Əsas səhifə » İslamda bərabərlik anlayışı

İslamda bərabərlik anlayışı

Azer Voice

Bakı,AzerVoice

Həzrət Məhəmməd mütəvazi, nəzakətli, mərhəmətli xarakteri və başqalarının hislərinə qarşı həssas olmaq kimi xüsusiyyətləri nöqteyi-nəzərindən öz dövrünün digər liderlərinə bənzəmirdi. Quran bir çox ayədə onun “fani bir insan” və yalnız bir “elçi” olduğunu dəfələrlə vurğulayır.
Həyat yoldaşı Aişə onun öz evində adi, hər hansı sadə bir insan kimi davrandığını söyləyir. Öz xidmətçiləri də daxil olmaqla hamıya kömək edir, alış-verişə gedir, evini təmizləyir, başmaqlarını və paltarını tikir, dəvələrə su verirdi.

Mədinədə ictimai həyatda aktiv iştirak edir, şəhərin insanları ilə birlikdə çalışır və yemək yeyirdi. Hətta ilk məscidin tikintisində digər müsəlmanlarla birlikdə işləmişdi. Mədinəni hücumlardan qorumaq üçün xəndək qazıntısında peyğəmbər də iştirak etmişdi.

İslamın insana verdiyi yüksək səviyyəli dəyər hər kəsə məlumdur və həzrət Məhəmməd hansı səbəblə olursa olsun, irqçiliyin bizim inancımızda yeri olmadığını israrla vurğulamışdır. Rənglərindən asılı olmayaraq bütün insanlar bərabər hüquqa sahib olmuşdur. Afrikadan Bilal, İrandan Salman…

Quran hacıların “dünyanın ən ucqar bölgələrindən” Məkkəyə həcc üçün gəlmələrini buyurmuşdur. Bu ayə kiçik müsəlman cəmiyyətinin yeni qurulduğu və hər yerdə onları məhv etmək istəyənlərin mövcud olduğu bir dövrdə nazil olmuşdur.
Həzrət peyğəmbər “Vida xütbəsi”ndə İslamda irqi ayrıseçkiliyə yer olmadığını vurğulayır.
“Necə ki ərəbin qeyri-ərəbdən, qeyri-ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur, eləcə də qızıl dərilinin qaradərili üzərində, qaradərilinin də qızıldərili üzərində heç bir üstünlüyü yoxdur”. Petersə görə peyğəmbərin bu fikirləri “İslamın Şərqdəki qədim feodal qayda-qanunlarını yerlə bir edən bərabərlikçi xüsusiyyəti”dir.
Çünki İslam bu xüsusiyyəti ilə hökm sürdüyü hər yerdə bərabərlik üzərinə qurulmuş bir cəmiyyət yaratmışdır. “Bu dərin və güclü bərabərlik şüuru İslam ruhunun səciyyəvi xüsusiyyəti olmuş, onun dini, siyasi, hətta incəsənət və ədəbiyyat ənənəsini formalaşdırmışdır”.

banner

İslam qadınların da cəmiyyətdəki rolunu və yerini müsbətə doğru dəyişdirmişdir. Qadınlara çox pis münasi- bət bəslənildiyi bir dövrdə İslamın hədsiz dərəcədə diqqət və qayğısı inqilabi bir inkişafın göstəricisi idi. Ərəbistanda qadına qarşı amansız münasibət hökm sürürdü. O dövrdə qız övladı üz qaralığı hesab edilir və yeni doğulmuş qızlar ataları tərəfindən diri-diri basdırılırdı. İnfantisid (yeni doğulan uşağı qəsdən öldürmə; körpə qatilliyi) İslamda qəti şəkildə qadağan edilmişdir.

Peyğəmbərimiz qadınların öz ərlərinin “vəsayət”i altında olmadıqlarını açıq şəkildə ifadə etmişdir. Qadınların qızlıq soyadını ərə getdikdən sonra da istifadə etmələri geniş yayılmış bir ənənə idi. Əsl böyük və inqilabi dəyişiklik isə kişilərin saysız-hesabsız qadına sahib olmaq istəklərinə sərhəd çəkilməsidir. Hətta Quranın “Nisa” surəsinin üçüncü ayəsində evliliyin ən ideal formasının bir qadınla evlənmə olduğu tövsiyə edilmişdir. Qadınlara həmin dövr üçün nadir hadisə olan boşama, nəfəqə və uşaqları üçün kömək alma hüquqları verilmişdir.

İslam başqa bir cəhətdən də inkişaf etmişdi. Qadınlar mülkiyyət və var-dövlət sahibi olma və onlara istədikləri kimi nəzarət etmə hüququna da sahib idilər. Xocsonun da qeyd etdiyi kimi, heç bir halda bir kişi həyat yoldaşının puluna müdaxilə etmə hüququna sahib deyildi, əksinə, ona və övladlarına baxmaq və bunları öz qazancı ilə yerinə yetirmək məsuliyyətini daşıyırdı. Qadınlar ərlərindən aldıqları cehizin xüsusi mülkiyyəti də daxil olmaqla mirasa varis olma hüququ da qazanmışdılar.
1882-ci ildə həyata keçirilən “Qadınların Mülkiyyəti Hərəkatı”na qədər İngiltərədə qadınların miras hüququ yox idi. Həzrət peyğəmbər “Vida xütbəsi”ndə bunu qısa şəkildə qeyd etmişdir: “Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərində haqları vardır”.
Peyğəmbərin qızı Fatimə və həyat yoldaşı Aişə bəlağətli danışıq qabiliyyətinə görə məşhur idilər. Fatimə, Aişə, peyğəmbərin yəhudi həyat yoldaşı Səfiyə və qız nəvəsi Zeynəb və Sükeynə siyasətdə iştirak etmiş və ilk müsəlman cəmiyyətinin problemlərinin həllində böyük köməklik göstərmişdilər.
Qadınlar İslam dünyasında yalnız dövlət işlərində iştirak etməklə kifayətlənməmiş, sultan olaraq ölkə də idarə etmişdilər. Məşhur xeyriyyəçilər arasında adı əfsanəyə çevrilmiş çox sayda müsəlman qadın var. Poeziya gecələrində kişi şairlərlə yarışan müsəlman qadın şairlər də var idi. Həmin qadınlar arasında incəsənət xadimləri, xəttatlar və musiqiçilərlə yanaşı, müəllimlər, həkimlər də var idi.

Digər Kateqoriyalar

2023 © AzerVoice