Bakı, AzerPress:
Ədirnənin fəthindən sonra ilk dövrlərdə Osmanlı Bəyliyinin hərbi qüvvələri dövlətin artan hərbi ehtiyaclarını qarşılamaqda çətinlik çəkməyə başladı. Bundan əlavə, Osmanlı dövlətində yavaş-yavaş mərkəzi hakimiyyət qurulmağa başlayırdı. Bütün bu ehtiyacları mərkəzdəki daimi ordu təmin edə bilərdi.
Sultan I Muradın dövründə Çandarlı Qara Xəlil və Qara Rüstəm xristian əsirlərin mərkəzi ordu üçün istifadə edilməsi fikrini irəli sürdülər. Bu təkliflə Rumeliyə hücum edən bəylərə xəbər verildi və əsir düşənlərin beşdə birinin dövlət üçün ayrılması əmr edildi. Dövlətə verilən əsirlər müəyyən təlim keçdikdən sonra əsgər kimi istifadə olunmağa başlandı. Beləliklə, yeniçərilərin də daxil olduğu Kapıkulu Ocaqlarının təməli qoyuldu. I Muradın dövründə qurulan Kapıkulu sistemi, İldırım Bəyazidin mərkəzləşdirmə səyləri ilə daha da təkmilləşdi.
I Murad Balkan dövlətlərini və yerli senyorları özündən asılı hala salaraq vassal bəyliklərdən ibarət dövlət qurmuşdu. Onun hakimiyyəti dövründə Osmanlı bəylikdən dövlətə çevrildi. I Bəyazid atasının vassal bəyliklərdən ibarət dövlətini mərkəzləşmiş dövlətə çevirməyə cəhd etsə də Əmir Teymurun zərbəsi ilə bu cəhd yarımçıq qaldı.
Ləman Əsədli
Twitter: lamanasadli01