Bakı,Azervoice
Həm islamaqədərki dövrdə, həm də ərəb İslam xilafəti dövründə bir çox qadın şeir yazmışdır. İlk əməvi xəlifəsi Müaviyənin sarayında bir kraliça olsa da, səhraya olan həsrətini ifadə edən bir şeir yazmışdır və xəlifə onun arzusunu yerinə yetirmişdir.
Şeirləri ilə məşhur olan, geniş kütlələrin tanıdığı və müasir dövrdə də oxunan qadın şairlər vardır. Hənsə xatun islamaqədərki və İslam dövrü ədəbiyyatı arasında bir körpü rolunu oynamış, “ən böyük ərəb qadın şairlərindən biri” ünvanına layiq görülmüşdür. Ən məşhur və ən çox oxunan şeiri bir döyüşdə öldürülən qardaşı üçün yazdığı mərsiyədir. Bu şeirin dili zəngin və təsirlidir. Hənsə xatun “hər kəsə kömək etməyi ürəkdən istəyən” qardaşının səxavəti və şərəfli ölümündən bəhs edir. Məkkə yaxınlığında ənənəvi olaraq tərtib edilən bir yarmarkada mərsiyəsini oxuduğu zaman dövrün ən məşhur şairlərin- dən Nabiğə onu və şeirini çox mədh etmişdir. İslamın yaranması ilə birlikdə müsəlmanlığı seçmişdir.
Əməvilər dövründə iki mühüm qadın şair də yaşamışdır: Hümeydə və Leyla Əhləliyyə.Hümeydə Müaviyənin Kufə valisi Numan ibn Bəşirin qızıdır. Öz nikahını cins bir qısrağın bir qatırla birləşməsinə bənzədən təsiredici şeiri ilə məşhurdur. Leyla əl-Əhləliyyə ondan daha məşhur olmuşdur. Poeziya antologiyalarında şeirləri və həyatı haqqında geniş məlumat verilmişdir. Xəlifə Əbdül- məlikin saray məclislərində iştirak edirdi. Ən məşhur şeiri bir döyüşdə ölən, aşiq olduğu şair Tövbə ibn Hümeyyirə yazdığı mərsiyədir. Atası onu pis bir adama zorla ərə versə də, həyatının sonuna kimi Hümeyyiri sevməyə davam etmişdir.
Abbasilər dövründə daha çox qadın şair yetişmişdir. Bir xəlifə ilə qadın şairin bədahətən şeir yarışına girməsi mötəbər bir hadisəyə çevrilmişdir. Xəlifə ilk iki beyti söyləyər və qadın şairin şeirin ardını deməsini gözləyərdi. Şeirin mövzusu, semantikası, tarixi əhəmiyyəti, forma və məzmunu, yumorlu cavab qabiliyyəti, qafiyə nizamı və simvolik dil…
Bütün poetik xüsusiyyətlər maraq doğururdu və bir növ savaşda istifadə olunacaq silahlar idi. Lakin şeir-deyişmə qalibi olmayan, hər iki iştirakçının da şərəfləndiyi estetik hadisə idi. Bu, Abbasilər xilafətinin elmi və mədəni həyatına uyğun bir ənənə idi.
Bu şəkildə yaranan şeirlərin bəziləri tarixi əhəmiyyətə malikdir. Sarayda və saraydan kənar qeyri-adi yaradıcılıqları ilə ədəbiyyat dünyasına girən və şeirləri müasir dövrə gəlib çatmış qadın şairlərin sayı çox azdır. Ən məşhur qadın şairlər Leyla, Məhbub, Fəzl və Vəlladə ibn Müstəkfidir. Leyla hərb və ədəbiyyat sahəsində olan istedadına görə müstəsna qadındır. Qardaşı Vəlid ibn Tərif bir döyüşdə öldürülmüşdür. Leyla qardaşının ölümündən sonra onun yerinə keçmiş, iki dəfə müharibəyə çıxmış, lakin daha sonra qəbiləsinin təzyiqləri nəticəsində vəzifəsindən əl çəkmişdir. Qardaşı Vəlidə forma və məzmun baxımından yeni bir mədhiyyə yazmışdır. Bu şeir “imperiyanın süqutunu bədəvi ənənəsinə uyğun bir şəkildə təsvir edir”.Şeirində öz xalqına israrla “fəlakətin üstünə çıxıb yüksəlin” demiş və “böyük” düşmənlərin ölümünü əvvəlcədən hiss etmişdir.
Fəzl və Məhbubə xəlifə Mütəvəkkilin himayəsində yaşamışdır. Fəzl Bağdadda şeir aşiqi, azad ruhlu bir qadın idi. İranlı şair Səid ibn Hamidə olan məhəbbəti ilə tanınır. İkisi də bir-birinə şeirlər yazmışdır. Fəzlin diqqətəlayiq şeirlərindən biri ölüm döşəyindəki Səidə olan həsrətini ifadə edir. Məhbubə isə şeir və musiqini birləşdirmiş, mahnılar bəstələmişdir. O, mahnılarını sarayda və Bağdadın müxtəlif bölgələrində ifa etmişdir. Nəcibullah onun faciəvi həyatını əsərində qeyd etmişdir. Xəlifəyə aşiq olan Məhbubə onun ölümündən o qədər kədərlənmişdir ki, həyatı boyunca yasını tutmağa davam etmişdir. Bu eşq yeni xəlifəni qəzəbləndirmiş, Məhbubəni türk bir idarəçi ilə evləndirmişdir. Şairin şəhərdən qaçacağını başa düşən türk idarəçi onu azad etmişdir. Məhbubə gizli şəkildə Bağdada geri qayıtmış və burada “tamam məchul” bir şəkildə vəfat etmişdir.