Bakı,AzerVoice
Tavusilik (ﺍﻟﻄﺎﻭﻭﺳﻴّﺔ) şiəliyə mənsub sufi təriqəti olan nemətullahiliyin qollarından biri. Qurucusu Məhəmməd Kazım İsfahanidir (1293/1876).
İsfahani dəbdəbəli geyinməyi sevdiyi üçün “Tavusulürəfa” (ariflərin tovuzu) ləqəbi ilə tanınmış və buna görə qurduğu təriqətə “tavusilik” (tavusiyyə) adı verilmişdir.
İsfahanidən sonra təriqətin lideri Hacı Sultan Məhəmməd Qunabadi Sultan Əli Şah olmuş, buna görə də tavusiyyə “qunabadilik” (qunabadiyyə) adı ilə də tanınmışdır.
Qunabadi vəhy aldığını bildirmiş, özünün yeganə mərcei-təqlid olduğunu iddia etmişdir. Bu fikirlərinə görə şiə üləmasının kəskin tənqidlərinə məruz qalmışdır. Tavusiliyin bugünkü mərkəzi İranın Məşhəd şəhəri yaxınlığındakı Qunabadın Biduxt bölgəsidir. İranda yaşayan, təqribən, 350 min nemətullahinin yarısının tavusiliyə mənsub olduğu güman edilir.