Bakı,AzerVoice
Müasir dövrdə də olduğu kimi, o vaxt da məscid müsəl- man dünyasında mərkəzi xarakter daşıyan ibadətgah sayılırdı. Məscidin quruluşu sadə idi; üzü Məkkə istiqamətində tikilir, içində bir neçə pillədən ibarət kiçik bir kürsü (minbər) olurdu. Minbərə paralel imamın namaz qıldırığı bir divar oyuğu (mehrab) yerləşirdi. Məscidin geri qalan hissəsi isə ibadət və başqa məqsədlərlə toplaşanlar üçün ayrılmış ya üstüörtülü bir sahə, ya da böyük bir həyət idi. Binanın quruluşuna daha sonra qübbə və müəzzinin möminləri namaza çağırdığı minarə əlavə olunmuşdur.
Məscid ilk müsəlman cəmiyyətinin yaranmasından etibarən yalnız ibadət edilən məkan deyildi, həm də qonaqpərvərlikdə əhəmiyyətli rol oynayırdı. Ən əsası da İslam mədəniyyətini qurmaq üçün tədris mərkəzi idi. Məscid səfərdə olanların ilk dayanacağı idi. Müsəlmanlar səfərdə olan bir nəfərə rast gəldikləri zaman onu yeməyə qonaq edir və əgər oxuyub-yazan biri idisə ondan insanlara dərs keçməsini istəyirdilər. Bir çox müsəlman aliminin insanlara dərs demək üçün bir şəhərdə aylar, hətta, illərlə qalması hallarına rast gəlinirdi.
Məscidlər əsrlər boyu geniş mənada bir tədris qurumu olmuşdur. Uşaqlar üçün siniflər, yeniyetmələr üçün məktəblər və universitet tələbələri üçün konfranslar təşkil edilirdi. Məscid həm də bir universitet idi. Bunun ən məşhur nümunəsi dünyanın min ildən çox fasiləsiz fəaliyyət göstərən yeganə universiteti Qahirədəki əl-Əzhərdir. Əzhər hələ də ən əhəmiyyətli İslam tədris qurumlarından biri kimi fəaliyyətini davam etdirir.
Məscid ilk müsəlman cəmiyyətində dövlət idarəsinin də mərkəzi idi. İslamda dövlət idarəsi cəmiyyətin üzvlərinin fikir birliyi (Şura) əsası üzərinə qurulmuşdu. Peyğəbərə də “müşavirə” etməsi tövsiyə olunmuşdu. Hər zaman şuranın ümdə vəzifəsi və məqsədi bütün cəmiyyətin mənfəətinə uyğun qərar vermək idi. Müəyyən bir şəxsin, qrupun və yaxud bir neçə insanın mənfəəti əsla diqqətə alınmamış, heç kimə xüsusi imtiyaz verilməmişdi.