Əsas səhifə » Abbasilər dönəmində İslam

Abbasilər dönəmində İslam

Azer Voice

Bakı, VOA

Abbasi xəlifələrindən üçünün hekayəsi qəribə bir təsadüfü və yaxud taleyi, alın yazısını göstərir. İslam tarixi baxımından misilsiz və fərqlənən gecədə bir xəlifə vəfat etmiş, digəri vəzifəni tutmuş, üçüncüsü isə doğulmuşdur. Vəfat edən Mehdi, taxta çıxan Harun ər-Rəşid və yeni doğulan da Məmundur.

Harun ər-Rəşid üç səbəbə görə onların arasında ən məşhurudur. O, dünyanın super güclərindən olan dövlətin ilk xəlifələrindən idi. Onun xəlifəliyi dövründə Bağdad öz möhtəşəmliyi ilə seçilirdi. O qədər məşhur bir şəxs idi ki, “Ərəb gecələri” də adlanan “Min bin gecə” nağıllarnda əfsanəvi bir şəxsiyyətə çevrildi. “Minbir gecə” nağıllarındakı Harun ər-Rəşid təsviri bir cəhətdən həqiqətə uyğundur, çünki xalqın yaşayış tərzini, gün-güzəranını görmək üçün təğyilibas olaraq Bağdad küçələrində gəzirdi.

Onun elmə olan sevgisinin ölçüsünü dərk etmək sözün əsl mənasında çətindir. Bu sevgi ondan sonra oğlu Məmuna keçmişdir. Harun oğlunu ən yaxşı müəllimlərdən dərs alması üçün əlindən gələni əsirgəməmişdir. Bu müəllimlərdən ən savadlısı İslamın dörd fiqh məktəblərindən birinin banisi və dörd əsas fiqh kitabından birinin müəllifi olan İmam Malik idi. İmam Malik Harun ər-Rəşid zamanında Mədinədə yaşamışdır. Buna görə xəlifə onu iki övladına müəllimlik etmək üçün Bağdada dəvət etmişdir. İmam Malik bu təklifi “elm insanın ardınca düşməz, insan elmi axtarmaq üçün yola düşər” sözləri ilə qəbul etməmişdir. Harun ər-Rəşid bundan sonra iki oğlunu Mədinəyə aparmış və özü də onlarla birlikdə İmam Malikin dərslərində iştirak etmişdir.

banner

İmam Malik kimi müəllimlərin dərs keçməsi Harun ər-Rəşidin xələfi Məmunu hüquq, ədəbiyyat, fəlsəfə, bəlağət və dəqiq elmlər sahəsində ali bir şəxsiyyətə çevirmişdi. Onun təhsili məktəblə məhdudlaşmamışdı. Mər valisi olduğu zaman dünyanın müxtəlif bölgələrindən oraya gələn buddistlərdən, iranlılardan, türklərdən və başqa insanlardan çox şey öyrənmişdi. Xəlifə olduğu zaman Bağdadda yer üzündəki elm adamları üçün cəzbedici bir yer olan Beyt əl-Hikməni (Hikmət evi) təsis etmişdir.

Bu “Ev” daha çox yunan, süryani, fars və sanskrit dillərində əsərlərin tərcümə edildiyi bir mərkəzə çevrilmişdir. Məmun imperator Leona bir elçi göndərərək bizanslılardan əlyazmaların toplanmasına cəhd göstərmişdi. Bəni Musa qardaşların da xəlifəyə böyük dəstəyi olmuş, riyaziyyat və astronomiya sahəsində çox böyük töhfə vermişdilər. Hətta yunan dilindən tərcümə edən saysız tərcüməçinin maaşını özlərinə ayrılan büdcə ilə ödəmişdilər.

Beyt əl-Hikmədə rəsədxana və müstəqil bir tədqiqat mərkəzi var idi. Məmun Şam yaxınlığında başqa bir rəsədxana da təsis etdirmişdi. Orada elmi tədqiqatlar nəticəsində yüksək nailiyyətlər əldə edilir və həmin dövrdə müsəlmanlara dünya miqyaslı mədəniyyət standarlarını müəyyənləşdirən bir cəmiyyət statusu qazandırmışdır.

O dövrün idarəedicilərinin hər biri inkişaf dərəcəsinə görə yüksək səviyyəli bir alim sayılırdılar. Elmi axtarışlarda iştirak etmiş və (ən az onun qədər əhəmiyyətli olaraq) məlumatları hər müsəlman və qeyri-müsəlman alim üçün əlçatan etmişdilər. Kimliyindən asılı olmayaraq kitablar bütün alimlərin istifadəsinə açıq idi.

Həmçinin müsəlman alimlər üçün çox faydalı başqa bir hadisə isə qəhvənin İslam dünyasında tanıdılmasıdır. Ceyms və Torpeyə görə qəhvənin ana yurdu Efiyopiya idi və oradan cənubi Ərəbistana aparılmışdı. Məkkədə, Əznhərdə və digər universitetlərdəki müsəlman alimlər qəhvəni ilk dəfə təcrübə edənlərin sırasında idilər, çünki qəhvə gecələr insanı gümrah saxlayırdı. Ceyms və Torpe qeyd edir ki, “müsəlman hacılar bu vərdişlərini İslam dünyasının hər yerinə yaydılar”. Qərblilərin qəhvəni ilk dəfə Osmanlıdakı Venesiya elçisi Covanni Fransesko Morosini vasitəsi ilə tanıdığı qeyd edilir. Morosini qəhvəni “qəhvə deyilən bir toxumdan çıxardılan və insanı gümrah saxlamağa yaradığı deyilən qara bir maye” şəklində təsvir etmişdir. Avropadakı ilk qəhvəxana 1643-cü ildə Parisdə açılmışdır.

Fatimi hökmdarı Hakim iki əsr sonra Darül-Hikmə (Hikmət evi) adlı bir digər böyük bir qurum təsis etdi. Bu ad Məmunun qoyduğu ad kimi “elm evi” mənasını verirdi. Bu universitetdə daha çox elmi tədqiqatlar aparılır və dərslər tədris olunurdu. Həsən və Hillə görə, Hikmət Evi tədqiqat işlərini və dərsləri “xalqa açıq” həyata keçirir və onları mürəkkəb, qələm və kağızla təmin edirdi.

Hələ hicrətin birinci əsri sona çatmadan bir çox elm sahəsində mühüm inkişaf baş vermişdi. İlk hüquq qaydalarını kitablaşdıran İbn Əbəd ilə ilk ərəb qrammatikası mütəxəssisi Əbül-Əsvəd bu sahələrdəki tədqiqatları başlatdılar. Uğurla dolu bu illərin elm, arxeologiya və tarix sahəsində bir çox meyvəsi olmuşdur. İbn Düreyd, Həmə- dani və Əbül-Fərəc əl-İsfahani, Təbəri və Məsudinin əsərləri buna əyani sübutdur.

Qadınlar da elm sahəsində çox aktiv idilər: Quran təqdqiqatlarında, ilahiyyatda, fiqhdə, incəsənətdə (xüsusilə şeir və musiqidə) və tibdə. Yüksək tələbat olan mamaçalıq və tibbin digər sahələrində qadınlar böyük bir inkişaf yolu keçmişdilər. Bəzi mənbələrdə qeyd olunduğuna görə, qadınlar cərrahlıq edir, hətta “Salerno və digər İtaliya şəhərlərində” dərs deyirdilər.

Xəlifələrin həyat yoldaşları şeirdə də kişilərlə rəqabət aparırdılar. Müaviyənin həyat yoldaşı Meysunənin yazdığı bir şeir məşhurdur. Həmin şeirdə Meysunə mərmər saraylardan daha çox üstünlük verdiyi səhra həyatının həsrətini, eşqi tərənnüm etmiş, ərini “qançır vücudlu kobud və şişman” kimi təsvir etmişdir. Bu şeiri oxuyan xəlifə həyat yoldaşını səhraya geri göndərmişdir.

Digər bir xəlifənin həyat yoldaşı (məşhur Harun ər-Rəşidin anası) musiqi və rəsmə müsbət baxmamış, onun yerinə dini bir məktəbə getməyə üstünlük vermişdir. Nəticədə iki xəlifə anası və dövrünün ən varlı qadını olması səbəbi ilə siyasi və iqtisadi cəhətdən mövqe və güc qazanmışdır. Dəfn mərasimində yağış yağmış və cənazəni idarə edən oğlu Harun ər-Rəşid palçıqda ayaqyalın getmişdir.

Saray xaricindəki qadınlar da qeyri-adi bilik və bacarıqlara sahib idilər. Abbasilər dövründə yaşayan Şühdə həzrət peyğəmbərin hədisləri sahəsində ən məşhur alimlərdən biri di. Bir digər qadın fiqhçi Əmət əl-Vahid Bağdad qazılarından biri olan atasından fiqh dərsləri öyrənmiş və məşhur bir fəqih olmuşdur.

Abbasilər dövrünün ən məşhur qadını Rabiə (717-801) fərqli, mənəvi inkişafa üstünlük vermişdir. Bağdadın abadlıq və ehtişamda məşhur olduğu bir dövrdə yaşasa da, şəhər həyatına maraq göstərməmişdir. Bağdadın ehtişam və rifah dolu həyatından çox uzaq olmuşdur. Bir mütəsəvvif kimi doğulduğu Bəsrə şəhərində yaşamışdır. Bütün var-dövləti bir dolça, bir həsir və yastıq əvəzinə istifadə etdiyi bir kərpicdən ibarət idi.

Çox sayda müsəlman qadın elmdə və başqa sahələrdə şöhrət qazanmışdılar. A.M.A. Şasteri İslam mədəniyyəti haqqındakı əsərində o qadınların siyahısını vermişdir. Aralarında on yeddi hökmdar və idarəçi, doqquz xətib, qırx iki ilahiyyatçı və hədisçi, iyirmi üç musiqiçi və yetmiş altı şair ilə məscid və digər ictimai müəssisə inşa etmiş dörd qadın da mövcuddur. Bundan başqa aralarında doktorlar da olan çox sayda qadın yaşamışdır.

Tədqiqatlar və yazılı əsərlərin çoxluğu İbnül-Nədimin minlərlə kitabın siyahısının verildiyi və müəllifləri haqqında maraqlı faktların yazıldığı “Fihrist” adlı əsərində də öz əksini tapmışdır. “Fihrist” yalnız bir biblioqrafiya əsəri deyil, həm müəllif , həm də digər müsəlmanlar üçün dərin, intellektual xəzinədir. İbnül-Nədim bütün əsərlərin ərəb və qeyri-ərəblər tərəfindən ərəb dilində yazıldığını qeyd edir. Bu əsərlərin mövzuları belədir: Filologiya, müqəddəs mətnlər, Qurani-Kərim, dilçilik, tarix, məqalə, bioqrafiya, soy şəcərəsi, şeir, ilahiyyat, hüquq və ənənə, fəlsəfə və elm (məntiq, riyaziyyat, musiqi, astronomiya, mühəndislik və tibb), sehr və nağıl, İslam məzhəbləri, inanc və əlkimya.

Bağdadın ən böyük kitab mağazasının sahibinin oğlu ibn Əbu Yaqub ən-Nədimin (öl. 385/995) bəxti gətirmişdi. Belə məlum olur ki, ibnün-Nədim ömrünü kitab oxumağa həsr etmişdi. Kitabında ona rəhbərlik edən “elmə həddən artıq aludə” sözləri ilə təsvir etdiyi üç müəllimindən bəhs edir. Cahiz, Fəth ibn Xaqan, İbn İshaq əl-Qazı. Cahiz bir kitabı aldıqdan çox qısa müddət sonra bitirirmiş. Fəth həmişə özü ilə bir kitab gəzdirir, əlinə hər fürsət keçdikcə, hətta gəzərkən də onu oxuyurmuş. İbn İshaqı hər dəfə ziyarət etdiyi zaman ibnün-Nədim onun mütləq kitab oxuduğuna və yaxud oxuyacağı növbəti kitabı seçdiyinə şahid olurmuş.

“Fihrist”in isbat etdiyi bir digər həqiqət də kitabxana- lardakı kitabların çoxluğu və insanların öz evlərində sahib olduqları əzəmətli kitab kolleksiyalarıdır. Kitablar onlar üçün həyati dərəcədə əhəmiyyətli idi. Bir çox əsərdə bu barədə ən yaxşı nümunə kimi göstərilən Sahib ibn Əbbad Samani hökmdarının vəzirliyi kimi yüksək bir vəzifədən imtina etmişdir. Çünki bu vəzifəni qəbul etməsi təxminən dörd yüz dəvə ilə aparacağını fikirləşdiyi əzəmətli kitabxanasını başqa bir yerə daşımaq mənasına gəlirdi. Əndəlüs Əməvi xəlifəsi II Həkəmin kitabxanasında da dörd yüz min kitab olmuşdur. Bu kitabların səhifələrinin kənarlarındakı qeydlər onlardan çoxunu oxuduğunu göstərir.

“Fihrist”lə 938-ci ildə nəşr olmasından üç yüz il sonra tanış olan alimlər məyus olmuşdular. Çünki ibnün-Nədimin haqqında danışdığı kitablar monqollar Bağdadı (656/1258) yerlə-yeksan etdiyi zaman yox olmuşdu. Bütün kitabxanalardakı kitablar Dəcləyə atılmış, hətta kitabların mürəkkəbi suyun rəngini dəyişmişdi. “Fihrist”də adı keçən kitablardan yalnız bir neçəsi digər şəhərlərdə tapılmışdı. O möhtəşəm xəzinənin mində biri qalmışdı.

Həmin dörvrdə ərəb dilindəki kitablar latın dilinə də çevrilmişdi. Qərb üçün son dərəcə əhəmiyyətli olan və tərcümə edilməmiş kitablar da qalırdı. Əsərləri orijinaldan oxumaq istəyənlər X əsrdə ibnün-Nədimin dövründə ilk ərəb-latın dilində lüğəti əldə edirdilər.

Kilsə elmi inhisarında saxladığı və keşişlər də İslamla əlaqəli əsərləri latın dilinə tərcümə etmək üçün latın dilinə ehtiyac duyduğuna görə bu lüğətin istifadəsi daha çox dini qurumlarla məhdudlaşmışdı. Buna baxmayaraq, tərcümələr bəzi cəhətdən zəif idi. Keşişlər latın dilində qarşılığı olmayan ərəb dilində sözləri öz dillərinə uyğunlaşdırmış və tərcümə işinin çətin tərəfini bu şəkildə həll etmişdilər. Ərəb dilində olan həmin sözlər tədricən İngilis dilinin kəlimə xəzinəsinin bir hissəsinə çevrilmişdir.

Daha sonralar Qərbdə qurulan bəzi universitetlər vasitəsilə ərəb dili dərsləri keçirilmiş, hətta dərslər ərəb dilində tədris edilmişdi. Məsələn, II Frederikin 1224-cü ildə qurduğu Napoli Universiteti “Avropanın imtiyazlı ortaqlıqla qurulan ilk universitetidir” və “çox böyük ərəbcə əlyazmalar kolleksiyasına sahibdir”. Napoli Universitetinin tələbələrindən biri də Akvinalı Fomadır.

Müsəlmanların elm mərkəzi Kordovada təhsil dili olan ərəb dili Qərb universitetlərində də aparıcı dil idi. Qərb alimləri müsəlman Kordovadakı institutlarda da iştirak edirdilər. “Əsrlər boyu Qərbə aid elm və məktəblər ərəb İspaniyası ilə müqayisə belə olunmadı”.

Qərb müsəlman dünyasına aid elm mərkəzləri və məktəblərdən çox sayda elmi-pedaqoji metod öyrənmişdir. Keçmişdə “münazərə” deyilən dialektik mübahisə texni- kası bunlardan biridir. Müasir adı isə “seminar”dır.

Kampbelə görə, müsəlmanların bu ənənəsi Qərb universitetlərində tezis və dissertasiyaların təqdim edilməsinə dair müasir metodların yaranmasında mühüm rol oynamışdır.

Elm öyrənməyin həmin dövrdə geniş yayılmış bir digər yolu isə tələbələrin ixtisas sahələri ilə əlaqəli məlumat toplaya bilmək üçün çox sayda şəhərə səyahət etmələri idi. Avropa bu metodu İslamdan öyrənmişdi. Çünki Qərbdə mədrəsələrin təsiri ilə universitetlər ortaya çıxana qədər tələbələr müsəlman İspaniyasından Çinə qədər və yaxud İslam dünyasının bir ucundan digər ucuna qədər səyahətlər edirdilər.

X əsrdən etibarən fars dili əvvəlki mövqeyini yenidən qazanmağa başladığı üçün artıq ədəbi və elmi əsərlər yalnız ərəb dilində yazılmırdı. Fars dili müsəlman dünyasındakı digər dillər kimi öz tərkibinə çox sayda ərəb mənşəli sözlər daxil etmişdi. Əslində bu proses İranda yalnız İslamdan sonra deyil, islamaqədərki dövrdə də olmuşdu. Əli ibn Əhmədin yazdığı farsca lüğət “yeni” fars dilinin və bu dillə yazılan ədəbiyyatın əhəmiyyətini isbat edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice