Əsas səhifə » İran prezidentinin Türkiyəyə səfəri zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək

İran prezidentinin Türkiyəyə səfəri zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Yanvarın 4-də İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri zamanı bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi nəzərdə tutulsa da, Türkiyə İrandan xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq gözləyir.

AzerPress-ə diplomatik mənbələrdən verilən məlumatına görə, səfər çərçivəsində İraq, Suriya, Cənubi Qafqaz və Əfqanıstan kimi regional məsələlər müzakirə ediləcək.

Eyni zamanda, İbrahim Rəisinin səfəri zamanı, ticarət həcminin 30 milyard dollara çatdırılması üçün lazımi səylər də müzakirə ediləcək.

banner

Türkiyənin mühüm təbii qaz tədarükçülərindən olan İranla, görüş zamanı enerji sahəsindəki məsələlər də müzakirə olunacaq. Danışıqlar nəticəsində, Zəngəzur dəhlizi də daxil olmaqla, bölgədə nəqliyyat və əlaqəni gücləndirmək üçün birgə səylərin də ön plana çıxması gözlənilir.

Rəisinin Türkiyəyə səfəri çərçivəsində mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat kimi sahələrdə 10-a yaxın müqavilənin imzalanması gözlənilir.

İran prezidentilə Türkiyəyə gələcək nümayəndə heyətinin tərkibində xarici işlər, yol və şəhərsalma, ticarət, neft, elektrik və enerji, daxili işlər və müdafiə nazirlərinin də olacağı təxmin edilir.

Rəsmi görüşlərdən sonra prezident Ərdoğan və həmkarı Rəisinin, İranda iş görən türk investorlar və iş adamları ilə görüşü gözlənilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti İbrahim Rəisi sonuncu dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə 8 noyabr 2023-cü ildə keçirilən 16-cı Zirvə Toplantısında görüşüb.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, 3 sentyabr 2023-cü ildə Tehrana, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə 1 noyabr 2023-cü ildə Türkiyəyə gələrək Qəzzada baş verənləri müzakirə edib.

Məlumat üçün bildirək ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollardır. Bundan əlavə, Türkiyə iranlılar üçün ən çox seçilən turizm məkanıdır. Ötən il Türkiyəyə 2,3 milyon iranlı turist gəlib, Türkiyədən İrana gələn turistlərin sayı isə 357 min olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice