Əsas səhifə » Abbasilər və Əməvilər dövründə elm (Birinci hissə)

Abbasilər və Əməvilər dövründə elm (Birinci hissə)

Azer Voice

Bakı, AzerVoice

Əməvilər dövrünün elmi töhfələrini təhlil edə biləcək qədər dəlillərimiz yoxdur. İslamın ilk dövrlərində ərəblər müxtəlif elmlərə (Yunan dilində olan tibb əsərinin Cündişapurda süryanicəyə tərcümə olunması sayəsində xüsusilə tibblə) maraqlanırdılar. Həzrət peyğəmbər “elmi cəhətdən təhsilli ilk Ərəb tibb mütəxəssisi” olan “özündən yaşca böyük müasiri” Haris ibn Kələdənini (ö. 670) tanıyırdı. Müsəlmanlar elmə qarşı böyük hörmət bəslədiklərinə görə fəthlər zamanı Bizans və Sasani imperiyasına aid elm mərkəzlərini qorumuşdular. Cündişapur İslam dünyası üçün bir elm mərkəzi olmuş və oradakı alimlər Əməvilərin paytaxtı olan və Əməvi Xilafəti dövründə İslam elmlərinin bünövrəsinin qoyulduğu Şama getmişdilər.
Əməvilərdən sonra dünyaya hakim olan İslam elmi Abbasilər dövründə parlamışdır. Bağdadın qurucusu və ikinci Abbasi xəlifəsi Mənsurun hakimiyyəti elmi yenilik və nailiyyətlərlə yadda qalmışdır. Bəzi tarixçilərə görə, bu şəhərin quruluşu yeni bir cəmiyyətin də başlanğıcı olmuşdur.

Sahib olduğu mədəniyyət və dövr nəzərə alınanda bu başlanğıc çox mühüm bir uğurun ilk addımları olmuşdur. Hindistan, Bizans İmperiyası və İrandan gələn alimlər müsəlmanlardan elm öyrənmək üçün yalnız Bağdadda deyil, Bəsrə və Kufədə də toplanırdılar. Elmə lazım olan hər şey, müzakirə və mətnlər daha əvvəl elmdə istifadə olunmayan bir dildə hazırlanırdı. Hər şey şərh olunmadan əvvəl ərəb dilinə tərcümə edilməli idi. Beləliklə, yeni terminlər yaranır, yaradıcılıq qabiliyyəti artırdı.
Elmə töhfə verən bəzi müsəlmanların adları ya qeyd olunmamış, ya da itmişdir. Müsəlmanlar hələ Yunan həndəsəsindən xəbərdar olmadıqları zaman belə “yunanlardan daha doğru”, daha dəqiq bir “pi” sayı ilə dairənin çevrəsini hesablaya bilirdilər.

Astronomiyada müsəlman alimlərin adlarının Qərb adlarına bənzədilərək və yaxud dəyişdirilərək yox edildiyinə dair çox sayda dəlil mövcuddur. Astronomiya sahəsinin böyük mütəxəssislərindən Uilyam C. Kaufman deyir ki, “Göy üzünün parlaq ulduzlarının çoxu ərəb adı daşıyır”. Kaufman buna qaranlıq göy üzünün ən məşhuru olan Böyük Ayını meydana gətirən ulduzların adlarını nümunə verir: Alkaid, Mizar, Alioth, Megrez, Dubhe, Pheebe və Maraq. Latınlaşdırılmış bu adların ərəb mənşəli olduğu aşkardır. Lakin bunların xaricindəki adlar tanınmaz vəziyyətə düşmüşdür. 850-dən çox ulduz müsəlmanların verdiyi adı daşıyırdı. Çoxu latınlaşdırılmış və ya dəyişdirilmişdir. Məsələn, Libra ulduz qrupundakı ən parlaq ulduz olan və əsrlər boyu müsəlmanların qoyduğu Zəbən əl-Cənubi (Cənub Qiffə) adı ilə tanınan ulduz indi Alfa Libra adlandırılır.

Abbasilər dövrünün əvvəllərində astronomiya və riya- ziyyat sahələrində az elmi fəaliyyətlərin həyata keçirildiyinə dair yazılı mənbələr vardır. Həmin sahələrə əhəmiyyət verilməsi təbiidir. Çünki həmin dövrdə İslam dünyası çox geniş idi, Cənub yarımkürəsində Atlantik okeanından Sakit okeana qədər uzanırdı. Məkkənin hansı hissədə qaldığı bilinməli və namaz vaxtları hər bölgəyə görə müəyyənləşdirilməli idi. Buna görə də hesablamaların doğru olmasına əsrlər boyu əhəmiyyət verilmişdir.
Elmi fəaliyyətlər sürətlənmiş və kitabxanaların bu sahədə böyük faydası olmuşdur. Xəlifə Həkimin Darül-Hikməsinin bir parçası olan kitabxana, dövrün digər kitabxanalarından çox irəlidə idi,çünki bütün elmlər orada təmsil olunurdu. Çox sonralar Qahirədə elmin hər sahəsinə aid kitablarla dolu qırx otaqdan ibarət başqa bir kitabxana da məşhurlaşmışdır.

Hicrətin ilk əsrlərində müsəlmanlar yer üzünün ən qədim elmi cihazı olduğuna inanılan Yunan astrolabını aşkarlamışdılar. Müsəlmanlar bu cihazı özləri ilə eyniləşdirilməsini təmin etmiş, yəni uzun müddət istifadə etmişdilər. Astrolabdan danışdığı bilinən ilk əsər VI əsrin əvvəllərində yaşayan yunan filosof Simplikiyə aiddir. Astrolab haqqında doğru bir təsvir meydana qoyan bir digər əsəri də eyni dövrdə İoan Filoponus yazmışdır. Təxminən otuz il sonra Süryani bir yepiskop olan Seberus Seboxt yunan mənbələrinə istinad edən elmi bir tədqiqat hazırlamışdır. Qərb alimləri Filoponusun təsvir etdiyi astrolabın astronomlar tərəfindən min ildən çox istifadə edildiyinə inanırlar. Digər tərəfdən İslam mənbələri müsəlmanların “dəqiq olaraq bir Ərəb sistemi olan irtifa və azimutdan istifadə edərək səmanın koordinatlarının ölçülməsi”ni həyata keçirdiklərindən bəhs edir. Ronan “azimut” sözünün ərəb mənşəli olduğuna diqqət çəkir. Əbu Mənsur əl-Xarəzmi astrolabdan daha səmərəli istifadə olunmasına dair başqa təşəbbüsü qeyd edir. Təxminən bir əsr sonra Əli ibn Xələf və daha sonralar Qərbdə Azerquiel kimi tanınan ibn Yunus başqa töhfələr vermişdilər.

İbrahim əl-Fəzari (ö. 796 və yaxud 806) astrolab düzəldən ilk müsəlmandır. Yüz il sonra Hamid ibn Əli və Əli ibn Musa ən yaxşı astrolabı düzəldənlər olaraq şöhrət qazanmışdılar. Zərqali (1028-1087) daha sonra latınca “saphaca arzechelis” adlandırılan (Qərbdə azafea kimi də tanınan səfihə adlı) daha inkişaf etdirilmiş bir astrolab ixtira etmişdir. Biruni iranlı bir astronom və riyaziyyatçı olan Əbu Səid əl-Siczinin (945-1020) günəşmərkəzli nəzəriyyəyə istinad edən bir astrolab yaratdığından bəhs edir.

Astrolab müsəlmanların astronomiya tədqiqatlarında istifadə etdikləri ən mürəkkəb cihazdır. Xətti, dairəvi, mexaniki astrolablarla astrolab saatları adlandırılan müxtəlif növləri yaratmışdılar. Həmçinin kadrant, həlqəli astrolab, diyopter, kompas, günəş saatı və ekvatoryum kimi cihazları da müsəlmanlar icad etmişdilər.

banner

Əlkimya

İslamın yaranmasından bir əsr yarım keçməmiş müsəlman elmi doğdu. Bu elmin yaranmasında Cabir ibn Həyyanın (ö. 803) böyük rolu olmuşdur. Sabii olmasına bax- mayaraq, Bağdaddakı müsəlman alimlərin və elmi ictimaiyyətin bir üzvü idi. Qərbdə kimyagər Cabir kimi tanınır. Cabir fəlsəfi mənada da həqiqi bir kimyagər (ərəb dilində əl-kimyadan gəlir) idi. Çünki ən çox “ruhun saflaşdırılması” ilə maraqlanırdı. Əlkimyada ən geniş yayılmış inanc, adi metalların qızıla çevrilə biləcəyidir. Metafizikaya dayanan bu abstrakt fəlsəfə “Britannika Ensiklopediyası”nda “insan ilə kainatın əlaqəsini kəşf etmək və bu əlaqəni öz faydası üçün istifadə etmək” şəklində izah olunur.

Əlkimya həm də kimya elminin başlanğıcıdır və “kimya” sözü “əlkimya”dan gəlir. Əlkimya “metallar və mineralların diqqətlə araşdırılmasını təşviq etmişdir”. Cabir əlkimya haqqında yazdığı və fəlsəfəsini izah etdiyi kitabları ilə məşhurdur. O, böyük elm adamına çevrilən bir kimyagərə də mükəmməl bir nümunədir. Çünki yunanların əlkimya sahəsindəki düşüncə və metodlarını düzəltmişdir. Yunanlar bütün metalların eyni olduğuna və buna görə də hər birinin istənilən başqa bir şeyə çevrilə biləcəyinə inanırdılar. Yunanların metodu sərhədsiz mübahisə və iddialardan ibarət idi. Cabirin metallar və digər kimyəvi maddələrlə təcrübələr həyata keçirdiyi bir laboratoriyası var idi. Buna görə də müasir kimyanın əsas qurucularından sayılır. Onun laboratoriya tədqiqatları haqqındakı izahları, təcrübi kimya tədqiqatlarının mühüm dəlilləridir. Cabirin tədqiqatları barəsindəki izahlar arasında kimyəvi qatışıqların və metalların saflaşdırılması, polad və müxtəlif kimyəvi maddələrin hazırlanması, parça və dəri rəngləmə və turşuların düzəldilməsi var idi. Həmin dövrdə bilinən ən güclü turşu sirkə idi. Cabir damcılatma üsulu ilə daha güclü bir sirkə turşusu yaratmışdı. Onun bu uğuru mühüm bir inkişaf sayılırdı, çünkü o vaxta qə- dər kimyəvi dəyişikliyi yalnız istiliklə meydana gətirmək mümkün idi. Daha güclü bir turşu kimyəvi dəyişiklik meydana gətirməklə fərqli bir metod yaratmışdır. Cabir elmi metodlara böyük həssaslıqla riayət edirdi. Məsələn, metalları üç növə ayırmışdı: Uçucu “ruhlar”, forması dəyişən metallar və forması dəyişməyən maddələr. Cabir ilk növbədə mükəmməl bir təcrübə mütəxəssisi idi.

Cabirin tədqiqatlarında istifadə etdiyi ərəb dilindəki texniki terminlər Avropa dillərinə olduğu kimi nəql olunmuşdur. Alkali (qələvi), antimon (stibium), imbik (damcılatma kolbasının üst hissəsi), ludal (alt hissəsi), qırmızı zırnık (realgar/mərgümüş) və müasir dövrdə ingilis dilində istifadə olunmayan “tutya” (çinko oksid) və s. Böyük ehtimalla Cabir yunanların mövcudiyyətindən xəbərdar olmadığı və ilk dəfə özünün haqqında danışdığı yeni bir kimyəvi maddə olan ammon duzunu (sal ammoniac) kəşf etmişdir. Cabir kimyagərlərin həll etməli olduğu ən çətin problem olan, bütün xəstəlikləri müalicə edən və ömrü uzadan bir maddənin var olma ehtimalını meydana çıxarmışdır. Çünki belə bir maddə yaratmaq üçün aparılan təcrübələrə (daha sonra ərəb dilində “əl-iksir”dən gələn “elixir” adlandırılan) bir növ quru toza ehtiyac var idi.

Cabirin kitabları simya və kimya sahəsində uzun müddət ən mühüm əsərlər olmuşdur. XVI əsrdə İtaliya və Almaniya alimləri bu sahədəki üstünlüyü ələ keçirənə qədər Avropada buna bənzər yazılar yazılmamışdır. Bundan sonra da Cabirin latınlaşdırılmış adı “Geber” Avropada şöhrətini qorumağa davam etmişdir. Cabirin adı elə məşhur və mötəbər olmuşdur ki, ölümündən beş əsr sonra sülfirik (kükürd) turşusunu tapan məchul bir elm adamı, dərhal qəbul edilməsi üçün onun Cabirin kəşfi olduğunu söyləmişdir. Meyerofa görə, “Avropadakı əlkimya və kimya tarixinin inkişafını təhlil etməklə Cabirin təsirini anlamaq mümkündür”. Onun əlkimya (beləliklə, həm də kimya) sahəsindəki tədqiqatlarının Avropada tanınması başqa bir müsəlman alim sayəsində mümkün olmuşdur. Cabirdən bir əsr sonra anadan olmuş bu şəxs Qərbdə Rhazes və yaxud Rasis kimi tanınan Əbu Bəkr Məhəmməd ibn Zəkə- riyyə əl-Razidir (hicri 254-313 və yaxud 323/ miladi 854- 925 və yaxud 935). Razi Orta əsrlərin ən böyük doktorlarından biri oduğu üçün Cabirdən də məşhur idi. Sarton bunu “həqiqi bir kimyagər” olması ilə əlaqələndirir. O, kimya ilə əlaqəli içində kimyəvi cihazları təsvir etdiyi və mineral maddələri təsnif etməyə çalışdığı bir əsər yazdı. Ən az onlar qədər mühüm olan başqa bir şey də kimya haqqında bildiklərini həkimliyində də tətbiq etməyə çalışmasıdır.

Bu elm sahəsindəki əsas əsəri olan “Kitabül-əsrar”ı (Sirlər kitabı) “məşhur tərcüməçi” Kremonalı Cerard 1187-ci ildə latın dilinə tərcümə etmişdir. Bu əsər “yerini XIII əsrdə Cabirin tədqiqatlarına verənə qədər kimya sahəsində ən məşhur mənbə” kimi istifadə olundu. Rocer Bekon bu əsərdən söhbət açmışdır. Razi “təcrübə ilə doğruluğu isbat edilə bilən” mövzular haqqında tədqiqat apardığı üçün həqiqi bir elm adamı idi. Müsəlmanların kimya sahəsindəki tədqiqatları müəyyən bir sistem daxilində olmasa da, əsrlər boyu davam etmişdir. Xəstəliklərin müalicəsinə böyük əhəmiyyət vermiş və kimya sahəsindəki tədqiqatlarını farmakologiyanin bir sahəsi kimi davam etdirmişdilər. Bu həqiqət İbn Sinanın “əl-Qanun fit-Tibb” (Tibb qanunu) və “Kitabüş-Şifa” (Şəfa kitabı) kimi orta əsrlərin ən məşhur tibb kitablarında açıq şəkildə görünür. Bu əsərlərdə İbn Sina mineralları təsnif etmiş və necə yarandıqlarına dair fərziyyələr irəli sürmüşdür. Tibbin bir sahəsi olan farmakologiyadan daha təfsilatlı şəkildə onuncu fəsildə bəhs olunmuşdur. Botanikanın təbiət elmi deyil, tibb elmi hesab olunması da mühüm hadisədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice