Əsas səhifə » İslam və ərəb xəttatlıq sənəti

İslam və ərəb xəttatlıq sənəti

admin

Bakı, AzerPress

“Müqəddəs incəsənətin” başlanğıcı ilk müsəlman cə- miyyətinin inkişafına paraleldir. İslam incəsənətinin ən mühüm sahələrindən biri olan Ərəb xəttatlıq sənətinin başlanğıcı da həmin dövrə təsadüf edir. Covanni Kuratola yazır: “xəttatlıq memarlığa bərabər “əl yazısı” və müsəlman dünyasının ən dəyərli və mühüm incəsənət formasıdır, çünki o, Qurandan yazılmışdır”.

Bu dilin ən qədim yazılı nümunələri dövrünə aid qəbir daşlarıdır. Daşlara həkk olunmuş bu yazılar sanki nizamsızdır. Həmin dövrdə yazılı dil funksional idi və yazı vasitələrinin azlığına görə çox nadir hallarda ondan istifadə olunurdu. Ən qədim yazı formasının əsrlər boyunca istifadə olunmasının səbəbi də budur. Daha sonra adını yarandığı şəhərdən alan kufi xətti ilə yazı forması meydana gəldi. Əsasən böyük ölçülü düz xətlərdən və bucaqlardan ibarətdir. Quranın ilk nüsxələri bu yazı formasında yazılmışdır.

Hicri I əsrdən etibarən Məkkə və Mədinədə inkişaf edən bu yazı növü Qurana aid bir yazı formasına çev- rilmişdir. Sözlər çox açıq, xətlər daha düz və boşluqlar daha aydın olduğu halda, bir çox hərfə əyriliklər əlavə olunmuşdur. Beləliklə, Quran çox gözəl bir şəkildə yazılmağa başlanmış, “xətt” bir incəsənətə çevrilmişdir. Müasir dövrə qədər gəlib çatan bəzi Quran nüsxələri xəttatlığın estetik bir məqsəd daşıdığını açıq şəkildə göstərir. Mavi perqament üzərində qızıl mürəkkəblə və kufi hərflərlə yazılan ən gözəl Quran nümunələrindən biri Şimali Afrika- da tərtib olunmuşdur.

banner

Həzrət peyğəmbərin (s.ə.s) dövründəki başqa bir yazı forması sonralar çox geniş yayılmışdır. Nəsix adlandırılan bu yazı formasının ən üstün cəhəti rahat oxuna bilməsidir. Həzrət peyğəmbərin (s.ə.s) daha əvvəlki dövrlərdə Körfəzdəki Həsa hökmdarına göndərdiyi məktub ən qədim nümunələrdən biridir. Daha sonra şərqdə, yəni Şimali Afrikada kufi yazı formasında dəyişiklik edilmişdir. Orada bir çox hərfin əl yazısına çevrildiyi bir yazı forması halını almış, bəzi üfüqi hərflər sətrin yuxarı, bəziləri isə aşağısına doğru uzadılmışdır. Nəticədə kufi yazısı Şərqdə və Qərbdə müəyyən fərqliliklərlə inkişaf etmişdir.

İslam memarlıq nümunələrinin artmasıyla daşa və çərmərə nəqş edilməsi daha rahat olan Kufi yazıdan dekorativ ünsür kimi geniş istifadə olunurdu. Xəttin gözəlliyi çiçək, yarpaq və budaq dekorasiyaları ilə birlikdə artmış və “Yarpaqlı kufi” adlanan bir növ ortaya çıxmışdır. Cüzi dəyişikliklə şaquli formadakı hərflərə toxunuşlar əlavə olunmuş və “Toxunuşlu kufi” adlandırılan başqa bir forma meydana gəlmişdir.

Nəhayətdə dekorativ kufidən kitabların (geri qalan hissələri əl yazısı ilə yazılmış olsa da) illüstrasiyalı başlıq səhifələrində və yaxud fəsil başlarında, xüsusilə də Quranda istifadə edilmişdir. Xalçaların kənarlarında kufi yazı digər şəkillərlə o qədər iç-içədir ki, nə yazıldığını anlamaq üçün xüsusi cəhd göstərmək lazımdır.

Nəsix yazı axıcılığına görə ən geniş şəkildə istifadə olunan yazı forması olmuşdur. Quranın nüsxələrinin böyük əksəriyyəti bu yazı ilə yazılmışdır. Hətta “sülüs”, “mühəqqəq” və “reyhani” kimi digər yazı formalarının da meydana gəlməsində baza rolunu oynamışdır. Aşağıya doğru uzanan qıvrımlarına görə çox bəzəkli, hətta cəlbedici olan başqa bir yazı forması da “gəlin zülfü” kimi tərcümə olunan “Zülfi-Arus”dur.

Bütün yazı formalarından qısa bir zamanda keramika, metal, parça, şüşə, xalça, mərmər, gümüş, qızıl və beton kimi müxtəlif maddələr üzərində də istifadə olunmuşdur. Onların çoxu Qurandan, bəziləri isə şeirlərdən alınmadır. Türbələrdə və müxtəlif binalarda da hökmdarların və digər görkəmli şəxsiyyətlərin adlarının yazılması üçün istifadə olunmuşdur.

İslam xəttatlıq sənəti ərəb dilinə əsaslanır. Təbii ki, bunun ən mühüm səbəbi ərəb dilinin Quranın dili olması və müsəlman dünyasında yüksək mövqe tutmasıdır. “Ərəb dahiliyinin əsasını müsəlman mədəniyyətinin mayası və ifadə forması olan ərəb dili üzərinə təfəkkür etmək olmuşdur”.

Qərbdə və İslam mədəniyyətinə çox böyük ehtiram bəsləyən bəzi qeyri-müsəlman ölkələrində xəttatlıq sənəti tamamilə dekorasiya elementi kimi istifadə olunurdu. Papadopulos qeyd edir ki, “Hərflər yalnız saxta Kufidir”. Xalçalar bəzən sözlərin mənası nəzərə alınmadan xəttatlıq sənəti ilə bəzədilmişdir. Ərəb yazısı “Bizans əsərlərində və qədim İtaliya rəsmlərində hətta Le Puyda olduğu kimi orta əsrlərdə Fransa kilsələrinin fasadında sırf dekorasiya ünsürü kimi” istifadə olunmuşdur. Ceyms və Torpe yazır: “Hazırda da bəzi kilsələrdə üstündə ərəb dilində “la ilahə illəllah” ifadəsi yazılmış ipək örtüklər var”.

Sonralar İranda ərəb hərflərinin qəbul edilməsi ilə birlikdə IX əsrin əvvəlində “taliq” adlandırılan başqa bir yazı növü formalaşmışdır. Təxminən yüz il sonra təbrizli məşhur xəttat Mir Əli “nəsx” və “taliq”i birləşdirərək daha zərif və incə olan “nəstəliq” yazı növünü formalaşdırmışdır. Hindistanda fars dilindən istifadə edən müsəlman hökmdarları bu yazı növünü Hind yarımadasına aparmış və tədricən müsəlman-hind dili olan urdu dilinin əlifbası formlaşmışdır.

Xəttatlıq sənəti Qübbətüs-Səxrada memarlığın estetik kateqoriyası kimi qarşımıza çıxır. Məscid ən-Nəbəvi də bu sənətlə bəzədilmişdir. Hazırladığı mükəmməl Quran nüsxələri, şeirlər və tarix kitabları ilə məşhur mədinəli müsəlman xəttat Xalid Əbül-Səyac Məscid ən-Nəbəvinin cənub divarına qızıl hərflərlə Qurandakı “Günəşə və onun aydınlığına and olsun!” ayəsi ilə başlayan Şəms surəsini başdan sona qədər yazmışdır. Həmin zamandan etibarən ərəb yazısı əksərən məscidlərin ayrılmaz bir hissəsi olmuş,bəzən də İslamın ən mühüm əsası olan Tövhid prinsipinə uyğun olaraq Allahın təkliyini vurğulamaq üçün mehrabın üzərində yalnız “Allah” sözü yazılmışdır.

Allah sözü İslamın xəttatlıq sənətində saysız forma və dekorasiyanın mərkəzində olmuşdur. Sənət əsərlərinin çoxunda sadə bir şəkildə təqdim olunmuş, bəzilərində isə mürəkkəb naxışlarla yazılmışdır. İslamın inkişaf etdirdiyi bastrakt sənət min illər dərk olunmamışdır.

Kufi yazı tövhidi mücərrəd bir şəkildə ifadə etmə potensialı qazanmışdır, hətta o özü mücərrədliyə yol açmışdır. İslamın ən müqəddəs binası olan Kəbə bu sahədə ilham mənbəyi rolunu oynamışdır. Çünki sadə bir kub formasındadır. İlk növbədə Allah sözü, onun sifətləri, Həzrət Məhəmməddən (s.ə.s) etibarən ən mühüm müsəlmanların adları kub və yaxud düzbucaq şəklində içinə işlənmişdir. Bu, xəttatlıq sənəti üçün də əlverişli və praktiki əhəmiyyətə malik idi, çünki qədim məscidlərin çoxu kərpicdən inşa olunmuşdu. Bir çox minarə silindir formasında idi və mücərrəd, düzbucaq xətt sənətinin dairəvi minarənin ətrafına tətbiq olunması məqsədəuyğun idi.

Geometrik tərtibat

Müsəlman sənət adamlarının, xüsusilə də İslam tarixinin ilk dövrlərində yaşayanların dahiliyi həndəsi dizaynların inkişafına çox böyük təsir etmişdir. Bu bəzəmə növü bəzən “arabesk” adlandırılmışdır. “Arabesk” termin kimi gül və bitki motivləri ilə iç-içə keçmiş bəzək mənasında olsa da, mən bəzi ingiliscə lüğətlərin təriflərinə üstünlük verirəm. “The Random House Dictionary”də “xətti motiv”, “The American Heritage Dictionary”də də “həndəsi fiqurlar” tərifə əlavə kimi verilmişdir.

Oleq Qrabar bu “dekorasiyanın mücərrəd şəkli”nə “bənzərsiz bir şəkildə islami” tərifini verir. Arabeskin işləndiyi yerlərdə zənginlik və müxtəliflik, xüsusilə də məna dərinliyi əsasdır. Bu, sadəlikdən irəli gələn zənginlikdə də açıq şəkildə görülür. Burada sadəliyə bir neçə nümunə verək.

Sənətkar bir dairə və bunun ətrafında bitişik olan altı dairə çəkir. Bütün dairələrin ortası düz xətlərlə birləşdirilir və nəticədə ortada bir qutu yaranır. Sənətkar oradan başqa kvadratlar, üçbucaqlar, romblar çəkir. (bu şəkilləri təkrar iç-içə çəkə bilər.) Daha sonra ortaya mürəkkəb, qeyri-adi bir dizayn çıxana qədər bir-birinə bağlı mücərrəd motivlər, rənglər əlavə edir. Bunun nümunələrini Qübbətüs-Səxranın, əl-Həmra Sarayının və müsəlman dünyasının müxtəlif yerlərindəki məscid və digər binaların divarlarında görmək olar.

Bu, islami həndəsi naxışların çəkilməsində istifadə edilən bir neçə üsuldan biridir. Bir digər üsul isə düzbucaqlının kvadratlara bölünüb rənglənməsi vasitəsilə düzəldilən sadə bir metoddur. Üçüncü üsul bu kvadratların içinə nömrələr yerləşdirərək kvadratlardakı eyni nömrələrin bir-birinə xətlərlə bağlanması metodudur. Bir başqa üsul isə beşbucaqlı ilə əlaqəlidir. Müəyyən bir sahənin içində bir-birinə bağlanan üçbucaqlarla əldə edilən naxışlar isə olduqca mürəkkəbdir.

Həndəsi naxışların əsası bəsit olduğu halda metod özü tədricən mürəkkəbləşir. Bu, intuisiya və xəyal gücünün qarşılıqlı təsiri həyati bir əhəmiyyət daşıyır. Kvadratlar, üçbucaqlar və onların paxlava dilimləri şəklində düzülməsində böyük bir yaradıcı qabiliyyət tələb olunur. Rəng seçimində xəyal gücü mühüm rol oynayır. Rənglərin qeyri-adi bir dəyişiklik yaratdığını demək səhv olmaz, çünki eyni dizaynın müxtəlif rənglərlə işlənmiş nümunələri müqayisə edildiyi zaman bu fərq açıq şəkildə görünür. Əl-Hamranın və Mərakeşin divar naxışları bunun bir nümunəsidir.

Həndəsi naxışların əsasını təşkil edən düşüncənin Mövlananın bir hekayəsində vurğuladığı dərin bir mənası vardır. Yunan və Çin sənətkarları bu sahədəki üstünlüklərini nümayiş etdirmək məqsədilə görüşürlər. Sultan bir müsabiqə tərtib etmək qərarına gəlir və yanaşı otaqda işləməyə başlayırlar. Çinli heyət müxtəlif rəngli boyadan istifadə edərkən yunanlılar divarları təmizləyib parıldatmaqla məşğul olurlar. İş başa çatdıqdan sonra aradakı qapı açılır və sultan ilk növbədə çinlilərin çəkdiyi mükəmməl rəsmlərə tamaşa edir. Daha sonra digər otağa girir və çinlilərin çəkdiyi rəsmlərin əksini bu otağın divarında gördükdə heyran qalır. Mövlananın bu hadisəyə uyğun fikri yada düşür: “Aynanın şəfaflığı göy günbəzin və ulduzlu göy üzünün könüldə əks edən vəsfidir. Könüllərini cilalamış insanlar rəngdən, qoxudan xilas olmuşdurlar. Zəhmət çəkmədən hər nəfəsdə bir gözəllik görürlər”.

Bu hekayə təsəvvüf əhlinin dünyəvi arzulardan uzaq, sufi, mistik həyata bağlı olduqlarını göstərir. Onu dindirən ilhamdır. Elə Mövlana tək başına mükəmməl bir nümunə deyilmi? Onun şah əsərlərini ərsəyə gətirməsinə səbəb olan da ilhamdır.

Burada vurğulamaq istədiyimiz məsələ islam sənətlərinin etik və estetik cəhətləridir. Güllər, ağaclar və yarpaqlardan başqa naxışlar da birbaşa təbiətdəki varlıqlardan alınmışdır. Sənət əsəri həndəsi və yaxud mücərrəd olsa da, insan əsərdəki (məsələn lalə və günəbaxan kimi) təbii, natural elementlərdən zövq alır.

Bitkilər mətni zənginləşdirmək üçün ümumilikdə xəttatlıq sənəti ilə bəzədilmişdir. Burxart bunun İslamın ən təsirli iki rəmzi olan “yer üzü kitabı” və “yer üzü ağacı” arasındakı “bənzərliyi” göstərdiyinə inanır və əlavə edir: “Kainat həm təcəlli edilən bir kitab, həm də budaqları və yarpaqları olan tək bir bədəndən çıxan ağacdır”.

İslamda bir çox həndəsi sənət ulduzları xatırladır. Ancaq “ulduzlar” topalanmış şəkildə deyil, ətrafında olanların öz “kanalıyla” görünməsini təmin etmək üçün ana xətt şəklində işlənir. Bir çox müsəlman binasında buna təsadüf olunur. Məsələn, əl-Həmrada divar naxışlarında yaxınlıqdakı bir bulaq, hovuzlar, yamyaşıl yerlər və bəzən Qranada şəhəri və ətrafındakı dağlar görünür.

Bu naxışların xüsusiyyəti, bir başlanğıc ya da son kimi görünməməsi ilə əlaqəlidir. Kuratola “sadə və mükəmməl rasional işlər əbədiyyət düşüncəsini yaradır. Papadopulo- sun bildirdiyi kimi, insan bu kainat şəbəkəsinin sonsuzluğa qədər davam etdiyini hiss edir”. Həmçinin Papadopulos bu incəsənətin durğun olmadığını, çünki “mücərrədə paradoksal bir xüsusiyyət kimi hərəkətliliyin qazandırıldığı bir cür kainat” olduğunu bildirir.

Bu sənətdə xüsusi bir ahəng mövcuddur. Burxart bu harmonik vəziyyəti “ritm hissinin vizual proseslərə mükəmməl bir şəkildə ötürülməsi” şəklində izah edir.

Bəzən islami sənətləri tədqiq edənlər onun xüsusiyyətlərini anlaya bilmir və mövzu haqqında məlumatlı insanların izahlarına ihtiyac duyurlar. Cadson buna çox yaxşı bir nümunə verir. XIX əsrin kristaloqrafların “kristallarda mövcud olan otuz iki müxtəlif simmetriya növünü” meydana çıxartmaq üçün on illərlə işlədiklərini bildirir. Sonra bir kristaloqraf əl-Həmra saray divarında bu yazını kəşf edir. Bununla əlaqəli olaraq Cadson belə deyir: “Müsəlman sənətkarlar simmetrik həndəsədə zirvəyə çatmışdırlar”.

Arabesk tərzin mürəkkəbliyi mərmər və daş divarların naxışlarında görülür. Ən nəzərə çarpan nümunə məscid və bəzi binalardakı arabesk qəfəslərdir. Hindistanın Əhmədabad bölgəsindəki Sidi Səid məscidində bir ağacın yarpaq və çiçəklə dolu qıvrılmış budaqlarını əks etdirən iki qəfəs var. İngilislər qəfəslərdən birini muzeydə nümayiş etdirmək üçün İngiltərəyə aparmaq istədikdə parça parça olmuş, yerini doldurmaq məcburiyyətində qalmış və onun zərifliyini belə tragik şəkildə öyrənmişdilər. İslami həndəsi naxışların başqa bir xüsusiyyəti bir mərkəzə sahib olmasıdır. Beləki, İslam coğrafi bir mərkəzə sahib tək din, müsəlman dünyası isə Kəbənin ətrafında dönən bir dairədir.

Cenevrəli bir incəsənət adamı və sənət professoru olan Klod Humbert əsərində islamın həndəsi dizaynların mərkəzi olduğunu aydın şəkildə göstərir. O, İspaniya, Suriya, Misir, Tunis, xüsusilə də incəsənət cəhətdən çox məhsuldar olan Mərakeşə səyahət etmişdir.

Digər Kateqoriyalar

2023 © AzerVoice