Əsas səhifə » İordan çayının qərb sahili İsrail tərəfindən sürətli şəkildə qəsb edilir

İordan çayının qərb sahili İsrail tərəfindən sürətli şəkildə qəsb edilir

Yamin Savalanli

Bakı, AzerVoice

İordan çayının qərb sahillindəki fələstin mülkləri ekstremist yəhudilər tərəfindən ələ keçirilir.

AzerVoice xəbər verir ki, bu haqda məşhur ingilis media qurumu BBC araşdırma aparıb. BBC bölgəyə gedərək yerli Fələstinlilərlə danışıb.

İsraillilər tərəfindən evi, torpağı əlindən alınanlardan biri də fələstinli nənə Ayşe Aştiyədir. O deyir ki, 50 ildir yaşadığı evinə bir kişi girərək başına silah dayayıb və ondan torpağını tərk etməsini istəyib.

banner

Aştiye, bu hadisəni 2021-ci ildə evinin yaxınlığında qeyri-qanuni yaşayış məntəqəsinin qurulmasından sonra başlayan zorakılığın və təhdid kampaniyasının pik nöqtəsi olduğunu deyib.

Öğlu ilə Nablus yaxınlığındakı bir qəsəbədə yaşamağa məcbur edilən Ayşə Aştiyə “həyatımızı cəhənnəmə çevirdilər” deyərək edilən zorakılıqlardan danışıb.

Araşdırmalar göstərir ki, hətta İsrail tərəfindən də qeyri-qanuni hesab edilən bu yaşayış məntəqələrinin sayı son illərdə sürətlə artıb.

İordan çayının qərb sahilində ən azı 196 qeyri-qanuni yaşayış məntəqəsi mövcuddur. Təkcə ötən il 29 belə yaşayış məntəqəsi aşkara çıxarılıb. Bu, bütün əvvəlki illərlə müqayisədə çoxdur.

Bir növ “zastafa” rolunu oynayan bu tərz yaşayış yerləri təsərrüfatlardan və bir neçə evdən ibarət olur.

Ümumiyyətlə müəyyən edilmiş sərhədləri olmayan bu tərz yaşayış məntəqələri həm İsrail, həm də beynəlxalq hüquqa görə qeyri-qanuni hesab edilir.

Lakin BBC-nin əldə etdiyi sənədlər göstərir ki, İsrail hökuməti ilə yaxın əlaqələri olan təşkilatlar bu qanunsuz məskunlaşmaların sayını artırmaq üçün pul və torpaq təmin edir.

Mütəxəssislərin fikrincə, sərhədləri olmayan torpaq əraziləri binalar şəklindəki məskunlaşma məntəqələri ilə müqayisədə yayılma və genişləmə fəaliyyətləri üçün daha münasibdir. İsrail dövlətinin də bu səbəbdən qanunsuz məskunlaşmağa göz yumduğu ehtimal edilir.

İsraildə yerləşən və qanunsuz məskunlaşmaya qarşı olan iki qeyri-hökumət təşkilatı (QHT), Peace Now və Kerem Navot, həmçinin Fələstin Administrasiyası qanunsuz məskunlaşma ilə bağlı hesabat təqdim edib. Təqdim edilən hesabatda müəyyən qədər də olsa qeyri-qanuni məskunlaşmaların sayı göstərilib.

Həmçinin adı siyahıda yer alan yaşayış məntəqələrinin peykdən çəkilmiş şəkilləri müqayisə edilərək onların tarixi müəyyən edilib.

Araşdırmalar göstərir ki,196 qeyri-qanuni yaşayış məntəqəsinin demək olar ki, yarısı (89) 2019-cu ildə və ondan sonraki illərdə tikilib.

Sözügedən yaşayış məntəqələrində yaşayan, həmçinin məntəqələrin salınmasında aktiv fəaliyyət göstərən bəzi şəxslərin fələstinlilərə qarşı törədilən şiddətlərlə əlaqəli olduğu məlum olub. Britaniya hökuməti bu ilin əvvəlində fələstinlilərə qarşı zorakılığa təhrik etdiklərinə görə və ya zorakılıq törətdiklərinə görə səkkiz ekstremist şəxsə qarşı sanksiyalar tətbiq edib.

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bu məsələ ilə bağlı açıqlama verib. Nazir açıqlamasında fələstinlilərə qarşı törədilən cinayətləri pislədiyini bildirib. Həmçinin İsrail hakimiyyətini qanunsuz məskunlaşma ilə məşğul olan şəxsləri cəzalandırmağa çağırıb.

Əvvəllər İordan çayının qərb sahilində xidmət etmiş ordu komandiri Avi Mizrahi məskunlaşanların əksəriyyətinin qanuna tabe olan İsrail vətəndaşları olduğunu deyib. Yəni həmin şəxslərin sadəcə bu məsələdə qanunlara riayət etmədiyinə vurğu edib.

Mizrahi həmçinin etiraf edir ki, bu yaşayış məntəqələrinin mövcudluğu zorakılıq doğurur, qeyri-qanuni məskunlaşmalar qurduğunuz zaman eyni ərazidə yaşayan fələstinlilərlə gərginlik yaranır.

Britaniya tərəfindən sanksiya tətbiq edilən ekstremist miqrant yəhudilərdən biri Moşe Şarvit idi. Bu şəxs həm də Ayşe Aştiyenin onu silahla hədələdiyini söylədiyi şəxsdir.

Moşe Şarvit Aştiyənin evindən təxminən 800 metr aralıda qurduğu evə görə ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalıb.

Onun ələ keçirib məskunlaşdığı ərazi “Fələstinlilərə qarşı zorakılıq tətbiq edilən bir baza” kimi təsvir edilib.

Bu gün Ayşə Aştiyə oğlu ilə Nablus yaxınlığındakı bir qəsəbədə yaşamağa məcbur qalıb.

İsrail qanunlarına görə leqal olan yaşayış məntəqələrindən fərqli olaraq, bu yaşayış məntəqələrinin rəsmi təsdiq edilmiş bir planı yoxdur.

Bu bölgədəki yəhudi yaşayış məntəqələri Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qeyri-qanuni hesab edilir. Bu yanaşma bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) iyul ayında qəbul etdiyi qərarla da öz təsdiqini tapıb.

Yaşayış məntəqələrində məskunlaşan ekstremist dini qruplar hesab edirlər ki, bu torpaqlarda məskunlaşmaq üçün onlara Tanrı icazə verib.

2012-ci ildə İsrail hökuməti Dördüncü Cenevrə Konvensiyasının İordan çayının qərb sahilinə tətbiq edilməsini rədd edən Levy Komissiyasının hesabatını dərc etdi.

Hesabat iddia edir ki, İordan çayının qərb sahili heç vaxt heç bir ərəb dövlətinin qanuni bir hissəsi olmayıb.

Hesabatda yəhudi məskənlərinin qanuni hüquqlarının 1922-ci ildə Fələstin üçün Millətlər Liqasının mandat idarə etmə qərarı ilə təminat altına alındığı iddia edilir.

Lakin bu yaşayış məntəqələrinin İsrail qanunlarına görə heç bir hüquqi statusu olmasa da, İsrail hökumətinin onların sayının sürətlə artmasının qarşısını almağa çalışdığına dair çox az dəlil var.

BBC-nin əldə etdiyi sübutlar göstərir ki, İsrail dövləti ilə sıx əməkdaşlıq edən iki təşkilat İordan çayının qərb sahilində yeni qəsəbələrin salınması üçün pul və torpaq ayırıb.

Bu təşkilatlardan birincisi Ümumdünya Sionist Təşkilatıdır (WZO), demək olar ki, yüz il əvvəl yaranmış və İsrail dövlətinin yaranmasında da mühüm rol oynamış beynəlxalq təşkilatdır.

Bu təşkilatın alt qurumu olan Qəsəbələr Bölməsi 1967-ci ildən bəri işğal olunmuş ərazilərin idarə olunmasına cavabdehdir.

Özünü “İsrail dövlətinin qolu” kimi təyin edən bu bölmə tamamilə İsrail dövlət vəsaitləri hesabına maliyyələşir.

Bu ərazilərdə məskunlaşma əleyhinə olan “Peace Now” qeyri-hökumət təşkilatının əldə etdiyi və BBC-nin nəzərdən keçirdiyi rəsmi yazışmalar göstərir ki, bu bölmə yaşayış məntəqələrinin salındığı bu əraziləri dəfələrlə bəzi şəxslərə verib..

Ümumdünya Sionist Təşkilatının bir bölməsinin müqavilə şərtləri binaların tikintisini qadağan etsə də və bu ərazilərin yalnız əkinçilik üçün istifadə oluna biləcəyini bildirsə də, peyk görüntüləri orada ən azı dörd nümunədə tikinti aparıldığını göstərdi.

Analoji müqaviləni 2018-ci ildə Zvi Bar Yosef adlı şəxs imzalayıb.

Yosef, Moşe Şarvitdə olduğu kimi, fələstinlilərə qarşı zorakılıq və hədə-qorxu ittihamı ilə Böyük Britaniya və ABŞ tərəfindən də sanksiyalara məruz qalmışdı.

BBC WZO rəsmiləri ilə əlaqə saxlayıb və onların bu ərazilərin qeyri-qanuni yaşayış məntəqələrinin tikintisi üçün istifadə edildiyindən xəbərdar olub-olmadığını soruşub.

Təşkilat suallarımıza cavab vermədi.

BBC də Zvi Bar Yosefə sual ünvanlayıb, lakin cavab almayıb.

BBC qrupları yəhudi miqrantlar üçün işləyən başqa bir təşkilat olan Amananın da bu qəsəbələrə maliyyə dəstəyi verdiyini göstərən iki sənəd əldə edib.

Bu misallardan birində təşkilat İsrail qanunlarına görə qeyri-qanuni hesab edilən yaşayış məntəqəsində istixana tikmək üçün miqrant yəhudiyə 270 min dollar kredit verib.

1978-ci ildə qurulan Amana həmin ildən İsrail hökuməti ilə İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikintisi ilə bağlı sıx əməkdaşlıq edir.

Ancaq son illərdə Amananın da bu qanunsuz məskunlaşmaları dəstəklədiyinə dair sübutlar artmaqdadır.

Bir hüquq müdafiəçisi 2021-ci ildə Amana rəhbərliyi toplantısında çıxış edənləri sızdırdı. Sözügedən qeyddə Amana CEO-su Ze’ev Heverin aşağıdakı sözləri eşidilir:

“Son üç il ərzində… Genişləndirdiyimiz əməliyyatlardan biri də heyvan fermaları (qəsəbələr) oldu

“Bu gün (nəzarət etdikləri) ərazi yaşayış məntəqələrindən demək olar ki, iki dəfə böyükdür.”

Bu il Kanada hökuməti Amana-nı “İordan çayının qərb sahilində sabitliyi pozan fəaliyyətlər həyata keçirən və fələstinli mülki vətəndaşlara qarşı zorakılıq tətbiqedən” şəxs və təşkilatlara qarşı tətbiq etdiyi sanksiyalarına daxil edib.

Bu sanksiyalarda qeyri-qanuni məskunlaşma məntəqələrindən (qəsəbələr) bəhs edilmirdi.

BBC Amanadan niyə bunlar üçün kredit verdiyini soruşdu. Təşkilat suallarımıza cavab vermədi.

Belə bir tendensiya da var ki, İsrail hökuməti geriyə doğru bu yaşayış məntəqələrinə rəsmi status verib. Verilən status onları İsrail dövlətinin gözündə qəsəbəyə çevirir.

Ötən il İsrail hökuməti ən azı 10 yaşayış məntəqəsinə rəsmi statusun verilməsi prosesinə başlayıb. Ən azı altısına də tam hüquqi status verildi.

Digər Kateqoriyalar

2023 © AzerVoice