Bakı. AzerVoice:
Moskva Ermənistanın Roma statutuna qoşulması ilə əlaqədar olaraq, İrəvandan təminat almalıdır.
AzerVoice xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz artıq demişik ki, şübhəsiz, Ermənistanın bu beynəlxalq statuta qoşulması ilə əlaqədar yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Əlbəttə, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir, bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir və biz buna köklənmişik”, – Kreml nümayəndəsi deyib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu səs çoxluğu ilə ratifikasiya edib. Belə ki, 60 deputat statutun ratifikasiyasının lehinə səs verib. Müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 20 deputat statutun ratifikasiyasının əleyhinə səs veriblər.
Qeyd edək ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Beləliklə, Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.