Əsas səhifə » Feminizm gender bərabərliyi deyil

Feminizm gender bərabərliyi deyil

Aytac Suleymanova

Bakı. AzerPress:

Cəmiyyətin diqqət mərkəzində olan “gender bərabərliyi” anlayışı özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Ölkəmizdə irqindən,cinsindən, din və milliyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.

Əgər ölkə qadın və kişilərin hüquqlarını eyni qaydada qoruyursa və onlar arasında ayrı-seçkiliyə yol vermirsə, qadın-kişi bərabərliyi haqqında deyilənlər formal xarakter daşımırsa, deməli, orada gender bərabərliyinin təmin edilməsindən və insan hüquqlarının qorunmasından danışmaq olar. Lakin təəssüf ki, bu gün bütün ölkələrdə qadın-kişi hüquqları eyni səviyyədə təmin edilmir. 21-ci əsrdə yaşasaq da, qadınlarla hələ də orta əsrlərdə olduğu kimi davranan, qadın və kişilər arasında cinsi ayrı-seçkiliyə yol verən, qadının söz haqqını əlindən alan, təhsil almaq, işləmək hüququna məhəl qoymayan ölkələr var. Məsələn, 2020-ci il üzrə Gender Bərabərsizliyi İndeksinə görə, Yəmən dünyanın gender bərabərliyinin ən az təmin olunduğu ölkə olub (Buna səbəb isə, Yəməndə uzun müddət davam edən hərbi qarşıdurmalar olub).

Nəticə etibarilə, bəzi ölkələr qadınları şiddətdən qorumağa, onların işləməsi üçün stimullaşdırıcı tədbirlər görməyə çalışsalar da, bu məsələləri tam həll edə bilmir, qadınların iqtisadi fəallığına tam nail ola bilmir. Bu isə qadınların normal yaşamaq, yaxşı təhsil almaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüquqlarının pozulması ilə nəticələnir.

banner

Dünya praktikasına nəzər salsaq, qərbdə qadınlara seçki hüququ verən ilk dövlət 1893-cü ildə Yeni Zelandiya olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub. Azərbaycan qadınları qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.

Bu gün demək olar ki, Azərbaycan qadınları sadalanan hüquqların heç birindən məhrum deyillər. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlığa malik olması birmənalı şəkildə təsbit edilib. Konstitusiyada cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir, insan hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılması qadağan olunur.

Qadınlarımızın siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə və s. orqanlarda təmsil olunur, məsul vəzifələr daşıyırlar.

“Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Ancaq ölkəmizdə qadınların kişilərlə bərabər hüquqa malik olduğu qanuni olaraq sənəddə əks olunsa da, adətən fikir ayrılıqları yaranır. Nədənsə, gender bərabərliyi dedikdə bu anlayışın yalnız qadınlara aid olduğu kimi yanlış təbliğatlar aparılır və bu anlayış daha çox qadınlara qahmar çıxmaq, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində, bu, tam yanlış yanaşmadır. Təəssüf ki, bəzən müəyyən təbliğatlar fonunda “gender bərabərliyi” şüarı ilə feminist hərəkatlarına da rast gəlinir. Bəzi hallarda isə qadınların müdafiəsi artdıqca kişilərin hüquqları pozulur.

Gender bərabərliyi, həmçinin kişilərin də hüquqlarının qorunması, kişilərlə qadınların bərabər olduqlarını özündə ehtiva edir.

Həqiqətdir ki, müasir dövrümüzdə bir çox ailələrdə qadınlar kimi kişilər də kifayət qədər fəallıq nümayiş etdirirlər, belə ki, ev işlərinin görülməsində, uşaqların qayğısına qalmaqda onlar həyat yoldaşlarına aktiv şəkildə kömək edirlər. Amma bəzi hallarda qadınların kişiləri “istismarı” halları ilə də qarşılaşırıq. Məsələn, gününü gözəllik salonlarında, butiklərdə keçirməyi, qarderobunu bahalı brendlərlə doldurmağı sevən qadınlar heç bir yerdə işləmədikləri halda, kişidən maddi tələbatını ödəməyini israr edir. Bax budur, istismar. Kişi bu tələbin qarşılığını ödəmə qabiliyyətində olmadığını anlasa da, çox vaxt ailənin dağılmaması üçün normadan çox işləməyə məcbur olur. Təbii ki, bu misal hər bir qadına aid edilmədiyi kimi, bütün kişilərə də şamil olunmur.

Qadın hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin sayı-hesabı yoxdur. Bərabərlikdən danışırıqsa, əks-cinsin nümayəndələrini nəzərə almamaq mümkün deyil. Kişi hüquqları ilə bağlı hansısa beynəlxalq konvensiya, yaxud qurum varmı? Araşdırmamıza əsasən, dünyada kişi hüquqları ilə bağlı yeganə dövlət qurumu ABŞ-ın Nyu-Çersi ştatındakı kişilərin işlərinə dair komitədir. Kişilərin hüquqlarına bəzi hallarda regional müstəvidə baxılsa da, bir dəfə də olsun beynəlxalq müstəvidə baxılmayıb. Tədqiqatlar göstərir ki, kişi hüquqlarının ən çox pozulduğu cəmiyyət sovet cəmiyyəti olub və hazırda həmin sahədə estafet ABŞ-a keçib.

Feminist ruhda böyüyən və tərbiyə alan insanlar qadın hüquqlarının “müdafiəsi” zamanı nə qədər kişinin hüququnu pozduqlarını unudurlar. Qadın və kişi bərabərliyi Yeni Dünyanın qurulması üçün zəruri bir ruhani prinsipdir. Qadın və kişinin istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin maddi və ruhani tərəqqisi mümkün olmayacaqdır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice