Əsas səhifə » İslamda vergi və sədəqə anlayışı

İslamda vergi və sədəqə anlayışı

Hafiz Rufizoglu

Bakı,VOA

İslam cəmiyyəti hamıya bərabər hüquqların verilmə idealını reallaşdırmağa digər bütün mədəniyyətlərdən daha çox yaxınlaşmışdır. Həzrət peyğəmbər dövründən etibarən hər bir fərdin ehtiyacları eyni dərəcədə əhəmiyyətli idi. Müsəlmanlarda başqalarında mövcud olmayan və ya özünü az göstərən xüsusiyyətlər var idi. Ətraflarındakı insanlarla maraqlanır və səxavətlə ianə verirdilər. Kasıblara zəkatın məcburi olaraq ödənməsi həssaslıqla tətbiq olunmuşdu. Könüllülük əsasında yerinə yetirilən müxtəlif adlarda yardımlaşmalar da mövcud idi.

Ramazan ayında və Həccin sonuna doğru yerinə yetirilən ianələr (fitrə) də əsas hesab olunurdu. Bu yardımlar möhtaclar, səfərdə olanlar, alimlər və borcu olanlara verilirdi. Eyni cəmiyyətdə yaşayan hər kəs inancından asılı olmayaraq bu ianələrdən istifadə edə bilirdi.

Qəzzali müsəlman xeyriyyəçiliyinin misilsiz bir xüsu- siyyətini vurğulayır. Bir müsəlman kasıb bir müsəlman qardaşına “o istəməsə də” və “onun istəməsini gözləmədən” yardım etməlidir. Əgər kasıb müsəlman “kömək istəyəcək vəziyyətə düşərsə”, bu cəmiyyətin nizamının dərindən sarsıldığının göstəricisidir.

banner

Müsəlman bir cəmiyyətdə yaşayan sağlam qeyri-müsəlman kişilər isə cizyə vergisi ödəmək mükəlləfiyyəti daşıyırdılar. Çünki qeyri-müsəlman kişilər hərbi mükəlləfiyyət daşımırdılar. Əgər hərbidə könüllü şəkildə iştirak edirdilərsə, cizyədən azad idilər.

Bu vergi qeyri-müsəlmanları “qorumaq” üçün istifadə olunurdu. İslam tarixinin ilk illərində müsəlmanlar bu xidməti yerinə yetirə bilmədikləri zaman cizyə verən qeyri-müsəlmanlara ödədikləri vergini geri qaytarırdılar. Məsələn, müsəlmanlar öz şəhərlərindən geri çəkilmək məcburiyyətində qaldıqları zaman orduya rəhbərlik edən sərkərdə cəmiyyətin ödədiyi bütün cizyə vergisini şəhərin xristian liderinə qaytarmışdı.

Bizansın İskəndəriyyədə talan etdiyi qoptlar müdafiəsiz qaldıqları üçün şikayət etmiş və həmin vaxt müsəlman sərkərdə onlara dəyən ziyana görə təzminat vermişdir.

Orta Şərqin məşhur qonaqpərvərlik təsəvvürü bir yolçunu gülərüzlə qarşılayıb ona yemək və qalmaq üçün yer vermək şəklində təzahür etmişdir. Bu qonaq qatil və yaxud günahkar olsa da, qorunurdu. Bədəvi bir qadın olan Füqeyhə çadırına sığınan bir yolkəsəni həyatı bahasına qorumuşdu. İkinci xəlifə həzrət Ömər şəkəri çox sevdiyi üçün yoxsullara da şəkər hədiyyə edirdi.

Peyğəmbərimiz buyurur ki, “Gülərüz olmaq sədəqədir, bir insanı yaxşılıq etməyə təşviq etmək sədəqədir, qadağan olunmuş bir əməli qadağan etmək sədəqədir, azmış birisinə yol göstərmək sədəqədir, kor bir insana kömək etmək sədəqədir”.

Yolda gördüyünüz bir daşı götürüb kənara qoymaq da sədəqədir. Susamış insana su vermək isə ən çox mədh olunan xeyir əməllərdən biridir. Həzrət peyğəmbər möminlərin döyüş əsnasında müsəlmanların ordugahına gəlib su istəyən düşmənlərə hücum etmələrinə mane olmuşdur. Peyğəmbərin bu əməli humanist münasibətin çox nadir və çox dəyərli nümunəsidir.

İslamda sədəqə anlayışının bəlkə də ən mühüm və misilsiz tərəfi məişətini təmin etmə imkanı olmayanlara verilməsidir. Həyatlarını inanclarına həsr edənlər, elm yolunda olanlar, başqalarına kömək etməyə cəhd göstərənlər və fiziki məhdudiyyətli olanlar da bura daxildir. Bu qaydalar alimlərə maliyyə dəstəyi təmin edən (daha sonra dövlət olacaq) bir cəmiyyətin başlanğıcı idi.

İslam tarixinin səhifələri bu dinin bərabərlik xüsusiyyətini təsdiqləməkdədir. Qulların ağa, hətta bəzən bütün dünyanın hökmdarı olduğuna dair nümunələr çoxdur. Növbəti səhifələrdə bəhs edəcəyimiz kimi, məşhur alim və elm adamları arasında sıravi ailələrdən çıxmış çox sayda şəxslər vardır.

İlk müsəlman cəmiyyətində heyvanlara qarşı münasi- bətdə də xüsusi bir yanaşma var idi. Qurana görə, bütün heyvanlar, quşlar insan kimi bir varlıqdır; …Sizin kimi bir topluluqdur… Heyvanların da öldükdən sonra bir həyatı olduğu bildirilir; …Onlar sonra Rəbblərinə toplanacaqlar.

Zəməxşəri bu ayəni heyvanların axirətdə dünyada ikən onları sevən insanlarla birlikdə yaşayacaqları şəklində təfsir edir. Quranın sonlarına doğru heyvanlarla əlaqəli başqa bir ayə də keçir. Razi qiyamət günü vəhşi heyvanlar bir yerə toplanıldığı zaman heyvanların onlara qarşı pislik edən insanlardan haqlarını almaq üçün Allahın hüzuruna çıxacağını bildirir.

Peyğəmbərimiz məsciddəki pişiyi və balalarını bayıra çıxarmaq istəyən camaata mane olmuş, hətta pişiyin yanında namaz qıldırmışdır. Başqa yollarla da heyvanlara olan yaxın münasibətini və onların rahat yaşayıb yaşamadığı haqqındakı narahatlığını göstərmişdir. Bir səfərdə namaz qılmaq üzrə olan camaatı dayandıraraq yeni gələn yolçuların dəvələrinə su və yem vermələrini gözləmişdir. Bir digər zaman isə dəvənin üstündə insanlara moizə oxuyan bir adama işarə edərək heyvancığazın kürsü olmadığını söyləmişdir.

Bir neçə nəfərin bir quş yuvasından quş balalarını götürməsinə də çox hirslənmişdir. Heyvanlara qarşı mərhəmətli və kübar rəftar edən bir qadını mədh edərək “Heyvana yaxşılıq etməyin savabı vardır”, – demişdir.

İslam insanların bütün canlılara hörmət və qayğı ilə ya- naşmasını istəyir. R.V.K. Bodli Şərqi Asiyadakı bir müsəl- man ölkəsində səyahətdə olduğu zaman şahid olduğu bir hadisəni nəql edir. Bir küçədən keçərkən cənazə daşıyan insanlar adət üzrə tabutu bir neçə addım daşıdıqdan sonra başqalarına ötürürmüş. Həmin əsnada oradan keçən sürücülü və dəbdəbəli bir avtomobil dayanmış, içindən bir iş adamı enib bir neçə addım tabutu daşımış və avto- mobilinə qayıdaraq öz yoluna davam etmişdir. Bodli cə- nazəni tanımayan iş adamının bu hərəkətindən çox təsirlənmişdir.

Əslində, yoldan keçən insanların cənazəni daşımasına heç bir ehtiyac yoxdur. Tabutu çiyninə almaq öz-özlüyündə savab sayılır. Bəlkə də savab qazanma düşüncəsi yoldan keçənlərin və yaxud iş adamının heç ağlına da gəlməmişdir. Bu, hər bir müsəlmanın daxilindən gələn bir hərəkət və əməldir. Hər hansı bir müsəlman cənazəsi olması kifayətdir, qalanı mühüm deyil.

Digər Kateqoriyalar

2023 © AzerVoice