Bakı. AzerPress:
Fələstin məsələsinin ədalətli siyasi həllinə nail olmadan bölgəmizdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair prezidenti Əbdülməcid Tebbunla ortaq mətbuat konfransında çıxışı zamanı bildirib.
“İsrailin müharibə cinayəti təşkil edən hücumlarını qəbul etmirik. Əsas məqsədimiz Qəzzada daimi atəşkəsin təmin edilməsi və humanitar yardımın fasiləsiz olaraq bölgəyə çatmasını təmin etməkdir. Paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması qaçılmazdır. Biz bu istiqamətdə əlimizdən gələni etməyə davam edəcəyik”, – deyə o vurğulayıb.
R.T.Ərdoğan onu da bildirib ki, müharibədə əsir götürülənlərin qaytarılması üçün Türkiyə Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı Qətərlə koordinasiyalı şəkildə fəaliyyətinə davam edir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 min 300-ə yüksəlib.