Əsas səhifə » İsrail həbsxanalarında 36 Fələstinli işgəncədən vəfat edib

İsrail həbsxanalarında 36 Fələstinli işgəncədən vəfat edib

Yamin Savalanli

Bakı, VOA

Fələstin hökumətinin Qəzzada Əsir və Azad Edilən Şəxslər Nazirliyi 2023-cü il oktyabrın 7-dən İsrail tərəfindən Qəzza zolağında nəzarətdə saxlanılan fələstinlilərdən 36-nın işgəncə altında öldüyünü açıqlayıb.

VOA xəbər verir ki, Nazirliyin İsrail tərəfindən nəzarətə alınan fələstinlilərlə bağlı verdiyi yazılı açıqlama Qəzza hökumətinin Media Ofisi tərəfindən elan edilib.

Açıqlamada, İsrail tərəfindən nəzarətə alınan qəzzalılardan 36-nın işgəncə altında öldüyü qeyd edilib.

İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana həbsdə olan ümumilikdə 54 fələstinlinin həyatını itirdiyi bildirilib.

banner

Bəyanatda həbs edilən fələstinlilərə qarşı dəfələrlə əl-ayaqlarını çarpaz bağlamaq, uzun müddət gözlərini bağlı saxlamaq, elektrik cərəyanı ilə öldürmək, sistematik ac saxlamaq, zəncirlə asmaq, bədənlərini iti alətlə deşmək kimi müxtəlif işgəncələrin həyata keçirildiyi bildirilib.

Həmçinin, həbs edilən fələstinlilərin tibbi yardımdan məhrum edildiyi, vəhşi itlərin məhbusların üzərinə buraxıldığı bildirilib.

BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths, Qəzzada əhalinin yarısının, yəni 1 milyondan çox insanın iyulun ortalarında ölüm və aclıqla üzləşəcəyini ehtimal etdiyini bildirib.

Qriffits Sudan və Qəzzada qarşıdurmaların nəzarətdən çıxdığını, milyonlarla insanı aclıq həddinə çatdırdığını bildirib.

Həmas dünənki bəyanatında Qəzzada 3500 uşağın qida çatışmazlığı, qida əlavələri və peyvənd çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşdiyini qeyd edib.

Açıqlamada, İsrailin hücumları səbəbindən humanitar yardımın əlçatmazlığı nəticəsində indiyədək ən azı 40 uşağın aclıqdan öldüyü bildirilib.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 258 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 “qətliam” həyata keçirdiyi və bu hücumlarda daha 35 fələstinlinin həyatını itirdiyi, 130 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 431-ə, yaralıların sayı isə 85 min 653-ə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin qaldığı, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi qeyd olunub.

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice