Əsas səhifə » Albayrak Group və Trend BİA-nın təşkilatçılığı ilə Bakıda “Xətt Sənəti”

Albayrak Group və Trend BİA-nın təşkilatçılığı ilə Bakıda “Xətt Sənəti”

admin

Bakı. Azer.Press:

Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin “Albayrak Group” şirkəti və Trend BİA-nın təşkilatçılığı, TurkicWorld və Alport Baku-nun dəstəyi ilə “Xətt Sənəti” sərgisinin açılışı olub.

Azer.Press xəbər verir ki, sərgidə xəttatlıq sənətinə aid 40-dan çox əsər nümayiş olunub.

Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, “Albayrak Media Group”unun beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fateh Toğrul, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu, dövlət və ictimaiyyət xadimləri, mədəniyyət və elm nümayəndələri, media nümayəndələri iştirak edib.

banner

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qeyd edib ki, bu gün türk islam mədəniyyət nümunələrimizi əks etdirən bu sərgi çox dəyərlidir.

“Qardaş Azərbaycanda qarşlıqlı olaraq müxtəlif sərgilərin keçirilməsi çox qiymətlidir.
Bugün Azərbaycan və Türkiyə arasında müttəfiqlik səviyyəsi ruhunu Şuşa Bəyannaməsindən alır. Bu bəyənnamə Qarabağ zəfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ortaya qoyulan iradənin bəyanıdır. Biz bu çərçivədə irəliyə doğru gedirik. Münasibətlərimizi də hər sahədə daha da inkişaf etdirmək istəyirik”,- deyə səfir əlavə edib.

“Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu həmçinin öz çıxısında qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri həyatımızın bütün sahələrini əhatə edir.

“Bu gün iki qardaş ölkə arasındakı əlaqələr media sahəsində də inkişaf edib. 2021-ci ildə Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin “Albayrak Media Group”un təsis etdiyi “Türk Dünyası” (Turkic.World) media platforması öz işinə başlayıb.

Bugün də burada toplaşmağımızın əsas səbəbi “Albayrak Media Group” xəttatlıq sənəti sərgisini təşkil etməsidir”,- deyə o əlavə edib.

“Albayrak Media Group”unun beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fateh Toğrul isə bildirib ki, Azərbaycan keçmişdən bugünə qədər İslam mədəniyyət izlərini və mədəniyyəti yaşadan memarlığı ilə könüllərdə xüsusi bir yerə sahibdir.

“”Albayrak Media Group”u olaraq 9 ildir davam etdirdiyimiz “Xətt sənəti” sərgisi başda İstanbul olmaq üzrə Türkiyənin dörd yanında, 10 fərqli şəhərdə keçirilib

Uzun illərdir davam etdirdiyimiz bu sərgi bugün Azərbaycanda keçirilərək, güclü qardaşlıq əlaqələrimizə töhfə verəcəkdir”,- deyə o vurğulayıb.

Sərgi zamanı iştirakçılara xəttatlıq sənəti haqqında məlumat verilməklə yanaşı, əsərlərin azərbaycanca tərcüməsi də təqdim edilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya və Trend BİA-nın direktor müavini Sahil Kərimliyə “Albayrak Media Group” tərəfindən İslam xəttatlıq sənətinə aid panellər təqdim olunub.

Sərgidə Azərbaycan milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atmış Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəcəfovun ney ifası da təqdim olunub.

Qeyd edək ki, İslam sivilizasiyasının zəngin mədəni irsinin bir parçası olan xəttatlıq sənəti keçmişdən bu günə qədər ənənəvi sənətlər arasında özünəməxsus yerini qoruyub saxlayır. “Albayrak Media Group”u hər il fərqli bir mövzu ətrafında xəttatlıq əsərlərini bir araya gətirərək, gənc sənətsevərlərlə ustad xəttatları bir araya gətirməyə davam edir.

Sərgi oktyabrın 15-dək ziyarətçiləri qəbul edəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice