Əsas səhifə » Fransanın agentura şəbəkəsinin ifşası Azərbaycan xüsusi xidmət orqanlarının əzmkar fəaliyyətinin nəticəsidir – Azər Qarayev

Fransanın agentura şəbəkəsinin ifşası Azərbaycan xüsusi xidmət orqanlarının əzmkar fəaliyyətinin nəticəsidir – Azər Qarayev

Aytac Suleymanova

Bakı. AzerPress:

Müasir dövrdə qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması ən vacib məsələlər sırasındadır. Azərbaycan təhlükəsizlik orqanları hər zaman dövlətimizin keşiyində durmaqla bu məsuliyyətli vəzifənin öhdəsindən gəlməyi bacarıb.

Bu sözləri AzerPress-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, bu gün təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin genişliyi, milli maraqların, eləcə də, dövlətçiliyin möhkəmləndirilməsində tutduğu prinsipial mövqeyi dəyişməzdir.

banner

“Heç bir xarici dövlətin xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycanda şəbəkə qurması, genişlənməsi, dövlətimiz üçün təhlükə yaradılması mümkün deyil. Bir sıra yerli və xarici KİV-də yayımlanan məlumatlardan da biz bu faktın növbəti dəfə şahidi olduq. Azərbaycanda öz şəbəkələrini qurmağa çalışan belə bir qrupun yüksək peşəkarlıqla qarşısı alındı.

Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması da Azərbaycan xüsusi xidmət orqanlarının əzmkar fəaliyyətinin nəticəsidir. Bu da bizim təhlükəsizlik orqanlarının öz vəzifələrini layiqincə yerinə yetirmələrindən, bu orqanlarda işini bilən peşəkar kadrların çalışmasından xəbər verir”.

A.Qarayev qeyd edib ki, bu gün Azərbaycan tək regionda yox, bütün dünyada nüfuz sahibi ölkələrdə birinə çevrilib. Bir çox hallarda böyük dövlətlər Azərbaycanla hesablaşmaq məcburiyyətində qalır.

“Bütün bu sadaladıqlarımız ölkəmizə qarşı qısqanclığı da artırır. Müxtəlif dövrlərdə Azərbaycanın güclənməsini qəbul edə bilməyən Fransa kimi dövlətlər və qüvvələr dövlətimizə qarşı müxtəlif yollarla müdaxilələr etməyə çalışıblar. Bu da, öz növbəsində, dövlətimizə qarşı olan qərəzli siyasətin, ikili yanaşmanın göstəricisidir.

Bu cəhdlərin təkrarlanması da istisna edilmir. Dünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda olduqca həssas regionumuzda Azərbaycan təhlükəsiz orqanları öz üzərlərinə düşən tapşırıqları, vəzifələri layiqincə yerinə yetirir. Vətəndaşlarımız da bu məsələdə diqqətli olmalı, heç bir halda xarici xidmət orqanlarının təsir dairəsinə düşüb onların fəaliyyətinə vasitə olmamalıdırlar”.

Digər Kateqoriyalar

2023 © AzerVoice