Bakı. AzerPress:
2023-cü ilin noyabr ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 11 faiz artaraq, 3 milyon 301 min 98 nəfər olub.
Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 2 milyon 484 min 378 nəfər, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 816 min 720 nəfər təşkil edib.
Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 35 min 309 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 21 min 420 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 13 min 889 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 25 min 207 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 13 faiz dəyişərək 17 min 658, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 7 min 549 olub.
2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.