Bakı, AzerPress:
Türkiyə İxracatçılar Məclisinin (TİM) koordinasiyası ilə İstanbul Haliç Konqress Mərkəzində Türkiyə İnnovasiya Həftəsi keçirilir.
AzerPressxəbər verir ki, innovasiyalar vasitəsilə beynəlxalq ticarətə dinamizm gətirmək məqsədi daşıyan tədbir gənc sahibkarları, texnologiya liderlərini və iş dünyasını bir araya gətirir.
Məlumata əsasən, Türkiyə İnnovasiya Həftəsi gələcək əsrdə bəşəriyyətin yeniliyə ən çox ehtiyac duyacağı 10 meqa məsələni müzakirə edəcək. Bərpa olunan enerji mənbələrindən qida və kənd təsərrüfatı texnologiyalarına, səhiyyə və təhsilin gələcəyindən süni intellekt və maliyyə texnologiyalarına qədər bir çox kritik mövzular konfranslar və panellər vasitəsilə müzakirə olunur.
Türkiyə İnnovasiya Həftəsi çərçivəsində TİM sədri Mustafa Gültəpə Türkiyənin beynəlxalq ticarətinə əhəmiyyətli töhfələr verdiklərini bildirib.
“Ölkəmizin ikinci əsrində Türkiyəni ixracatda ilk 10 ölkə sırasına daxil etməyi hədəfləyirik.Yüksək texnologiya, Ar-Ge (tədqiqat və inkişaf), dizayn, markalaşma və innovasiyanın əhəmiyyət kəsb etdiyi dövrdə TİM olaraq innovasiyaları xüsusilə gənclərimiz üçün bir həyat tərzinə çevirmək istəyirik”, – deyə o əlavə edib.
Bundan əlavə, tədbirin mövzuları arasında davamlılıq və yaşıl innovasiya, süni intellekt və avtomatlaşdırma, səhiyyə texnologiyaları, kosmik tədqiqat, qida istehsalı və kənd təsərrüfatı, təhsil, nəqliyyat texnologiyaları və ticarət logistikası, kibertəhlükəsizlik və kibermüdafiə, bərpa olunan enerji texnologiyaları və fintech inqilabı kimi mövzular əhatə olunur.