Əsas səhifə » Orban Ukrayna və Rusiyadan sonra Çinə səfər edib

Orban Ukrayna və Rusiyadan sonra Çinə səfər edib

Yamin Savalanli

Bakı, AzerVoice

Daha əvvəl Ukrayna və Rusiyaya gözlənilməz səfərlər edən Macarıstan lideri Viktor Orban bu dəfə Çinə gedib.

AzerVoice xəbər verir ki, Orban sosial media platforması X hesabında Pekin hava limanının fotosunu paylaşaraq “Sülh missiyası 3.0. Pekin” yazıb.

Çin mətbuatında, onun Çinin paytaxtı Pekində prezident Si Cinpin ilə görüşdüyü açıqlanıb.

banner

Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Si və Orbanın ümumi maraq doğuran məsələləri müzakirə edəcəkləri açıqlamışdı.

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında hər 6 aydan bir dövr edən prezidentlik səlahiyyətlərini təhvil aldıqdan sonra ilk xarici səfərini Kiyevə edərək Ukrayna prezidenti Vladimir Zelenksiy ilə görüşüb. Orban daha sonra Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Avropa Şurasının sədri Çarlz Mişel Orbanın Aİ-ni xarici arenada təmsil etmədiyini və ölkəsinin 6 aylıq Aİ Şurasına sədrlik səlahiyyətləri almasına baxmayaraq, Avropadan Rusiyaya səfər icazəsi almadığını vurğulayan açıqlamalar vermişdi.

Ukrayna böhranında Aİ-dən fərqli siyasət nümayiş etdirərək tez-tez ‘Rusiyapərəst’ olmaqda günahlandırılan Orban, Ukraynaya sülh gətirmə səylərinin ‘Brüssel bürokratlarının aldanması’ səbəbiylə uğursuz olduğunu deyib.

“Brüssel bürokratik cəfəngiyyatı Rusiya-Ukrayna müharibəsində sülhə aparan yol axtarışında heç bir nəticə vermədi. Biz müharibəni bitirmək istəyiriksə, bizə bürokratik deyil, siyasi yanaşma lazımdır.” – deyə Orban əlavə edib.

Qeyd edək ki, Orban ilə Si Cinpin arasında son dönəmlərdə iki önəmli görüş baş tutub. Bunlardan biri keçən ilin oktyabr ayında Pekində digəri isə bu ilin may ayında Budapeştdə reallaşıb. Sonuncu görüşdə Çin və Macarıstan yeni dövrdə ikitərəfli münasibətlərini bütün şərtlər daxilində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice