Bakı. AzerPress:
“3+3” formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) getdikcə daha perspektivli olur.
AzerPress-in verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin “3+3” adlandırılan regional platformanın – üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusunun formalaşdırılması ilə bağlı “3+3” təşəbbüsü artıq formalaşmaqdadır. Bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlarla bağlı qiymətləndirmələrinizi eşitməkdən şad olaram”, – deyə o qeyd edib.
Qeyd edək ki, oktyabrın 23-də Tehranda Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında görüş keçirilib.
Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s.) inkişafı müzakirə olunub.
“3+3” formatında keçirilən görüşün əsas məqsədlərindən biri regional problemlərin regiondan kənar ölkələrin iştirakı olmadan və region ölkələrinin iştirakı ilə həlli, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması olub.
Qeyd edək ki, “3+3” formatında ilk görüş ötən il Moskvada Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.