktiv formada, bişüur olaraq mənimsədiyi sözlər özündə ana dilin aid olduğu xalqın düşüncə tərzini, dəyərlərini, həyata, insana baxışını əks etdirir, milli-mənəvi “ionlar”ın daşıyıcısı kimi çıxış edir. Öz ana dilində danışa bilməyən körpələrini xarici dillərin, xüsusən rus dilinin ağuşuna atan valideynlər bu barədə yaxşı düşünməlidirlər” –deyə o qeyd edib.

O hesab edir ki , Ana dili kimlikdir, mədəniyyətdir, tarixdir, yəni bu dil Azərbaycan deməkdir. Onun fikrincə, ortaq dil çağırışları qədər absurd və populist olan heç nə yoxdur.

“Əvvəla, dillər tarixin heç bir mərhələsində süni şəkildə meydana çıxmayıb; ikincisi dillər ayrı-ayrı xalqların kimliyidir; Ortaq dil təsis etmək üçün ayrı-ayrı xalqları, milli-mənəvi kimliklərini əritmək və hibrid xalq yaratmaq lazımdır. Hibrid xalq problemini həll etdikdən sonra belə mexaniki-bioloji kütlənin süni dilini yaratmaq barəsində də danışmaq olar. Mənim üçün maraqlıdır: ortaq dil yaratmaq çağırışı edənlər hər xalqın artikulyar özünəməxsusluğu kimi genetik problemi necə həll etmək fikrindədirlər?” –deyə o bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice