Bakı. AzerPress:
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə ilə də əlaqələrin normallaşmasına müsbət təsir edəcək.
AzerPress xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ortaq mətbuat konfransında çıxışı zamanı deyib.
“Türkiyə olaraq, Azərbaycan və Ermənistan arasında daimi sülh və sərhədlərin müəyyən edilməsi sazişlərinin müsbət irəliləyişini alqışlayırıq. Bütün tərəflər sülh və normallaşma mühiti yaratmağa çalışmalıdır. Təəssüflər olsun ki, erməni diasporu bəzi ölkələri Azərbaycana qarşı təhrik edir”, – deyə o qeyd edib.
H.Fidan onu da vurğulayıb ki, regiondan kənarda olan bütün aktorlar da bölgədəki normallaşmanı təşviq edən siyasətlərə əməl etməlidirlər.
“İki ölkə arasında etimadı artıran konkret addımların atılması ilə bağlı son qərardan da məmnunuq. Ümid edirik ki, belə addımlar davam edəcək və hərtərəfli sülh sazişinə zəmin yaradacaq. Regional sabitlik və sülhün təmin edilməsi üçün qardaş Azərbaycanla sıx koordinasiyamızı davam etdirəcəyik”, – deyə türkiyəli nazir əlavə edib.