Əsas səhifə » Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir – Elçin Mirzəbəyli

Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir – Elçin Mirzəbəyli

Laman Asadli

Bakı. AzerPress:

Çin hazırda dünyanın ikinci iqtisadiyyatı hesab olunsa da, ölkənin xarici borcunun Ümumdaxili Məhsulla müqayisədə azlığı, xarici borcla bağlı qlobal sıralamalarda ABŞ, Almaniya, Kanada və digər ölkələrdən xeyli geridə olması, əslində fərqli reallıqların ortaya çıxmasına zəmin yaradır. 2022-ci ilin göstəricilərinə görə, 17,95 trillion ABŞ dolları ilə dünya ÜDM-nin 18,5%-ni təşkil edib. 2023-cü ildə də, bütün bədbin proqnozlara rəğmən Çin iqtisadiyyatı 5,5% böyüyüb və 2024-cü ilin proqnozlarına görə isə, ÇXR-in iqtisadiyyatında böyümə, ən azı 4,6% təşkil edəcək.

Bunu AzerPress-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, təkcə bu göstəricilər Çinin, artıq dünyanın iqtisadi-siyasi mərkəzlərindən birinə – super dövlətə çevrildiyindən xəbər verir.

banner

“Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir. 2022-ci ildə ikitərəfli ticarət əvvəlki illə müqayisədə 15% artıb.

2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın Çinlə ikitərəfli ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1% artaraq 1,62 milyard ABŞ dolları təşkil edib.

Çin Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin əlverişli coğrafi mövqeyinə böyük əhəmiyyət verir və onun regional əlaqələrin gücləndirilməsində, regional iqtisadi inkişafın təşviqində və qlobal sənaye və logistika zəncirlərinin sabitliyinin təmin edilməsində əhəmiyyətini yüksək qiymətləndirir. Həm Bakı, həm də Pekin hesab edir ki, “Bir kəmər, bir yol”un birgə tikintisi “Orta Dəhliz” konsepsiyasına yüksək dərəcədə uyğun gəlir və tərəflərin ümumi maraqlarını ifadə edir”, – deyə o, qeyd edib.

E.Mirzəbəyli bildirib ki, hazırda Azərbaycan-Çin strateji tərəfdaşlığının gücləndirilməsi üçün geniş imkanlar yaranıb və hər iki ölkə yaranmış tarixi fürsətdən məharətlə istifadə etməyi bacarırlar.

“Azərbaycan Prezidenti ilə Çin sədrinin şəxsi dostluq münasibətləri isə, iki ölkə arasındakı etimadlı və qarşılıqlı faydalı münasibətlərin formalaşmasına böyük töhfələr verməklə yanaşı, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə böyük ümidlər yaradır.

Azərbaycan öz strateji tərəfdaşlarını düzgün seçir və geridə qalan zaman kəsiyində ölkəmizin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsi ilə bağlı atılan addımların göz önündə olan nəticəsi də bu faktı sübuta yetirir. Ermənistan isə, ənənəsinə uyğun olaraq, bölgədə və dünyada yaranmış reallıqları qəbul etməkdənsə, Azərbaycanın tərəfdaşları ilə balans yaratmaq üçün uğursuz manevrlərini davam etdirir. Rəsmi İrəvanın, regiona nəinki heç bir təsir imkanı, bütövlükdə Cənubi Qafqazla yaxından-uzağa heç bir əlaqəsi olmayan Hindistana üz tutması da, bu uğursuz balansyaratma siyasətinin bir hissəsidir. Hindistan isə nəinki super dövlət deyil, hətta nəinki yaxın, uzaq perspektivdə belə bu ölkənin supergüc statusuna yiyələnməsi mümkün görünmür.

Hindistan iqtisadiyyatında mövcud olan problemlər – yüksək bərabərsizlik və yoxsulluq, ixtisaslı kadrlarla bağlı çətinliklər, infrastruktur çətinlikləri ölkə iqtisadiyyatının sabit inkişafına ciddi maneələr yaradır. İşsizlik, xüsusilə də gənclər arasında yüksək olaraq qalır və belə şəraitdə gənclərin cəmiyyətə inteqrasiyası çətinləşir, sosial qeyri-sabitlik təhlükələri yaranır – demoqrafik üstünlük risk faktoruna çevrilir.

Azərbaycan-Çin münasibətləri isə böyük perspektivlər vəd edir və bu amil özünü ÇXR sədrinin Prezident İlham Əliyevə təbrik məktubunda da əks etdirir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin təbrik məktubunda ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltməkdən bəhs edir ki, bu da istisnasız olaraq, strateji tərəfdaşlıqlıq münasibətlərinin daha da gücləndiriləcəyi anlamına gəlir”, – deyə E.Mirzəbəyli əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice