Bakı, AzerPress:
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən dövlət qurumları nümayəndələrinin, şirkətlərin rəhbərlərinin, mühəndislərin iştirakı ilə sektor görüşü keçirilib.
AzerPress xəbər verir ki, əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov sektor görüşü barədə məlumat verib.
O, bundan sonra hər ay müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə belə görüşlərin təşkil olunacağını bildirib, həmçinin, “Bilişim Vadisi Bakı”da görülən işlər, universitetlərdə texnoparkların yaradılmasının önəmindən danışıb.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyi bildirib.
“Artıq universitetlər də tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. 44 günlük müharibədə Azərbaycan Ordusunun savaş strategiyası, müasir texnologiyalardan düzgün istifadə olunması dünya hərb tarixində bir ilk idi. Müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövlətin diqqət mərkəzindədir. Regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitet olan AzTU-nun bu istiqamətdə üzərinə böyük vəzifələr düşür. Müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrlar AzTU-nun xüsusi texnika və texnologiya fakültəsində hazırlanır. Müdafiə sənayesi sahəsində AzTU Türkiyə universitetləri və şirkətləri ilə sıx əməkdaşlıq edir”, – deyə o əlavə edib.
Tədbirdə “Bilişim Vadisi Bakı”nın rezidenti Türkiyənin “Ordulu Texnologiya” şirkətinin qurucusu Nizaməddin Ordulu “Süni intellektə əsaslanan sistemlərdən istehsal olunan texnologiyaların gələcək hərbi əməliyyatların idarə edilməsinə mümkün təsirləri” adlı təqdimatla çıxış edib.
Nizaməddin Ordulu təqdimat zamanı mövzuya müvafiq olaraq bu istiqamətdə texnoloji yeniliklər haqqında məlumat verib. O, 44 günlük müharibədə süni intellekt texnologiyalarından istifadə olunduğunu da diqqətə çatdırıb.
Daha sonra AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” ziyarət olunub.