Əsas səhifə » Əsəd Livan-İsrail müharibəsinə qoşulacaqmı

Əsəd Livan-İsrail müharibəsinə qoşulacaqmı

Yamin Savalanli

Bakı, VOA
Bəzi əlamətlər onu göstərir ki, Dəməşq (Suriya) Qəzza müharibəsində bu günə qədər ortaya qoyduğu mövqeyini davam etdirəcək və 18 il əvvəl baş vermiş Livan müharibəsi zamanı sərgilədiyi siyasətdən fərqli davranacaq.

Diqqətlər getdikcə Qəzzadan və oradakı faciələrindən Livana və onun cənubuna yönəlir. İsrail və Hizbullah arasında qarşılıqlı hücumlar, bəyanatlar, təhdidlər və sızıntılar getdikcə kəskinləşir. Bu isə iki tərəfin ilkin və dəyişdirilmiş “müharibə qaydaları”ndan kənara çıxa və genişmiqyaslı müharibəyə çevrilə bilər.

Hizbullah və İsrail ordusu tərəfindən bir-birilərini qorxudub çəkindirmək üçün bəzi addımlar atılır. Narahatlıq doğuran məqam isə, Benyamin Netanyahunun bunlara əsaslanaraq müharibəyə girmək üçün bəzi “pəncərələrdən” istifadə edərək prosesi qızışdırmasıdır. Bu pəncərələr bunlardır: İsrail Knessetinin yaz tətilinə girməsi, ABŞ Konqresindəki çıxışı, ABŞ Konqresinə girməsinə icazə verilməsi, prezident seçkiləri mövsümü. Yay ayları isə ümumiyyətlə İsrail-ərəb müharibələri dövrü hesab edilir.

Hizbullahla Təl-Əviv arasında münaqişə başlasa, Tehranın, onun vəkillərinin və müttəfiqlərinin mövqeyinin necə olacağı ilə bağlı çoxlu suallar yaranır. Ən mühüm suallar arasında isə Dəməşqin münasibətinin necə olacağıdır. Dəməşqin mövqeyi bir neçə səbəbə görə vacibdir. Bunlardan biri də İran və İraqdan Hizbullaha silah və digər formada dəstəyin göstərilməsi üçün bir dəhlizin olmasıdır.

banner

Suriya prezidenti Bəşər Əsədin münasibəti necə olacaq? Onun Livan müharibəsinə münasibəti Qəzza müharibəsindən fərqlimi olacaq? Onun 2024-cü ildə baş verə biləcək müharibədə iştirakı 2006-cı ilin iyulundakı müharibədən fərqli olacaqmı?

Bir sözlə, bütün dəlillər onu göstərir ki, belə bir müharibədə Dəməşqin mövqeyi Qəzzaya hücumla bağlı göstərdiyi mövqeyinin davamı olacaq və həmçinin 18 il əvvəlki Livan müharibəsi ilə bağlı ortaya qoyduğu mövqeyindən də fərqli olacaq. Lakin o, müharibəyə müdaxilə etməsi və Hizbullaha silahların çatdırılmasını asanlaşdırması üçün İran tərəfindən daha böyük təzyiqlərə məruz qalacaq. Hansı ki, Həmas məsələsinə görə belə bir basqıya məruz qalmamışdı.

Bugünkü vəziyyəti anlamaq üçün 18 il geriyə qayıtmaq lazımdır. 2006-cı ilin iyulunda baş vermiş müharibə indikindən fərqli şəraitdə baş vermişdi. Suriya ordusu 2005-ci ilin aprelində Livanın keçmiş baş naziri Rafik Həririnin həmin ilin fevralında öldürülməsindən sonra Livandan geri çəkildi. O zaman Dəməşqə ərəb və beynəlxalq təcrid tətbiq edilmişdi.

Dəməşqin nə HƏMAS üçün, nə də İranın tələblərini yerinə yetirmək üçün Qolan cəbhəsini açmaq niyyəti yoxdur.

İyul müharibəsi Dəməşq üçün hərbi olaraq geri çəkilməsindən sonra Livandakı nüfuzunun təsirlənmədiyini “söyləmək” üçün istifadə etdiyi bir sınaq oldu. Daha da əhəmiyyətlisi, o, Livanda kartları olduğunu göstərmək üçün müharibədən istifadə edərək məruz qaldığı təcridi qırmağa çalışdı. Əslində, bütün məlumatlar Dəməşqin müharibədə iştirak etdiyini, çətin yollardan və tunellərdən keçərək Livan və Hizbullaha silah çatdırmaq üçün qaçaqmalçılar və tunellər vasitəsilə raket və sursat göndərdiyini göstərir.

Zaman və illər keçdikcə hər şey dəyişdi. 2011-ci ildən sonra Hizbullah Suriya ordusuna siyasi, media və hərbi vasitələrlə dəstək vermək üçün müdaxilə etdi. Onların minlərlə göyüşçüləri döyüş meydanlarında, xüsusən də hazırda üç təsir dairəsinə bölünmüş Suriya ərazisi daxilində mühüm qovşaqlarda yayılıb.

Qərb və ərəblər hərbi təzyiq və ya təşviq yolu ilə Hizbullah üzvlərinin və İran silahlılarının Suriyadan çıxarılmasını tələb edirlər. İsrail bir neçə ildir ki, Suriyada ən güclü hərbi təsirə malik olan Rusiyanın da razılığı ilə İran və Hizbullah mövqelərinə ardıcıl hücumlar təşkil edir. Belə ki, son aylarda İran İnqilab Keşikçiləri və Hizbullahın Suriyadakı liderlərini hədəf alan əməliyyatlarını gücləndirib.

Dəməşqə gəlincə, Suriya ərazisindəki İsrail-İran müharibəsini ən azından təqib edirdi. Bəzi məmurların “ikisinin bir-birini bizdən uzaq bir yerdə yeyib bitirməsini” izləməkdən sevindiyini deyənlər də var. Oktyabrda Qəzzada baş verən müharibə Suriyanın yeni mövqeyini ortaya çıxardı. Əslində Suriya hakimiyyəti ilə HƏMAS arasında böyük gizli gərginlik var, İran vasitəçiliyi bunu tam aradan qaldıra bilmədi, ona görə də Dəməşq müharibədən istifadə edərək neytrallığını elan etdi. Lakin bu neytrallığın mahiyyətində HƏMAS-la gərginlik dayanmırdı. Əksinə, bunun məğzində Dəməşqin münasibətinin Tehrandan fərqli olduğunu söyləmək istəyi dayanırdı. İranın Qırmızı dəniz, İraq, Suriya və Livandakı müvəkkilləri ABŞ-a hücum edir və ya İsraili hədələyir, lakin Dəməşqin nə HƏMAS üçün, nə də Tehranın istəklərini yerinə yetirmək üçün Qolan cəbhəsini açmaq niyyəti yoxdur. Bu mövqe Suriya-İran gərginliyinə səbəb oldu və Suriya prezidenti Bəşər Əsəd İran prezidenti İbrahim Rəisinin dəfnində iştirak etmədikdə (Əsəd dəfn mərasimindən sonra Tehrana səfər etdi) bu gərginlik daha da gücləndi.

Dəməşqin ərəb və Qərb təcridini qırmaq üçün 2006-cı il müharibəsində iştirak etdiyini nəzərə alsaq, 2024-cü ildə isə heç bir müharibədə iştirak etməməklə eyni məqsədinə nail olmağa çalışacaq.

Dəməşq Livan müharibəsində də eyni münasibəti göstərəcəkmi?

Rejimin sağ qalması artıq İran və Hizbullahın müdaxiləsindən asılı deyil. Bu ikisinin müdaxiləsi yalnız ABŞ, Türkiyə və onların Suriya müttəfiqlərinin ölkənin şimal və şərqinə müdaxilələrini məhdudlaşdırmaq üçün vacibdir. Lakin bütün Suriya ərazisində, xüsusən də paytaxt Dəməşq və onun ətrafında bu o qədər də vacib deyil. Buna görə də, Suriyanın Livan müharibəsi ilə bağlı qərarının elementləri çox güman ki, aşağıdakılara əsaslanacaq:

Birincisi, Dəməşqin ona qarşı qoyulmuş təcriddən çıxmaq üçün 2006-cı il müharibəsində iştirakdan istifadə etdiyini nəzərə alsaq, 2024-cü ildə mümkün müharibədə iştirak etməməkdən də eyni məqsədlə istifadə edəcək. O, bu dəfə müharibəyə getməyərək, “müqavimət oxu”ndan uzaq durmaqla məruz qaldığı təcridini yenidən qıracaq.

İkincisi, Dəməşqdə Hizbullah və İsrail arasında yaranacaq hər hansı bir müharibənin bəzi Hizbullah birləşmələrinin Suriya ərazisindən geri çəkilməsinə, yəni Qərbin və ərəblərin bu tələbini razılaşma ilə deyil, faktiki olaraq həyata keçməsi üçün fürsət yaradacağına ümid edənlər var. Çünki bu təşkilatların mövcudluğu artıq on il əvvəlki kimi “rejimin sağ qalması” üçün həyati əhəmiyyət kəsb etmir.

Ərəblərin normallaşması və bu prosesin sürətləndirilməsi Dəməşqin öz aktiv “hərbi” üzvlüyünü donduraraq müqavimət oxunda qalmaqla Tehranın təzyiqi və Hizbullahın tələbləri ilə başa çıxa bilməsi üçün əlavə güc təmin edə bilər.

Üçüncüsü, “sümük qıran” müharibə olacağı təqdirdə, Tehran regiona hücumlarının, nüvə proqramının və ABŞ-la razılaşmalarının əsas qarantı olan “Hizbullah”a qarşı bütün ağırlığını və vasitələrini səfərbər edəcək. Buna görə də o, Dəməşqi birbaşa və ya İraq, Suriya və başqa yerlərdəki müvəkkilləri vasitəsilə və ya silahları Suriya ərazisi vasitəsilə Livana transfer etməyə çalışaraq bu müharibənin içinə salmaq üçün Suriyaya əlavə təzyiqlər tətbiq edəcək.

Dördüncüsü, ərəblərin normallaşması və onun sürəti Dəməşqi Tehranın təzyiqi və Hizbullahın təhdidlərinin öhdəsindən gələ bilməsi üçün əlavə sursatla, güclə təmin edir. Ona görə də, Dəməşq aktiv “hərbi” üzvlüyünü dondurmaqla müqavimət oxunda qalmağı seçə bilər.

İsraillə Hizbullah arasındakı istənilən müharibədə Dəməşqin qarşısındakı manevr sahəsinin Qəzza müharibəsindən daha dar olması tamamilə danılmazdır. Qəzza müharibəsində ərəblərin öz adlarından və ya ABŞ adından Əsədlə təmasa keçmələri Suriyanın neytrallığının təmin edilməsinə töhfə verdi. Əgər İsrailin alov topu Livanın cənubundan şimalına doğru yuvarlanarsa, müharibəyə qatılması üçün Dəməşqə qarşı ərəblərin göstərdiyi təşviq və İranın təzyiqlərinin təfərrüatlarını izləmək lazım olacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice