Əsas səhifə » Bakıda İqlim üzrə Fəaliyyət Həftəsi başa çatıb

Bakıda İqlim üzrə Fəaliyyət Həftəsi başa çatıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

Bakıda “İqlim sahəsində fəaliyyət üçün tədqiqatların və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda iqlim elmi üzrə konfrans başa çatıb.

AzerVoice xəbər verir ki, bu Bakıda keçirilən “iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi”-ni yekunlaşdıran tədbirlərdən biridir.

Konfransın gündəliyinə aşağıdakı mövzular üzrə panel müzakirələr daxil olub: “İstixana qazlarının emissiyalarının başa düşülməsində inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu”, “Elmi problemlərin həllində qlobal və regional əməkdaşlığın rolu”, “İqlim dəyişikliyinin və paradiqmaların dəyişməsinin transsərhəd suların idarə edilməsinə təsiri”.

banner

Bakıda ilk dəfə keçirilən “iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayıb.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupunun (IPCC) icraçı katibinin müavini Ermira Fida bildirib ki, elm iqlim fəaliyyətini sübut bazası ilə təmin edə bilər.

“Son vaxtlar dünyada geniş diqqətə səbəb olan ekstremal hava hadisələri, o cümlədən, ABŞ-nin cənub-şərqinə təsir edən “Helen” qasırğası iqlim dəyişikliyinin artan təsirinin parlaq nümunəsidir. Bu hadisələr milyonlarla insana təsir edir və təcili tədbirlərin zəruriliyini bir daha xatırladır.

Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizədə məqsədlər və real qlobal tədbirlər arasında ciddi bir uçurum mövcuddur. Elm həllərin hazırlanması üçün sübut bazası təqdim edə bilər, lakin yalnız bu, siyasi fəaliyyətsizlik nəticəsində yaranmış boşluğu doldurmaq üçün kifayət deyil. Elmi məlumatların real tədbirlərə çevrilməsi siyasətçilərdən asılıdır”, – o vurğulayıb.

Onun sözlərinə görə, IPCC BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) prosesinin formalaşdırılmasında mühüm rol oynayıb və iqlim siyasətinin gücləndirilməsi və beynəlxalq sazişlərin bağlanması üçün elmi əsaslar təqdim edib. 1990-cı ildə IPCC-nin ilk qiymətləndirmə hesabatından başlayaraq, hər bir növbəti hesabat qlobal iqlim tədbirlərinin istiqamətini müəyyən edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice