Bakı, AzerPress:
Sultan I Muradın Kosovoda vəfat etməsindən sonra Anadoluda Osmanlıya tabe olan bəyliklər fürsətdən istifadə edərək dərhal hərəkətə keçdilər. Germiyanoğlu II Yaqub bəy daha əvvəl atası tərəfindən Osmanlıya verilən torpaqları geri aldı, Qara tatarların başçısı Mürüvvət bəy Kırşehri tutaraq Kadı Bürhanəddinə verdi. Səlcuq türklərinin varisləri olduqlarını iddia edən və digər bəyliklərin də onlara tabe olması istəyən Karamanoğulları bu dəfə üsyana başçılıq etdilər. Karamanoğlu Əlaəddin Ali bəy Beyşehiri alaraq Göllər Bölgəsini işğal etməklə yanaşı, Əskişəhərə qədər Osmanlı torpaqlarına hücum etdi.
Rumeli və Bizansda işlərini həll edərək Anadoluya gələn İldırım Bəyazid 1389-1390-cu illərdə iki ayrı səfər olmaqla, Aydın, Sanman, Həmid, Menteşe, Germiyan və Təkə bəyliklərini, həmçinin, Bizansa bağlı Alaşehiri Osmanlı torpaqlarına birləşdirdi. Fəth edilən ərazilərdə yerli sülalələr ləğv edilərək onların yerinə bilavasitə sultanın qulları və ya oğulları təyin olunurdu. Bizans imperatorunun oğlu Manuel və Candaroğlu Süleyman bəy də Bəyazidin ilk Anadolu yürüşünə qatılmışdılar. İldırım Bəyazid, Qərbi Anadoluda Osmanlı hökmranlığını qurduqdan sonra Karamanoğlu Əlaəddin Əli bəyin üzərinə yürüş etdi. Bu yürüşdən sonra Beyşehiri aldı və müqavimət göstərmədən Konyaya doğru irəlilədi və şəhəri mühasirəyə aldı. Osmanlılara qarşı təkbaşına müqavimət göstərə bilməyəcəyini bilən Əlaəddin Əli bəy Kadı Bürhanəddindən kömək istədi. Bu zaman İ.Bəyazidin daha çox güclənəcəyindən narahat olan və onunla ittifaqı pozan Candaroğlu Süleyman bəy Karamanoğlu Əli bəyə kömək etmək üçün Kadı Bürhanəddinlə razılaşdı.
İki hökmdar Kırşehirə gələrək Karamanoğlunun onlara qoşulmasını gözləməyə başladılar. Əlaəddin Əli bəy müttəfiqlərinin yanına getmək əvəzinə Konyanı hələ də mühasirəyə alan İldırım Bəyaziddən sülh istədi. Müqavilə ilə Beyşehir və ətrafındakı bəzi yerlər Osmanlıların ixtiyarına verildi və Çarşamba suyu ərazisinin iki dövlət arasındakı sərhədi təyin etməsi qərara alındı.
Artıq Candaroğlu Süleyman bəy cəzalandırılmalı idi. İldırım Bəyazid 1391-ci ildə quru yolu ilə Kastamonuya yürüş edir, digər tərəfdən Süleyman bəyi zəiflətmək üçün onun müttəfiqi Kadı Bürhanəddinlə düşmənçilik edən keçmiş Eretna bəyləri ilə əlaqə saxlayır.
Lakin qışın gəlişi və xüsusilə Kadı Bürhanəddinin Amasya ətrafına gəlişi ilə Osmanlılar geri çəkilməli oldu. İldırım Bəyazid növbəti il Candaroğluna zərbə vurmaq üçün qurudan hücuma keçərkən Süleyman bəyin qardaşı İsfəndiyar bəyin rəhbərlik etdiyi Osmanlı donanması Sinopa hücum etdi. Kastamonu Osmanlıların əlinə keçdi və Süleyman bəy edam edildi. Sultan Bəyazid İsfəndiyar bəyə özünə tabe olmaq şərtilə Sinopu idarə etməyə icazə verdi.
İldırım Bəyazid Kastamonunu ələ keçirdikdən sonra Kadı Bürhanəddinə tabe olan Osmancığı alaraq bölgədəki yerli ağalar üzərində nüfuzunu artırmağa çalışaraq iki hökmdar arasında bir müddətdir davam edən düşmənçiliyi daha da qızışdırdı.
Cəsur hökmdar olan Kadı Bürhanəddinin Osmanlılara dərhal təslim olmaq fikri yox idi. 1392-ci ildə Çorum yaxınlığındakı Kırkdilim qalası qarşısında Kadı Bürhanəddinlə Bəyazidin oğlu Ərtoğrul arasında gedən üç günlük döyüşdə Osmanlılar məğlub oldu və Şahzadə Ərtoğrul həyatını itirdi. Qazandığı zəfərlə adını bütün Anadoluya tanıdan Kadı Bürhanəddin Sivrihisar və Ankaraya qədər Osmanlı torpaqlarını talan etdi.
Elə həmin il Kadı Bürhanəddin tərəfindən mühasirəyə alınan Amasiya əmiri Əhməd İldırım Bəyaziddən kömək istəyir və qarşılığında şəhəri Osmanlılara təslim edir. 1393-cü ildə Amasyanı almaq üçün hərəkətə keçən Kadı Bürhanəddin, İldırım Bəyazidin güclü ordu ilə gələrək keçid yerlərini möhkəmləndirməsindən sonra Turhaldan Tokata, oradan da mərkəz olan Sivasa çəkildi. Amasiyaya daxil olan Osmanlı sultanı bir müddət bölgədə qaldıqdan sonra oğlu Çələbi Mehmedi Amasyaya Sancqbəyi təyin edib geri döndü. Çarşambada Taceddinoğulları, Merzifon ətrafında Taşanoğulları və Bafra əmiri kimi yerli bəyliklər Osmanlı hökmranlığını qəbul etdilər.
Kadı Bürhanəddin səfərdən qayıdan Osmanlı ordusuna qarşı kiçik hücumlar etməkdən başqa heç nə edə bilmədi. Daha sonra Karamanoğlu Əlaəddin Əli bəy onu ittifaqa çağırır, lakin bu ittifaq baş tutmur.
Şərq sərhədlərini nizama salan İldırım Bəyazid daha sonra bütün qüvvəsi ilə Rumeliyə doğru hərəkətə keçdi.
Silsilə xəbərlər
Ləman Əsədli
Twitter: Lamanasadli01