Əsas səhifə » Türk Dövlətləri Təşkilatı Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb

Türk Dövlətləri Təşkilatı Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb

Aytac Suleymanova

Bakı. AzerPress:

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb.

AzerPress xəbər verir ki, bu barədə məlumat TDT-nin saytında dərc olunub.

“Türk Dövlətləri Təşkilatının Baş Katibi 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı tərəfindən iki ölkə arasında siyasi dialoq və etimad qurucu tədbirlər mövzusunda əldə olunan razılığa dair dərc olunan birgə bəyanatı alqışlayır.

banner

Birgə bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır. Bu bəyanat iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə əsaslanan sülh sazişinin əldə edilməsini hədəfləyən birbaşa dialoq yolu ilə münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin aydın təzahürüdür”, – məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.

Digər Kateqoriyalar

2023 © AzerVoice