Bakı. AzerPress:
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Araz Əzimov və Aleksandr Qruşko Bakıda siyasi məsləhətləşmələr keçirib.
AzerPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, regional və Avropa təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) qarşılıqlı əlaqələr, Avropa Şurasındakı vəziyyət və iki ölkənin Avropa İttifaqı (Aİ) və NATO ilə münasibətləri, o cümlədən, ikitərəfli və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunub.
Məlumatda, həmçinin, Aleksandr Qruşkonun Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul olunduğu bildirilir.
“Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirilib”, – məlumatda deyilir.
Bundan başqa, görüşlərdə region dövlətlərinin Cənubi Qafqazda sabitliyin dəstəklənməsində aparıcı rolunun və xüsusi məsuliyyətinin vurğulandığı qeyd olunub.