Əsas səhifə » Norveç gəncləri hədəf alan qeyri-sağlam qida reklamlarını qadağan edir

Norveç gəncləri hədəf alan qeyri-sağlam qida reklamlarını qadağan edir

Yamin Savalanli

BakıAzerVoice

Norveç uşaqlar və yeniyetmələri hədəf alan qeyri-sağlam qida bazarına Avropada ən geniş qadağalardan birini tətbiq etməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, Norveçin qeyri-sağlam qidaların reklamını qadağan etmək təklifi Böyük Britaniyadakı qaydalar qədər sərt olmasa də, digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər radikaldır.

Norveç İngiltərədə və digər ölkələrdə kiçik miqyaslı təşəbbüslərdən sonra uşaqlar və yeniyetmələri hədəf alan qeyri-sağlam qida bazarına Avropada ən geniş qadağalardan birini tətbiq etməyə hazırlaşır. Amma bunun hansı həddə qədər gedəcəyi yaxın həftələrdə müəyyənləşəcək.

banner

Qeyd edək ki, Skandinaviya ölkələrindəki qida istehsalçıları və təchizatçıları 2013-cü ildən bəri 13 yaşından kiçik uşaqlar üçün bu cür reklamları könüllü olaraq məhdudlaşdırıblar, lakin yeni plan bunu məcburi hala gətirəcək.

Qayda şirniyyat, dondurma və qazlı içkilər kimi zərərli qidaların (abur-cubur) reklamını tamamilə qadağan edəcək. Qatıq və yüksək şəkərli səhər yeməkləri kimi digər qida kateqoriyalarındaki ən zərərli məhsulları müəyyən etmək üçün “qida normaları” hazırlanacaq. Həmçinin qanun pozuntularına görə böyük cərimələr tətbiq oluacaqdır.

Plan həmçinin istehlakçıları müdafiə edənləri sevindirəcək, Norveçin qida və içki sənayesini təəccübləndirəcək şəkildə qadağanın yaş həddini 18-ə qaldıracaq. Norveç hökumətinin uşaqların sağlamlığını dəstəkləmək və sosial bərabərsizlikləri azaltmaq üçün çıxış yolu kimi təklif etdiyi bu qayda haqqında fikir bildirmək üçün ictimaiyyətin noyabrın sonuna qədər vaxtı var.

Səhiyyə nazirinin müavini Usman Ahmad Mushtaq deyib ki, “qeyri-sağlam qida və içkilər ümumilikdə cəmiyyətdəki xəstəliklərin böyük hissəsini təşkil edir”.

“Qadağa qeyri-sağlam seçim etmələri ilə bağlı həm valideynlərin, həm də gənclərin üzərlərində hiss etdikləri təzyiqin azaldılması məqsədi daşıyır”,-deyə o əlavə etdi.

Uşaqlıqda piylənmə daha sonrakı dövrlərdə müxtəlif sağlamlıq problemləri, o cümlədən ürək xəstəliyi, tip 2 diabet, xroniki qaraciyər xəstəliyi, oynaq ağrıları və doğurqanlığın azalması ilə əlaqələndirilir.

Norveçli uşaqlar 15-21 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir, halbuki Avropada və Mərkəzi Asiyanın bəzi bölgələrində bu nisbət təxminən 30 faizdir.

Onu da əlavə edək ki, çox az ölkə uşaqlar üçün lazımsız qidaların reklamını məhdudlaşdırıb. Buna görə də, reklamların uşalıqda piylənmənin qarşısını aldığına dair hələki əlimizdə çox ciddi dəlillər yoxdur. Lakin araşdırmalar göstərir ki, qeyri-sağlam qida marketinq strategiyası insanların seçimlərinə, satınalmalarına və yemək vərdişlərinə təsir edir, həmçinin pis qidalanma və çəki ilə bağlı problemlərə səbəb olur.

Həmçinin, iyirmiyə yaxın şirkət Avropa İttifaqında (Aİ) 13 yaşdan kiçik uşaqlar üçün qidalanma standartlarına cavab verməyən qidaların reklamını etməməyi qəbul edib və buna “Aİ öhdəliyi” adını veriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə 2010-cu ildə sağlam qidalanmaqla bağlı tövsiyyələr paylaşdı. Alkoqol, yüksək miqdarda duz, şəkər, yağ ehtiva edən qidaların reklamını məhdudlaşdırmaq üçün fərqli tədbirlər görülməsini irəli sürdü.

Müştaq bildirib ki, bu sahə ilə bağlı qanun pozuntularına görə cərimələr şirkətin illik gəlirinin 4 faizi qədər ola bilər. Potensial pozuntulara necə nəzarət ediləcəyi və şirkətlərin cərimə olunmazdan əvvəl güzəşt müddətinin olub-olmayacağı hələlik bəlli deyil.

Digər Kateqoriyalar

2023 © AzerVoice