Əsas səhifə » İslamda əkinçilik və texnologiya

İslamda əkinçilik və texnologiya

Azer Voice

Bakı,AzerVoice

Əkinçilik müsəlmanlar üçün həm ticarətdə, həm də İslam dünyasının iqtisadi və mədəni inkişafında əsas faktorlardan biri olmuşdur. Ərəb torpaqlarının qupquru və xalqlarının da əkinçilik haqqında çox az məlumata sahib olduğuna dair fikirlər həqiqəti əks etdirmir. Qərb dünyasına uzun müddət bu haqda səhv məlumat verilmişdir. Andrey M. Vatson “Agricultural Innovation in the Early Islamic World” (Erkən İslam dünyasında kənd təsərrüfatı innovasiyası) adlı əsərində həqiqəti dilə gətirir: Müsəlmanlar kənd təsərrüfatı sahəsində yalnız nəzəri biliyə sahib deyildilər, həmçinin mövcud aqrar sənayeni inkişaf etdirmiş və alfalfa kimi yeni məhsulların yayılmasında xüsusi rol oynamışdılar. Vatson bunun səbəblərini sadalayır. Müsəlmanlar “yeniliklərə açıq” idi və “bir şeyi öyrənmə və yayma qabiliyyətinə” malik idilər. Əkinçiliyin məhsuldarlığını artıran və iqtisadiyyatı inkişaf etdirən çox faydalı dəyişikliklər etdilər. Yüksək gəlir gətirən yeni məhsulların kəşfi, torpağın daha məhsuldar istifadəsi, mövcud məhsulların yeni növlərinin istehsalı və suvarma sistemlərinin inkişaf etdirilməsi və s. Ən çox meyvə, tərəvəz, düyü, taxıl, şəkər qamışı, xurma və pambıq istehsalı inkişaf etdirilmişdir.

Yetişdirilən meyvələr arasında portağal, limon, cökə, banan, qarpız və manqo da var idi. Sitrus meyvələri Burmada yetişdirilməyə başlamış və qonşuları Çin, Hindistan və Malaziyada inkişaf etdirilmişdi. Banan və manqo da bu bölgədən, qarpız isə şərqi ekvatorial Afrikadan yayılmışdı. Bəzi sitrus meyvələri yalnız Şərqi Aralıq dənizi bölgəsinə qədər gedib çatmışdı. Müsəlmanlar bu meyvələri başqa ölkələrə – İspaniyanın şərqinə qədər aparmışdılar. Portağalın Amerika qitəsində yetişdirilməsi müsəlman İspaniyası sayəsində olmuşdur. Banan İslamdan əvvəl Misir və Aralıq dənizi bölgəsində tanınırdı. Müsəlmanlar bu meyvəni Qərbə Şimali Afrika və İspaniya vasitəsi ilə tanıtmışdır.

Qarpız Şərq dünyasına islamaqədərki dövrdə, müsəlmanlar onu Qərbə tanıtmadan əvvəl tanış idi. Qarpız becərmə Şərqi Afrikadan Misirə və müqəddəs torpaqlara yayılmış, oradan şərqi Hindistana çatıb indiki böyük və şirin şəklinə qovuşmuşdur. Müsəlmanlar da bu növləti yetişdirir, qurudulmuş qarpız və toxumlarını isə dərman vasitəsi kimi istifadə edirdilər. Daha sonralar təzə meyvə toxumları kimi istifadə edilmiş, Misir, Məğrib və digər müsəlman bölgələrdə yetişdirilmişdir.

banner

Daha az bölgədə becərilən manqo isə, Hindistandan Fars Körfəzi vasitəsilə Omana, oradan Cənubi İraqa və çox sonralar isə Şərqi Afrikaya yayılmışdır.

Müsəlmanlar ispanaq, badımcan və ənginar kimi bitkiləri də əkib-becərirdilər. İspanaq Hindistanın şimal-qərbində qida kimi istifadə edilən zaman Çində də becərilirdi. Onu Qərbə müsəlmanlar gətirmişdi. Badımcan isə əsas vətəni olan Çin və İranda islamaqədərki dövrdə də mövcud idi. Müsəlmanlar onu İrandan Misirə və Şimali Afrikadan İspaniyaya aparmışdılar. Ənginar isə Şimali Afrikadan şərqə və İspaniyaya müsəlmanlar vasitəsilə yayılmışdı.

Müsəlmanlar qida məhsullarının daha geniş ərazilərdə yayılmasına töhfə verdilər. Yaxın Şərq üçün (çox sonralar bütün dünya üçün) mühüm bir taxıl məhsulu olan (möhkəm, makaronluq) bərk buğda, kuskus, buterbrod çörəyi, spagetti və digər makaron məhsullarının hazırlanmasında istifadə olunmuşdur. Həmçinin tarixi mənbələr buğdanı ərəb dünyası ilə əlaqələndirir və müsəlmanların onu Orta Asiya, Efiyopiya, Məğrib və İspaniyaya apardıqlarını qeyd edir. Buğdanın müxtəlif ərazilərdə yeni növləri yaranmışdır. Spagetti və digər makaron növlərinin İtaliyaya müsəlmanlar tərəfindən gətirildiyinə dair güclü dəlillər mövcuddur.190 Vatson XIV əsrə aid bir italyanca yemək kitabında bütün makaron növlərinin “tria” adlandığını qeyd edir. Yenə XIV yüzilliyə aid bir Kataloniya kitabında əriştənin “eletria” adıyla qeyd olunduğunu bildirir. Bu iki kəlimənin də ərəb dilində “ıtriya” sözündən yarandığını bildirən Vatson “ıtriya”nın Yaxın Şərq dillərində uzun bir keçmişinin olduğunu vurğulayır.

Başqa bir qiymətli əkinçilik məhsulu isə çox bəyənilən və darı olaraq da tanınan “sorqo” – süpürgə darısıdır. Sorqo quraq bölgələrdə, qeyri-münbit torpaqlarda yetişir və buna görə digər taxıl bitkilərindən daha ucuz başa gəlirdi. Saplaqları və toxumları böyük baş heyvanlar və ev quşları üçün yem kimi istifadə olunurdu. Bəzi növləri dam örtüsündə, səbət, fırça və süpürgə düzəldilməsində istifadə olunurdu. Sorqonun əsas ölkəsi Şərqi Afrika idi və o dünyaya müsəlmanlarla birlikdə yayıldı. Hətta bu məhsulun Hindistanda yeni bir növünü becərdilər və İslam dünyasının qərb bölgələrinə apardılar. Daha sonra Şərqi Afrikadan Hindistana, oradan da yeni növünü tək- rar Şərqi Afrikaya apardılar.

Digər tərəfdən düyü (ingilis dilindəki “rice” ərəbcədəki “ruzz” sözündən gəlir) bol sulu ərazilərdə becərilir. İslamaqədərki dövrdə şərqi Aralıq dənizi bölgəsinə Çin və Hindistandan gəlmiş, lakin çox yayılmamışdır. İslamın gəlişi ilə geniş yayılan düyü Dəclə və Fərat ətrafındakı ərazilərdə becərilməyə başlanıb müsəlmanların əsas qidalarından birinə çevrilmişdir. Müsəlmanların düyünü Afrikaya da apardıqlarına və Hindistandan okeanla Şərqi Afrikaya daşıdıqlarına dair filoloji dəlillər mövcuddur.

Hindistan qozu və xurma kimi meyvələr də Qərbdə müsəlmanlar vasitəsilə tanıdılmışdır. Hindistan qozu Hindistandan gəlsə də, xurma İslamdan çox əvvəlki dövrlərdə də səhra bölgələrinin əsas qidalarından biri olmuşdur. Müsəlmanlar yüzə yaxın növünün inkişaf etdirilməsi ilə xurma becərilməsinə xüsusi töhfə verdilər. Orta Şərq və Şimali Afrika hələ də xurmaları ilə məşhurdur. Qərbdə yetişən ən yaxşı xurmalardan biri olan Cənubi Kaliforniya xurması Ərəb ölkələrindən gətirilmişdir.

Qərbə müsəlmanlar tərəfindən gətirildiyi isbat edilən əkinçilik məhsullarından biri də şəkərdir. İngilis dilində “sugar” adlandırılan şəkər ərəbcə “sükkar”dan gəlir. İslamın yayılmasından əvvəl şəkərin istifadə sahəsi Şərqi Asiya ilə məhdud idi. Müsəlmanlar şəkərdən xəbərdar olduqdan sonra onun yayılması sürətlənsə də, yalnız (İspaniya və Siciliya daxil olmaqla) müsəlman ölkələrdə becərilirdi. İspaniya və Siciliyada şəkər becərilməsi müsəlmanların həmin ölkələrdən çıxmasından qısa müddət sonra sona çatmışdır.

Təbii ehtiyatlar və akvakultura üsulları

Pambığın mənbəyinin və yayılmasının daha mürəkkəb bir keçmişi var. Kəlimənin özü ərəb dilindən gəlsə də, ilk dəfə harada meydana çıxdığı bilinmir. Botanika alimləri pambığın ilk dəfə Cənubi Afrikanın yuxarı Nil vadisində və Pakistan adlandırılan bölgənin Hind vadisində yabanı bir bitki kimi becərildiyini bildirir. İlk dəfə Hind vadisində yaşayan Mohencodaro mədəniyyətinə aiddir və təxminən b.e.ə. 2000-li illərdə becərilmişdir. Hindistanda Xristian hakimiyyətinin əvvəllərində pambıqdan istehsal olunan məhsullar beynəlxalq ticarətin tərkib hissəsi idi. Pambıq məhsulları şimal-şərqi Afrikada və iki əsr sonra da Misir və Çində satılmağa başlamışdır. Sonralar pambıq daha çox Hindistan, Malaziya və Çin kimi isti ölkələrdə becərilmişdir.

Daha sərin bir iqlimdə, daha qısa zamanda yetişən pambıq növü də inkişaf etdirilmişdir. Pambıq müsəlman dünyasında geniş yayılmış və mühüm toxuma növünə çevrilmişdir. Demək olar ki, hər bir müsəlman ölkəsində becərilmişdir. Avropa ölkələrində də əkilmiş, müsəlman İspaniyasından Fransa, Almaniya, İtaliya və İngiltərəyə yayılmışdır. Tədricən ticarət məhsuluna çevrilmiş, hətta Bağdadda xüsusilə pambıq ticarəti üçün tərsanə qurulmuşdur.

Pambıq sənayesi İslam dünyasında inkişaf etmişdir. İbn Mübərrid on cür pambıq toxumasından saysız kətan, kilim, xalça, çadır bezi, çuval və xaral növü haqqında mə- lumat verir. Keyfiyyətli pambığa böyük tələbat var idi. Pambıq məhsullarının ticarəti o qədər əhəmiyyət qazanmışdı ki, pambıq toxuculuğu Misirdə aqrar istehsalı sənaye iqtisadiyyatına çevirmişdi”. Əsrlər sonra Osmanlı türkləri Qəzzada “qəzzə” adlı müxtəlif növ pambıq parçalar istehsal etmişdi.

Müsəlmanlar əkinçilik məhsulları və metodlarını İspa- niyaya apardılar. Xüsusilə meyvəçilik sürətlə əsas ticari dəyərlərdən birinə çevrildi. Yerli ehtiyacı artıqlaması ilə ödəyir və Məkkə, İskəndəriyyə, Şam, Bağdad, Orta Asiya, İstanbul və Hindistan kimi həm müsəlman, həm də qeyri-müsəlman bölgələrə ixrac edilirdi. Ticarət Əndəlüsün müsəlman və qeyri-müsəlman xalqında və iqtisadiyyatında böyük bir dəyişikliyə səbəb olmuşdu. “Bu aqrar inkişaf müsəlman İspaniyasının şərəf mənbəyi və ərəblərin böl- gəyə ən mühüm hədiyyəsidir”.

Əslində, bütün aqrar məhsullar Asiya və Afrikada İslamdan əsrlər əvvəl də mövcud idi. Bəs bu dinin gəlişi nə üçün əkinçilik məhsullarının müxtəlifliyi və yayılmasında böyük dəyişiklik meydana gətirdi? Müsəlmanlar bunları nə üçün dünyanın çox sayda bölgəsinə apardılar? Əslində cavab sadədir: İslam dinamik, səmimi, müsbət, nikbin və insanla maraqlanan bir xüsusiyyətə sahibdir. Fərdi, ictimai və qlobal bir inkişafın yolunu açmışdır. Digər tərəfdən müsəlmanlar insanlara kömək edərək dünyanı düzəldə biləcəklərinə dair güclü bir inanca sahibdirlər.

İslam mədəniyyəti digər qədim sivilizasiyaların mədəniyyətləri ilə müqayisə edilə bilər. Mesopotamiya, Misir, Hindistan və Çin mədəniyyətləri özlərini əsrlər boyu genişləndirmək əvəzinə inkişafa həsr etmişdir. Yunanıstan qısa sürən qızıl dövr və çox mühüm bir vətəndaş müharibəsi (Peloponnes müharibəsi) yaşamışdır. Bu müharibə yunanların mədəniyyət və düşüncələrini yaymalarına mane olmuşdur. İslamın gəlişindən sonra müsəlmanlar bunu yunanlar üçün edənə qədər vəziyyət belə davam etmişdir. Roma yunan mədəni epoxasından təsirlənən və onu davam etdirən ilk mədəniyyət olmuşdur. Lakin düşüncələrə varis olmaqla onları təcrübəyə keçirmək bir-birindən fərqli şeylərdir.

Romalılar gücə bağlı idilər. İnsan Roma mədəniyyətini düşündüyü zaman zehnində belə bir mənzərə canlanır: Qarşınızda işıltılı metallar, polad dəbilqə, polad zireh, polad qalxan və ağır polad qılınc yüklənmiş bir sərkərdə peyda olur. Onlar şəhərlər qurmağı, mədəniyyət yaratmağı yunanlardan öyrəniblər. İmperiyanın ucqar bölgələrindəki şəhərlər, hətta Roma da hərbi güc sayəsində yaşayış bölgəsinə çevrilmişdi. Hərbi güclər yalnız mədəni bölgələri, yəni, şəhərləri dəstəkləyirdilər. Buna görə də imperiya çökdüyü zaman uzaq bölgələrdəki çox sayda insan çarəsiz vəziyyətdə qalmışdı. İslam dünyasında isə əyalətlər də mədəni mərkəzə çevrilmişdi.

Romanın çöküşü Avropanın bir hissəsini acınacaqlı vəziyyətə salmışdı. Əbu-Luqod qeyd edir ki, insanlar elə bir ağır nəzarətdə idilər ki, azad qaldıqları zaman həyata necə davam edəcəklərini bilmirdilər. Kilsənin bu insanlara heç bir faydası olmamışdı. Orta əsrlərdə müsəlmanlar Avropadan ayrıldıqdan sonra əkinçilikdə durğunluq dövrü başlamışdı. Vatson xristianların “ustalıq, işə təşviqetmə, yaxşı münasibət, yeniliklərə açıq müəssisə və qurumlara” ehtiyacı olduğunu bildirir və bu mövzunu ifadə edən bir nümunə verir. Siciliya kralı II Frederik Sur şəhərinə şəkər istehsalını öyrənmək üçün mütəxəssis göndərmişdir. Araqonlu II Ceyms isə şəkər və pambığı fəth etdiyi torpaqlara yenidən tanıtmaq məqsədilə Siciliyaya qayıtmış, lakin müvəffəq olmamışdır.

Müsəlmanların aqrar sənayeyə verdikləri töhfələr mühüm mənbələrdə qeyd edilir. Vatson kitabında çox mühüm bir mövzunu müzakirəyə açır. İslam Afrika, Asiya və Avropa qitələrinə yayılmışdır. “Bu bölgələr haqqında nəzəri və təcrübi biliklərə sahib müsəlman alimlərin tayı-bərabəri yox idi”. Vatson müsəlmanların səyahətə, xüsusilə də Məkkəyə həccə getməyə çox meyil etmələrini faydalı hadisə kimi şərh edir. Səyahət və səfərlər müsəlmanların dünyaya verdikləri sosial, mədəni və iqtisadi faydaları artırırdı. Sıravi insanlar və hətta kasıblar da dünyanı dolaşır və toxum, bitki, polad, alət-ədəvat və xüsusi növ bitkilərin əkilməsi haqqında əldə etdikləri bilikləri də özləri ilə aparırdılar.

Vatson müsəlman hökumətlərin nəqliyyat şəbəkəsinin təşkili, karvan yollarının salınması və limanlar qurulma- sında göstərdikləri mühüm xidmətləri vurğulayır. Müsəlmanlar hüquq sistemini, pul, çəki və ölçü vahidlərini getdikləri yerlərə də aparırdılar. Əkinçilik böyük ticarət sahəsi idi. Şəhərlərin palimpsest strukturu ticarətə böyük töhfə verirdi. Yeni bir məhsul ya da yeni bir yemək resepti ortaya çıxdığı zaman qısa müddət ərzində yayılır və yemək kitabları nəşr olunurdu. Qeyri-qida sektoruna aid əkinçilik məhsullarına da böyük tələbat var idi. Məsələn, pambıq parçalar isti iqlimlərdə rahat bir geyim idi. Müsəlmanlar çit parça, Şam ipəyi (damask), tafta və astar ipəyi (sarsanet) kimi digər parçalar da emal edirdilər. Bu məhsulların adları ərəb dilindən gəlir.

Texnologiya və mühəndislik

Həmin dövrün texnoloji inkişafı da diqqəti cəlb edir. Vatsonun kitabının bir fəsli suvarma mövzusundadır. Əhməd Yusif əl-Həsən və Donald R. Hill də “İslam Texnologiyası” adlı qiymətli əsərdə bu mövzu haqqında söhbət açır. Texnologiyadan da bəhs edərkən Qərb elm adamlarının bəziləri müsəlmanların hər bir şeyi keçmiş mədəniyyətlərdən öyrəndikləri fikrini irəli sürür. “Biz öz əsərimizdə sələflərimizin ayaq izlərindən getdik”, – deyir Əbül-Fərəc Abdullah ibn Teyyib.

Həsən və Hillə görə, Bəni Musa qardaşların “Kita- bül-hiyəl” adlı əsərində müsəlmanların yunanlardan al- dıqları texnologiyanı dəyişdirmələri isbat edilmişdir. Həsən və Hill bu kitabda yüzdən çox alətin tərifinin verildiyini və yetmişə yaxınının onların öz icadları olduğunu da qeyd edir. Ceyms və Torpeyə görə isə Bəni Musa qardaşları “Orta əsrlər İslam dünyasında ali mühəndislik sahəsində qeyri-adi yeniliyin əsasını qoymuşdur”.

Bu maşınlar səs mühəndisliyi qaydaları əsasında hazırlanırdı. Bu icadların hər biri yeniliyin və praktikliyin göstəricisidir. Müsəlman mühəndislər bəsit saat mexanizmlərinə qeyri-adi töhfələr verməklə möhtəşəm və faydalı əşyalar yaratmağa çox böyük maraq göstərirdilər. Harun Rəşidin Böyük Karla hədiyyə göndərdiyi su saatı bunun möhtəşəm nümunəsidir. Ceyms və Torpe bu saatın “ay doğarkən yavaş yavaş su ilə dolan və batarkən də boşalan iki böyük qab”dan ibarət olduğunu bildir, həmçinin “Orta əsrlərdə qızıl dövrünü yaşayan İslam mühəndisliyinin gözqamaşdırıcı texnoloji uğurları”nı vurğulayırlar.

Məsələn, suyun suvarma və digər sahələrdəki istifadə üsulları İslamdan əvvəlki illərdə də mövcud idi. Lakin müsəlman mühəndislər öz əlavələri ilə bu sahəni inki- şaf etdirdilər. Həsən və Hillə görə, Cəzəri “manivelanı ilk dəfə bir cihazda tətbiq edən” ixtiraçıdır. Müsəlman mühəndislər çox ciddi əhəmiyyəti olmayan alətlər icad etdikləri zaman da “alətlərin yaranmasını təmin edən fikirləri və istifadə etdikləri hissələrlə müasir avtomat texnologiyasının inkişafına mühüm töhfə verirdilər”.

Müsəlmanlar yeraltı suları aparan mövcud kanalları uzadırdılar. Ceyms və Torpe “ən böyük genişləmə”nin Orta əsrlərin müsəlman dünyasında – İranda həyata keçirildiyini və bu kanalların “hələ də müasir İranın aqrar sənayesinin özəyi” olduğunu bildirir. Müsəlmanlar həm də alçaq yerlərdən yüksəkdəki əkinçilik sahələrinə su çıxarırdılar. İxtira etdikləri qurğulardan biri mövcud üsullardan daha rahat işləmiş və məhsuldarlığı dörd dəfə artırmışdır. Müsəlmanlar ilk dəfə su çarxlarından buğda üyütmək üçün istifadə etdilər. Beləliklə, heyvanların yerini də su gücü ilə işləyən qurğular almışdı. Müsəlmanların ixtira etdikləri bu qurğular su gücü ilə işləyən altı slindirli nasosların effektli işləməsini də təmin etmişdi. Bağdaddan Mosula qədər Dəclə və Fərat çayları üzərində qurulmuş böyük dəyirmanların hər biri gündə təxminən on ton un istehsal edirdi.

Müasir dövrdə yel dəyirmanına Avropada yalnız Hollandiyada böyük maraq vardı. Həsən və Hill Çin elm və texnologiyası sahəsində böyük bir nüfuz sahibi olan Cozef Needhamdan gətirdiyi sitatla yel dəyirmanlarının tarixi- ninin İran və İslam mədəniyyəti ilə birlikdə başladığını bildirirlər. Ehtimal olunur ki, Avropa bu texnologiyanı müsəlman İspaniyasından öyrənmişdi. Həsən və Hill yel dəyirmanlarının müsəlman dünyasında hələ IX əsrdə mövcud olduğunu qeyd edirlər. Müsəlman dünyasındakı texnoloji inkişaf istehsal və ticarəti asanlaşdırmışdı. Yollar, binalar, bəndlər, gəmilər, limanlar, texniki bitkilər və dəyirmanlar… Bunların hər biri qidaların və məhsulların əkilmə və yetişdirilməsinə müxtəlif töhfələr vermişdi. Xüsusilə elm, kimya və metallurgiyadakı inkişaf yeni üsulların inkişafına səbəb olmuşdu.

Şüşə istehsalı və digər peşələr

Kimya emalat sənayesində istifadə olunurdu. Məsələn, “alkohol” sözünün ərəb dilindən gəlməsi başa düşülən- dir, çünki alkohol istehsal vasitələrini kəşf edənlər müsəlmanlardır. Bu kəşf distilyasiya sahəsində dərin bilik və geniş təcrübə tələb edirdi. Müsəlman alimi Cabir ibn Həyyan “alkoholun” həm də yandırıcı xüsusiyyəti olduğunu kəşf etmiş və bəzi laboratoriyalarda, sənayedə və başqa sahələrdə aparılan təcrübələrdə istifadə olunmasına səbəb olmuşdur. Müsəlmanlar Batlı Adelard, Rocer Bekon və Böyük Albert kimi Qərb alimlərindən əvvəl alkoholun müxtəlif sahələrini izah edən kitablar yazıblar.

Distilyasiya neftin rafinadlaşdırılması nöqteyi-nəzərindən də son dərəcə vacibdir. Bu sahədə Qərb tarixi Avropaya aid neft şirkətlərinin neft tapmaq məqsədilə Yaxın Şərq ölkələrinə etdikləri səfərlərlə başlayır. Müsəlmanlar isə bölgədə neft sənayesini min il əvvəldən qurmuşdular. Bakı nefti İslamın ilk dövrlərində ticarət məhsulları arasında idi və Dərbənddəki xam neft qaynaqları hicri 272, miladi 885-ci ildə istehsal prosesində idi. Ceyms və Torpe Marko Polonun Bakı quyularını ziyarət etdiyini və “bir səfərdə yüz yük gəmisini dolduracaq qədər” neft çıxarıldığını bildirir. Neft İraq, Misir və İranda da istehsal olunurdu. Xam neft və rafinadlaşdırılmış neft üçün ərəb dilində ayrı-ayrı sözlər istifadə olunurdu. “Qara neft” və “ağ neft” adları ikisi arasındakı fərqi göstərir. Neft evlərdə işıqlandırma məqsədilə istifadə olunurdu.

Müsəlmanlar şüşə istehsalında da məhsuldarlığı artıran texnologiyalar yaradırdılar. Həsən və Hillə görə, “İslam mədəniyyətinin yüksəlişi ilə birlikdə şüşə sənayesində İntibah yaşanmışdı”. Hicrətin III (miladi IX) əsrində İraq, Suriya, İran, Şimali Afrika və İspaniyada şüşə fabrikləri mövcud idi. Samirədə istehsal olunan şüşə həmin dövrün ən keyfiyyətli məhsulu idi.

Müsəlmanlar şüşə istehsalında istifadə olunan materialların ikisinə üstünlük verirdilər. Bunlardan biri sabun otu olaraq da bilinən Suriya otunun külü, digəri isə şüşənin büllurlaşdırılması üçün istifadə olunan manqan dioksid idi. Mozaik, müxtəlif qəlblərlə dalğalı, naxışlı, buzlu, parlaq və minalı şüşələr istehsal olunurdu. Qabartmalı, şirəli və ulduzlu şüşələrdən istehsal olunan çox gözəl məscid lampalarının bir çox nümunəsi Qahirədəki İslam Əsərləri Muzeyi və Nyu-Yorkdakı Metropoliten Muzeyində nümayiş etdirilir.

Müasir dövrdə incəsənət sahəsi hesab olunan şüşə is- tehsalı ilə yanaşı, dünyanın dörd bir tərəfində çox sayda muzeydə İslam keramikasının müxtəlif nümunələri də nümayiş olunmaqdadır. Müsəlmanlar şüşənin səthi üçün ağ, yarı-şəffaf cila və qablara parlaqlıq vermək üçün qalay və digər yeni metal minalama üsullarından istifadə edirdilər. Venesiya öz şüşəsini XIII əsrdə yeni-yeni istehsal etməyə başlayırdı, Suriyada isə neçə əsr əvvəldən şüşə məhsulları istehsal edilirdi. Səlib yürüşləri əsnasında xristianlar vene- siyalılara suriyalıların şüşə istehsalının sirlərini bildirmiş, onlar da Avropadakı şüşə ticarətinin inhisarının özlərində qalması üçün bu məlumatları gizli saxlamışdılar.

Həm distilyasiya sahəsində, həm də kiçik şüşə qabla- rın istehsalındakı inkişaf əsrlər boyunca Şərqlə, xüsusilə də müsəlman dünyası ilə əlaqəli başqa bir məhsul olan ətirə də böyük töhfə vermişdir. Şekspir “Maqbet” pyesində “Ərəbistan ətirləri”nə işarə edir. Ətirlərin ən məşhuru müşkdür, çünkü cənnətdən gəlmişdir. Həzrət Məhəmməd (s.ə.s.) də müşkü və digər ətirləri xoşlayardı.

Cənnətdən gəldiyinə inanılan bir digər qoxu da gül iyidir. Dördüncü fəsildə də bəhs olunduğu kimi “gülüstan” Cənnətin adlarından biridir. Sədi ən məşhur əsərinə “Gülüstan” adını vermişdir. Sədi Şirazi bir dostunun gözəl ətirli gülləri bir yerə topladığını gördükdə ətrafındakı bütün güllərdən daha uzun müddət yaşayacaq bir gül bağı salacağına söz vermişdi. Sədinin ölkəsi İranda Gur adlandırılan bir bölgə qırmızı gül essensiyası və gül suyu istehsalı ilə məşhurdur. Gurdan Bağdad xəlifəsinə otuz min şüşə gül essensiyası göndərilirdi. Müasir dövrdə İslam dünyasının bəzi bölgələrində qonaqlar gül suyu ilə qarşılanır, məscidlərdəki xüsusi günlərdə camaatın üzərinə gül suyu səpilirdi. Müsəlmanların hazırladığı saf gül essensiyası ən bahalı gül ətirlərindən biridir.

Dünyanın ən böyük həkimlərindən biri olan İbn Sina (Qərbdə Avissena kimi tanınır) distilyasiya yolu ilə çiçək essensiyası əldə edən ilk insandır. İbn Sinanın “Yüz gül yarpağı ilə” təcrübə aparması haqqında məlumatlar mövcuddur. Kindinin də elmi tədqiqatında qeyd olunduğu kimi, müsəlmanlar yüz yeddi ayrı metod və formul tapana qədər təcrübələrinə davam ediblər. Ətirlər Şamda, İranın bir çox mərkəzində və daha sonra da müsəlman İspaniyasında istehsal olunurdu. İrandakı Şapur bölgəsi və vadisində “bənövşə, nilufər, nərgiz, palma, zanbaq, mərsin, mərzə, limon və portağal çiçəklərindən alınan dünyaca məşhur on fərqli essensiya yağı” istehsal olunurdu. Ətir ticarəti əvvəl İslam dünyasında həyata keçirilmiş, tədricən Hindistan və Çinə yayılmışdı.

İslam dünyasında hələ də çox yaxşı işləyən ətir sənayesi mövcuddur. Müsəlmanlar “yerli” essensiyalara üstünlük verirlər, çünki onlar alkoholsuzdur. Yaxın Şərq səyahətlərim əsnasında yalnız essensiya satan dükanlara təsadüf etdim, rəflərin hər biri müxtəlif essensiyalar olan böyük, uzun şüşə qablarla dolu idi. Həmin dükanlarda ətir istehsalı bir incəsənət sahəsi hesab edilirdi. Satıcı müştərisinin tələbatını qarşıladığı əsnada onunla uzun söhbət edirdi. Müsəlmanlar bayram və digər xüsusi günlərdə məscidə gedərkən üstlərinə ətir vurur, gözəl qoxu gəlməsinə əhəmiyyət verirdilər.

Haqqında danışılanlar və digər məhsullar müsəlman və ərəb ticarəti ilə eyniləşmiş, daşınan və satılan əşyaların təbiətində bir dəyişiklik müşahidə olunmağa başlamışdır. Ən mühüm ticarət yolu olan “İpək Yolu”nun adı dəyişməmişdi, lakin artıq bu yol Çindən ipək daşımırdı. İpək artıq müsəlman dünyasında istehsal olunurdu. Bağdadın bir bölgəsi olan Əttab daha sonra “əttabi” adlanan xətli parçanın ilk dəfə istehsal olunduğu yerdir. Daha sonra “İspaniyadakı ərəblər ‘tabi’ adı ilə bu parçanın bənzərini istehsal etmiş” və Fransa, İtaliya və Avropanın digər bölgələrinə satmışlar. Hitti “tabi” termininin artıq müasir dövrdə “xətli və işarəli pişik” (tabbi) mənasında istifadə edildiyini bildirir. Başqa bir şəhər Kufə isə ipək baş yaylıqları ilə məşhurdur, buna görə də “kufiyə” ərəblərin baş geyiminə verdikləri ümumi ada çevrilmişdi.

Hər cür parça istehsal olunur, qəsəbə və şəhərlərdə- ki evlərdə tekstil məhsulları ixrac edilirdi. Evlər də beynəlxalq ticarətin bir hissəsinə çevrilirdi. Toxuculuq dəz- gahı ilə toxuma və zərxara, qoblen (divara asılan xüsusi parça üzərində rəngli iplərin iynələrlə rəsm işləməsi), divan, yastıq örtüyü və xalça kimi əşyalar da istehsal edilirdi. Müsəlmanlar hələ də bu məhsulların ən yaxşılarını istehsal edirlər. Xalça əsrlər boyu xüsusi bir ev sənayesi kimi qalmışdır. Yüksək standartlarda bir keyfiyyət və dizaynın qorunub saxlanması diqqətəlayiqdir. Xəlifələrlə sıravi xalq eyni yerdən xalça alırdılar; tək fərq aldıqları xalçanın ölçüləri idi. Xəlifələrin xalıları çox böyük və daha çox bəzəkli olurdu. Müstəinin anası üçün xüsusi olaraq toxutdurulan xalçanın ipləri ilə qızıldan quş şəkli çəkilmiş, bu quşların gözləri yaqut və başqa qiymətli daşlardan hazırlanmışdı.

Nəticədə, İslamın avropalı, afrikalı, ərəb və asiyalılara əsrlər boyu böyük bir təsiri olmuşdur. Müsəlmanların dinlərini və mədəniyyətlərini yayma məsələsindəki uğurları iqtisadi yüksəlişə yol açmışdır. Ticarət sahəsindəki təşəbbüskarlıqları müsəlmanların texnologiya, məhsul və dillərinin dünyanın saysız bölgəsinə yayılmasına səbəb olmuşdur.

Digər Kateqoriyalar

2023 © AzerVoice