Əsas səhifə » Həccaca qarşı mübarizəyə qoşulan səhabə Abdullah ibn Ömər

Həccaca qarşı mübarizəyə qoşulan səhabə Abdullah ibn Ömər

Azer Voice

Bakı,AzerVoice

Abdullah ibn Ömər  Məhəmməd peyğəmbərin ən tanınmış səhabələrindən biridir. Abdullah Ömər ibn Xəttabın oğlu idi. Məhəmmədə peyğəmbərlik veriləndən ya üç, ya da bir il öncə Məkkədə doğulmuşdur. Abdullah ibn Ömər İslamı gənc yaşlarında qəbul edib, Mədinəyə hicrət etmişdir. Yetkinlik yaşına çatmadığına görə Bədr və Uhud döyüşlərində iştirak etməmişdir.
Ancaq, 18 yaşından sonra Xəndək döyüşündə, daha sonra Muta, Təbuk yürüşlərində və Məkkənin alınması uğrunda gedən müharibələrdə döyüşmüşdür.

Məhəmməd peyğəmbərin vəfatından sonra, Abdullah ibn Ömər siyasi məsələlərlə maraqlanmamış və ona görə də Xilafətdə heç bir vəzifə tutmamışdır. O, İslam ordusunun Şimali Afrikaya (hicri 27-ci ildə), Təbəristana, Xorasana (hicri 30-cü ildə) etdikləri yürüşlərdə iştirak etmişdir. Xəlifə Osmanın qətlindən sonra Abdullah ibn Ömər Əli ibn Əbu Talibin xəlifəliyini tanımışdır. Xilafətdə baş verən daxili savaşda Əliyə rəğbəti olsa belə, bitərəf qalmış, savaşlarda iştirak etməmişdir.
Müaviyə ibn Əbu Süfyan xəlifə olandan sonra, Abdullah ibn Ömər yenidən savaşlarda iştirak etməyə başlamış, Konstantinopolisin (İstanbulun) ətrafında gedən döyüşlərdə vuruşmuşdur.
O, Əməvi hakimiyyətinin təqiblərindən çəkinməyərək, amansızlığı ilə seçilmiş İraq valisi Həccaca qarşı mübarizəyə qoşulmuşdur.
Bundan başqa, Abdullah ibn Ömər Abdullah ibn Zübeyrə çox hörmət bəsləmiş və onun faciəli ölümünə görə qəlbdən üzülmüşdür. Abdullah ibn Ömər savadlı insan olmuşdur. O, Quran və onun təfsirinin, hədislərin, İslam fiqhinin yaxşı bilicisi kimi tanınırdı. Alimlərin bir çoxu hökmlər verərkən ona istinad etmişlər. Hicrətin 74-cü ilində, Abdullah ibn Ömər şəxsiyyəti bilinməyən bir nəfər tərəfindən həccdə olarkən, ağır xəsarət yetirilərək öldürülmüşdür. Rəvayətlərə görə, bu cinayəti Həccacın göndərdiyi adamlar həyata keçirmişdirlər.

Digər Kateqoriyalar

2023 © AzerVoice