Əsas səhifə » Lapis Lazuli dəhlizi Azərbaycanın tranzit potensialını artırmağa kömək olacaq 

Lapis Lazuli dəhlizi Azərbaycanın tranzit potensialını artırmağa kömək olacaq 

Naile Babazade

Bakı, AzerVoice

“Lapis Lazuli” dəhlizi ölkəmiz üçün önəmlidir.

Bunu AzerVoice-ə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz nəqliyyat infrastrukturunu qurub və bu istiqamətdə işlər genişləndirilir:

banner

“Hazır infrastruktur olandan sonra əgər Qazaxıstandan, Çindən və digər istiqamətlərdən gələn yükdaşımalar Azərbaycandan keçirsə, Azərbaycanın Bakı-Tbilisi-Qars Beynəlxalq Ticarət Limanı varsa və digər infrastrukturlar yerinədədirsə, o zaman niyə də Əfqanıstandan gələn yüklər Azərbaycan üzərindən nəql edilməsin?! Bu məsələdə Azərbaycan da Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda birmənalı olaraq maraqlıdır.

“Lapis Lazuli” dəhlizi Əfqanıstanın hazırkı vəziyyətində mövcud coğrafiyada baş verən proseslərdən dolayı ən optimal beynəlxalq aləmə çıxış dəhlizi kimi qiymətləndirilə bilər.

Bu istiqamətdə tranzit və nəqliyyat sisteminin yaradılması ideyası 2012-ci ildə meydana gəlib.

Amma həm regionda baş verən bir sıra problemlər, o cümlədən,təhlükəsizlik məsələləri, Mərkəzi Asiyada iqtisadi qeyri-sabitlik, eyni zamanda, zəif inkişaf etmiş infrastruktur şəbəkəsinin təsiri ilə məhz 2012-ci ildə yaranan bu ideya 5 il reallaşdırıla bilmədi.

2016-cı ilə qədər işçi qruplar səviyyəsində dörd görüş keçirildi. Yalnız 2016-cı ilin noyabrında məhz Bakıda keçirilən 4-cü texniki görüşdə sazişin ilkin mətni hazırlandı.

2017-ci ildə isə artıq Aşqabadda keçirilən 7-ci Regional İqtisadi Əməkdaşlıq Konfransı adlanan görüşdə çərçivə sənədi imzalandı. Bu sənədə əsasən, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sərfəli tranzit və gömrük şərtlərinin bərqərar olması ilə bağlı bu dəhlizin rəsmi yaranmasına dair sənəd imzalandı. Dəhlizin açılışı isə 2018-ci ilin 13 dekabrında Əfqanıstanın qərbindəki Herat əyalətində olub.

2020-ci ildə pandemiya səbəbindən onlayn konfrans keçirilib. 2021-ci ildə isə Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında yenidən videokonfrans vasitəsilə təkrar olaraq “Lapis-Lazuli” dəhlizi üzrə əməkdaşlığın yol xəritəsi təsdiq olunub.

Bu dəhliz Əfqanıstan və Türkmənistan üçün Azərbaycandan daha çox vacibdir. Buna görə də bu dəhlizlə bağlı Azərbaycanın onlardan nə isə xahiş etməsi deyil, onların Azərbaycana müraciət etməsi nəticəsində bu formalaşıb”, – o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu marşrut Mərkəzi Asiya ölkələri kimi, Əfqanıstanın da dünya və Avropa bazarına qısa çıxışını təmin edir.

“Marşrut Azərbaycan üzərindən keçən digər marşrutlar kimi əhəmiyyətə sahibdir. Bu marşrut Azərbaycanın tranzit potensialını artırmağa kömək olacaq. Düşünürəm ki, Xəzər regionunda multimodal daşımaların əhəmiyyəti hər keçən gün artmaqdadır və birbaşa dənizlərə çıxışı olmayan ölkələr üçün məhz Cənubi Qafqazdan qısa çıxış təmin olunur. Bu çıxışın da əsas əhəmiyyəti ondadır ki, bu ilə qədər görülmüş işlər öz nəticəsini göstərir və hazırda şaxələndirmə yönündə də görülən işləri bu işin məntiqi davamı kimi qiymətləndirə bilərik”, – deyə o qeyd edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice