Əsas səhifə » Orta Dəhliz vasitəsilə Azərbaycana bərpa olunan enerji mənbələri üzrə layihəsinin 40%- dən çoxu icra olunub

Orta Dəhliz vasitəsilə Azərbaycana bərpa olunan enerji mənbələri üzrə layihəsinin 40%- dən çoxu icra olunub

Naile Babazade

Bakı, AzerVoice

“ACWA Power” şirkəti üçün “Xızı-Abşeron” külək elektrik stansiyasının (KES) komponentləri Çindən Azərbaycan ərazisinə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, ya da Orta dəhliz) vasitəsilə çatdırılır.

Bu barədə AzerVoice-ə özəl olaraq “ACWA Power Azerbaijan Renewable Energy” şirkətinin layihələr üzrə direktoru Eşli Rolands (Ashley Rowlands) məlumat verib.

“240 MVt gücündə olan “Xızı-Abşeron” külək elektrik stansiyasının inşası apreldən etibarən 2 ərazidə (Zona-1 Abşeron rayonunda və Xızı-3 Xızı rayonunda) həyata keçirilir. Son aylarda külək turbinlərinin komponentlərinin Orta Dəhliz vasitəsilə Çindən əldə edilməsinə fokuslandıq. Növbəti bir neçə ayda külək turbinlərinin layihə üçün ayrılmış zonalarda quraşdırılmasına başlayacağıq ki, 2025-ci ildə KES-in işə salınmasını təmin edək”, – E.Rolands bildirib.

banner

Onun sözlərinə görə, layihənin 40%-dən çoxu icra olunub.

Daha əvvəl “ACWA Power” şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru Abid Malik, “Xızı-Abşeron” külək elektrik stansiyasının ilk mərhələsinin istismara verilməsinin 2025-ci ilin ikinci rübündə baş tutacağını və bu KES-in ümumilikdə 37 külək turbinini əhatə edəcəyini bildirib.

Stansiya hər il 893 giqavatt-saat (GVt/s) təmiz elektrik enerjisi istehsal edəcək və karbon emissiyalarını ildə 400 000 tondan çox azaltmağa imkan verəcək. O, 25 il ərzində “tikinti-mülkiyyət-istismar” (BOO – Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və istismar və texniki xidmət “ACWA Power” tərəfindən təmin ediləcək.

Digər əməkdaşlıq imkanlarına toxunan E.Rolands Azərbaycanın, xüsusən də SOCAR-la “yaşıl” hidrogen sahəsində əməkdaşlığın öyrənildiyini qeyd edib.

“Yaşıl hidrogenin istehsalı və ixracı məsələsi araşdırılır. Belə layihələr böyük maliyyə yatırımı tələb edir və bütün detalları dəqiqləşdirmək lazımdır”, – “ACWA Power”in nümayəndəsi bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice