Əsas səhifə » Fransa məktəbdə mobil telefon qadağasını sınaqdan keçirəcək

Fransa məktəbdə mobil telefon qadağasını sınaqdan keçirəcək

Narmin Ağayeva

Bakı, AzerVoice

Fransa, 15 yaşına qədər olan şagirdlər üçün məktəblərdə mobil telefon istifadə qadağasını sınaqdan keçirməyə qərar verib.

AzerVoice xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Nikol Belloubet açıqlayıb.

Qadağanın əsas məqsədinin gənclərə “rəqəmsal fasilə” vermək olduğu, uğurlu olarsa isə yanvar ayından bütün məktəblərdə tətbiq ediləcəyini bildirib.

banner

Bu yeni tədbir, 2018-ci ildə qəbul edilmiş qanunu daha da sərtləşdirir.

Həmin qanuna görə, tələbələr məktəbdə telefonlarını yanlarında saxlaya bilsələr də, onlardan istifadə etmələri qadağandır.

Fransada yaradılmış komissiya, öz hesabatında uşaqların ekrana həddindən artıq məruz qalmasının onların sağlamlığına və inkişafına mənfi təsir göstərdiyi barədə narahatlığını ifadə edib.Rəqəmsal cihazların yuxu problemlərinə, fiziki fəaliyyətin azalmasına, artıq çəki artımına və görmə qabiliyyətinin pisləşməsinə səbəb olduğu bildirilib.

Mobil telefonlardan və digər rəqəmsal texnologiyalardan həddindən artıq istifadənin yalnız uşaqlar üçün deyil, həm də cəmiyyət və sivilizasiya üçün zərərli olduğu qeyd edilib.

Uşaqların mobil telefondan istifadəsinin isə mərhələli şəkildə idarə olunması tövsiyə edilib. Belə ki, ən azı 11 yaşa qədər mobil telefonsuz, 11-13 yaş arası interneti olmayan mobil telefonlar, 15 yaşa qədər isə internetə çıxışı olan, lakin sosial mediaya çıxışı olmayan telefonlardan istifadəsi təklif olunub.

Digər Kateqoriyalar

2023 © AzerVoice