Əsas səhifə » İsrailin Livanda könüllülərə hücumu qəbuledilməzdir – Qızıl Xaç

İsrailin Livanda könüllülərə hücumu qəbuledilməzdir – Qızıl Xaç

Narmin Ağayeva

Bakı, AzerVoice

İsrailin Livanın cənubuna hücumları sonrasında köməyə gələn Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətinin təcili yardım maşınları vurularaq, könüllüləri yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Caqan Çapaqain öz sosial media hesabında məlumat verib.

O, bu hadisəni “qəbuledilməz” adlandıraraq, Livan Qızıl Xaç Cəmiyyətinin təcili yardım maşınlarının vurulmasına və könüllülərin yaralanmasına diqqət çəkib.

Çapaqain, beynəlxalq humanitar hüquq çərçivəsində Qızıl Xaç embleminə hörmət edilməsinin vacibliyini vurğulayıb.

banner

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən bəri Hizbullahla nəzarətli toqquşmalar yaşayan İsrail ordusu, sentyabrın 23-də Livanın cənub şəhərlərinə, eləcə də Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu tarixdən etibarən 104-ü uşaq və 194-ü qadın olmaqla, ümumilikdə 2306 nəfər həyatını itirib və 10698 nəfər yaralanıb.

Onu da qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullahın sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülməsi də ciddi regional gərginliyə səbəb olub. Hizbullah İsrailə qarşı raket hücumları ilə cavab verərək əsasən İsrailin hərbi bazalarını hədəf alıb, lakin bu hücumlar ciddi itkilərə yol açmayıb.

İsrailin Livan ərazisinə davam edən bombardmanları nəticəsində isə təxminən 100 min insan evlərini tərk edib. Livanın cənub bölgələrindən paytaxt Beyruta və şimala doğru köçlər davam edir. Livan hökumətinin məlumatına görə isə, 430 mindən çox insan Suriyaya sığınmağa məcbur qalıb. Bu hadisələr regionda humanitar böhranı daha da dərinləşdirir.

Digər Kateqoriyalar

2023 © AzerVoice