Bakı, AzerPress:
28 noyabr 2023-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsisinin (DQİDK), Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində, “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.
AzerPress xəbər verir ki, seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Quba RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Aynur Yəhyayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, Quba rayon Təhsil sektorunun məsul əməkdaşı Gülər Vəlimuradova, Quba RİH başçısının Zərdabi ərazi dairəsi üzrə nümayəndəsi Elxan Qasımov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, 25 noyabr tarixi bütün dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, 10 dekabr tarixi isə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur, bu iki tarix arasında dünyada Beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının keçirilir. Bu kampaniyanın qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırdığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülüb və bu tədbirlər davam etdirilir.
Seminar müzakirələr ilə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırlıb.