Əsas səhifə » Beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz şəkildə geri dönsün – Zəfər Sırakaya

Beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz şəkildə geri dönsün – Zəfər Sırakaya

Aytac Suleymanova

Bakı. AzerPress:

Ermənistandan didərgin düşən azərbaycanlıların öz torpaqlarına qayıtması çox önəmlidir.

AzerPress xəbər verir ki, bunu Türkiyənin Ədalət Və İnkişaf Partiyasının (AKP) sədr müavini Zəfər Sırakaya “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Birinci Qarabağ Müharibəsi silinməz yaralar açdı. Minlərlə insan öz doğma torpaqlarından didərgin düşdü. Onların mədəni abidələri, ibadət yerləri dağıdılıb. Həmin insanlar ədalətli şəkildə torpaqlarına geri dönməlidir”, – deyə o əlavə edib.

banner

Z.Sırakaya bildirib ki, Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə regiondakı ədalətsizliyə son qoydu.

“İndi beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz və ədalətli şəkildə geri dönsün. Beynəlxalq təşkilatların bu prosesdə rolu böyükdür və kənarda qala bilməz. Biz çox gözəl bilirik ki, Azərbaycan antiterror əməliyyatlarında Qarabağın erməni əhalisinə çağırış edərək, orada qalmalarını, birgəyaşayışın mümkün olduğunu bildirib. Lakin Ermənistanda olan müəyyən qruplar regionda olan vəziyyətin əksinə hərəkət etdilər. Ermənistana dəstək olan o dairələr bu gün insan hüquqlarının təminindən danışırlar. Amma Ermənistan didərgin düşən azərbaycanlılara göz yumub”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice