Əsas səhifə » Ermənistan çox təhlükəli yola çıxdı

Ermənistan çox təhlükəli yola çıxdı

Narmin Ağayeva

Bakı, AzerVoice

Bu gün Ermənistanda ABŞ ilə birgə “Eagle Partner 2024” hərbi təlimləri başlayıb.

İyulun 24-dək davam edəcək təlimlərdə Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrika Komandanlığının Quru Qoşunlarının 10-cu dağ-atıcı diviziyasının idarəetmə və rabitə taboru, habelə ABŞ-nin Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

“Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyanın tərkibində sülhməramlı əməliyyatlardakı hərbi hissələr arasında operativ uyğunluğu artırmaq, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi, habelə erməni hərbçilərin döyüş hazırlığının artırılmasıdır”, – təlimlərlə bağlı yayılan rəsmi açıqlamada deyilir.

Əslində, bu təlimlər Gürcüstanda keçirilməli “Noble Partner”in əvəzidir. Vaşinqton rəsmiləri Gürcüstan rəhbərliyini “aşkar anti-Qərb və anti-ABŞ ritorikası”nda suçlayaraq, sözügedən təlimləri təxirə salmışdılar. Pentaqon sonra fikrini dəyişdi və Gürcüstanda təlimləri iyulun 25-dən avqustun 6-dək keçirməyə qərar verdi.

banner

Rəsmi Tbilisinin mövqelərində iyulun 25-dək nəyin, niyə və necə dəyişəcəyi aydın deyil, çünki Gürcüstanın hakimiyyəti dairələri Vaşinqtondan alınan təlimatlar və göstərişlər çərçivəsində davranmaq niyyətində deyillər, mövqelərini dəyişmək fikirləri də yoxdur.

ABŞ Müdafiə Nazirliyi təlimləri 10 gün müddətinə təxirə salmaqla Tbilisidəki hökumətin mövqelərində köklü dəyişikliklərin yaşanacağına bel bağlayırdı. Bu isə rəsmi Tbilisinin eşitmək istəmədiyi zəif messic oldu.

Gürcüstanda keçirilməsi nəzərdə tutulan təlimləri Ermənistanda reallaşdırmaqla Birləşmiş Ştatlar, əslində, Cənubi Qafqazda hansı ölkəni özünə “əsl və əsas regional tərəfdaş” hesab etdiyini nəzərə çatdırır.

Ötən il amerikalılarla ermənilərin birgə hərbi təlimləri sentyabrın əvvəlində keçirilmişdi və Rusiyanın həddən artıq sərt reaksiyasına səbəb olmuşdu.

Bu gün başlayan təlimlərin də Moskva ilə İrəvan arasında onsuz da ifrat dərəcədə sərinləşmiş münasibətlərin daha da pisləşməsinə səbəb olacağı şübhə doğurmur.

Rəsmi Moskva əsla şübhə etmir ki, ABŞ və Ermənistanın birgə təlimləri rəsmi İrəvanın açıq şəkildə Rusiyaya meydan oxuması Qərbin qarşısında daha etibarlı tərəfdaş mövqeyi qazanmaq üçündür.

Xatırladaq ki, Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, bu qurumun son vaxtlarda keçirdiyi heç bir tədbirə qatılmayıb. Bunun müqabilində rəsmi İrəvan NATO-nun bir sıra ölkələri ilə, xüsusilə də ABŞ və Fransa ilə ikitərəfli hərbi tərəfdaşlığı, əlaqələri və təmasları sürətləndirir.

Həqiqətən də, son vaxtlar Birləşmiş Ştatlarla Ermənistan arasındakı təmaslar aktivləşib. ABŞ Dövlət Departamentinin yüksəkçinli mənsubları dalbadal İrəvana səfərlər ediblər. Yüksək səviyyədə ABŞ-Ermənistan dialoqu keçirilib və tərəflər qarşılıqlı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına gəliblər.

Eyni zamanda, ABŞ Senatının respublikaçı senatoru Rocer Uikerin başçılıq etdiyi ikipartiyalı heyət İrəvanda olub. İrəvanda keçirdiyi mətbuat konfransında senator R.Uiker Ermənistanı Cənubi Qafqazda Vaşinqtonun az qala “əsas tərəfdaşı” elan edib və daha sonra Azərbaycanı “Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağa” çağıraraq, öz aləmində Bakıya xəbərdarlıq edib. R.Uiker, əslində, Bakıya xitabında ölkəmizə geosiyasi prioritetlərinə yenidən baxmağı, Rusiya, Türkiyə və Çinlə əlaqələri strateji tərəfdaşlıqla müttəfiqlik səviyyəsindən “aşağı salmağı” tapşırmaq istəyib, amma buna cəsarət etməyib.

Ermənistanın baş naziri Nikol Paşinyansa Rusiyanın aparıcı rola malik olduğu bütün qurumlarda ölkəsinin iştirakını son iki ildə ardıcıl, qətiyyətli və planlı şəkildə zəiflətməkdədir. Söhbət sadəcə KTMT-dən yox, MDB ölkələrinin Avrasiya Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyindən də gedir.

Son olaraq İrəvan MDB ölkələrinin Parlamentlərarası Assambleyasında iştirak səviyyəsini aşağı salıb. Belə ki, qurumun Sankt-Peterburq şəhərində keçirilmiş sessiyasına Ermənistan parlamentinin spikeri Alen Simonyan yox, onun müavini Ruben Rubinyan yollanmışdı.

Təbii ki, bu aşkar demarş Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasətə və xüsusilə də bölgəmizdə formalaşmış geosiyasi reallıqlara münasibətinə Ermənistanın dövlətlərarası səviyyədə narazılığını nümayiş etdirməsidir. Rəsmi İrəvan Moskva ilə münasibətlərini ardıcıl şəkildə, qətiyyətlə zəiflətməkdə israrlı olduğunu göstərir.

ABŞ-nin Gürcüstanın daxili siyasətinə aşkar və kobud müdaxilələrindən, maliyyələşdirdiyi müxtəlif QHT-lər və siyasi qüvvələr, habelə media strukturları və siyasətçilər vasitəsilə mövcud iqtidarı devirmək cəhdlərini səngitməməsi rəsmi Tbilisinin səbr kasasını daşdırdığından Vaşinqton çıxış yolunu İrəvanla əlaqələri maksimal dərəcədə aktivləşdirməkdə görür.

Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış fürsətdən istifadə edərək, zəifləmiş hakimiyyətini qorumaq üçün faydalanmağa çalışır. O, faktiki olaraq Mixeil Saakaşvilinin yolunu gedir.

Paşinyan bu yolu sonadək gedərsə, Ermənistanı çox böyük itkilər və ağır vəziyyət göstərir ki, həmin situasiyanı indidən təxmin etmək çətindir.

ABŞ və Fransanın tükənməyən vədləri, şirnikləndirici bəyanatları, amerikalı və fransalı siyasətçilərin İrəvana çoxsaylı səfərləri, güzəştli kreditlər və yardımlarla bağlı sözlər – bütün bunlar Ermənistanın hakimiyyət dairələrində “Qərb yanımızdadır” illüziyasını yaradıb.

İllüziyanı gücləndirən məqamlar Azərbaycanın və Ermənistanın XİN başçılarının Vaşinqtonda, NATO sammiti çərçivəsində ABŞ-nin dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə danışıqlar aparması, bu günsə Ermənistanda ABŞ ilə birgə hərbi təlimlərin başlanmasıdır.

Halbuki Paşinyan və komandası xəyallara dalaraq gerçək vəziyyəti anlamırlar.

Reallıq isə budur ki, ABŞ və Fransanın Ermənistana olan marağı yalnız Cənubi Qafqaz bölgəsində bu ölkədən Rusiyaya qarşı oyunlarda vasitə kimi istifadə etməkdədir.

Qərbin problemləri artıb və bunu, NATO-nun Vaşinqtonda keçirilmiş yubiley sammiti də göstərdi. Məlum oldu ki, Avropadan kənarda və Asiya-Sakit Okean bölgəsindəki proseslərə ciddi müdaxilə üçün Şimali Atlantika Alyansının resursları, əsas isə marağı yetərli deyil.

Qərbi indi daha çox ABŞ-dəki “Tramp problemi” və NATO-nun lideri ABŞ-nin geosiyasi, iqtisadi və hərbi mövqelərinin zəifləməsi narahat edir.

Baş verənlərə NATO sammitində Ukrayna ilə bağlı bəyannamənin qəbulu göstərdi. Şimali Atlantika üzvlərinin təxminən 1/3 hissəsi, xüsusilə də Balkan dövlətləri, Türkiyə və Yunanıstan Ukraynaya yardımların artırılması məsələsində bitərəf qaldılar.

NATO-nun tarixində hələ belə parçalanma olmamışdı.

Kollektiv Qərbin siyasi isteblişmenti “Hər şey Ukrayna üçün!” qlobal siyasi diskursunu var qüvvəsi ilə dəstəkləsə də, Kiyevə vəd edilənlərin hələ də yarısını alıb.

Vaşinqtonda Kiyevə əlavə olaraq 40 milyard dollarlıq yardımlar da vəd olundu, amma bu pullar Ukraynaya borc qismində veriləcək.

Təbii, Ukraynaya bol vədlər də verildi.

Kollektiv Qərbin Avropadan kənarda geosiysi irəliləyiş üçün resurslarının olmadığı halda Ermənistanın Rusiya ilə qarşıdurmaya getməsi və bu prosesdə ABŞ ilə Avropa İttifaqına, xüsusilə də Fransaya bel bağlaması həddən ziyadə yanlış, təhlükəli və fəsadlı taktikadır.

ABŞ, Fransa və Avropa İttifaqının bəhs etdiyimiz situasiyada Cənubi Qafqazda yürütdükləri siyasət əsl avantüra təsiri bağışlayır.

Ermənilərin ümidlərinə və bəyanatlarına rəğmən, Qərbin gündəmindəki əsas məsələlər arasında ermənilərin istəkləri yoxdur.

Kollektiv Qərbi indi daha çox Asiya-Sakit Okean bölgəsində, Yaxın Şərqdə, Hindistan-Pakistan sərhəddində, Afrikada üzləşdiyi ağır problemlərin həll yollarının axtarışı maraqlandırır. Cənubi Qafqaz dünya siyasətindəki böyük geosiyasi oyunçular üçün əsla prioritet deyil.

Üstəlik, Azərbaycandan fərqli olaraq, Ermənistan Qərbi maraqlandıra və cəlb edə biləcək heç nəyə malik deyil. Nikol Paşinyan hələ də anlamaq istəmir ki, ermənilər kollektiv Qərb üçün kiçik demoqrafik qrup, Ermənistan isə zəif, yoxsul və ciddi perpspektivləri olmayan dövlətdir.

Elçin Alıoğlu

Digər Kateqoriyalar

2023 © AzerVoice