Əsas səhifə » İslamın tibbə təsiri

İslamın tibbə təsiri

Azer Voice

Bakı,AzerPress

Avropa ilk öncə tibb və dəqiq elmlər olmaqla İslam mədəniyyətinin müxtəlif sahələrindən istifadə etmişdir. Kampbelə görə, “islami tibb ədəbiyyatı, Avropanın tibb sisteminin yenidən yaranmasına rəhbərlik etmişdir”. Müsəlmanların yazdıqları ərəb dilindən Avropa dillərinə tərcümə olunan çox sayda tibb kitabı vardır. Həmin tərcümə edilən kitabların böyük əksəriyyəti də məşhur tibb alimlərinin yazdıqları əsərlər idi. “Orta əsrlərdə Avropa tibbinə Rocer Bekon (1214-1294), Qi de Şoliak (1300-1368) və bir çox ərəb dili mütəxəssisinə İbn Rüşd və Zəhravinin böyük təsiri olmuşdur”.

Tibb sahəsində müsəlman alimlərin uğurları danılmazdır. Hətta Paris Universiteti Tibb fakültəsinin böyük salonunda İbn Sinanın portretləri asılmışdır.
Kampbel belə qeyd edir: “Ərəblər tibbi sıravi bir peşə olmaqdan xilas edərək onu şərəfli bir mövqeyə yüksəltmişdirlər”. Kampbel müsəlmanların “Hippokrat və Qalenin bəzi əsərlərinin qorunmasında” da xidmətləri olduğunu bildirir. Təəssüf ki, Hüneyn ibn İshaq, xüsusilə də Qalendən ərəb dilinə tərcümə edilən mətnlərin Avropaya çatmadığını qeyd edən Kampbel bunun səbəblərini bildirməmişdir.

banner

Həmçinin oxuyun:
Müsəlmanların tibb sahəsinə verdiyi tarixi töhfələr
İslam kulinariyası və Avropa
İslamda tibb və təbabət

Ərəb tibbi sahəsinin nüfuzlu mütəxəsislərindən fransalı həkim Le Klerin fikrinə görə, ərəb dilindən latın dilinə və ya başqa dillərə tərcümələr zəif idi. Lakin La Klerin fikrinə əks arqumentlər də gətirilmişdir. “Əgər ərəb tibbini latın mətnlərini əsas götürərək tənqid etsək, heç şübhə yoxdur ki, ona lazımi qiyməti verməmiş və böyük bir haqsızlıq etmiş olacağıq. Buna görə də Avropa üzünü birbaşa Qalenə çevirmişdir. Ola bilsin ki, yunan dilindən latın dilinə ilk tərcümə 1476-cı ildə olmuşdur. Orijinal yunan dilində mətn isə əlli il sonra Venesiyada çap olunmuşdur. Burada anlaşılmaz məqam ondan ibarətdir ki, Qalenə bu qədər əhəmiyyət verənlər ondan sonra tibdəki inkişafı, xüsusilə də müsəlmanların bu sahədəki kəşflərini görməyiblər. Burstin bunu “The Discoverers” (“Kaşiflər”) adlı əsərində “Qalenin zülmü” adlandırır. Burstinin fikrinə görə, Qalenin kitabları “müqəddəs bir kitaba” çevrilmiş və “Qalenizm doktorlar üçün ən mühüm ehkam” olmuşdur.

Burstin əlavə olaraq onu da qeyd edir ki, Səlib yürüşləri zamanı “avropalı xristian həkimlər bütün xəstəlikləri dövrün müsəlman və yəhudi həkimlərinin metodları ilə müalicə edirdilər”. Hər nə qədər Avropa müsəlman dünyasından əldə etdiyi tibbi bilikləri inkar etsə də, onlar müsəlmanlardan öyrənməyə davam etmişdirlər.

Bunun bir nümunəsi XVI əsr həkimlərindən “şarla- tan” kimi də tanınan Paraçelsdir (1493-1541). Tibdə “xə- yalpərəst” islahatların ardınca gedən bir həkim kimi tanınmışdır. Özünün elan etdiyinə görə, məqsədi Qalenin əsərlərini və İbn Sinanın “Qanun”unu yox saymaq olmuşdur. Kitablarının əslində atasına aid olduğu iddia edilmişdir. Səriştəli bir həkim olan atası həm tələbəlik, həm də təcrübə dövründə Qalen və İbn Sinadan xeyli faydalanmışdır. Paraçels bu işə illərini həsr etsə də, Avropa tibbinin istiqamətini dəyişməyə müvəffəq olmuşdur. Qeyd edək ki, Kampbelə görə, XVII əsrə qədər Razi, İbn Sina və Zəhravi, İbn Zühr və İbn Rüşdün əsərlərinə Hippokrat və Qaleninkilərlə müqayisədə daha çox etibar edilmişdir. İbn Sinanın “Qanun”unun latınca ən az otuz dəfə müxtəlif nəşri işıq üzü görmüşdür. Bundan əlavə, o dövrdə Qərbdə (Romada) orijinal ərəbcə nəşri də yayınlanmışdır.

Qısa müddət sonra İspaniyadakı baş yepiskop I Raymondun təşəbbüsü sayəsində daha professional tərcümə fəaliyyətləri həyata keçirilmişdir. Ceyms Burkenin fikrinə görə, Toledonun fəthi sayəsində xristianlar “xəyalını qura bilmədikləri dərəcədə böyük bir ədəbi xəzinə” tapmışdırlar. Baş yepiskop Raymond kitabxananın zənginliyindən istifadə etmək üçün “bir tərcüməçi heyəti” yaratmışdır. Toledoya Avropanın digər bölgələrindən başqa alimlər də gəlmişdir. Bunlar arasında ən məşhurları Britaniyadan gələn Bartlı Adelard, Çesterli Robert və Maykl Skotdur. Xristianlar Toledonu ələ keçirərək müsəlmanlardan “bütün Latın Avropası üçün bir işarə olan Yunan-Ərəb-İbrani mədəniyyəti” mirasını almışdırlar.

İslam dünyasının sahib olduğu tibbi biliklərin Avropa- ya nəql olunduğu mühüm yerlərdən biri də Salerno Tibb Məktəbidir. Sartonun fikrinə görə, “müsəlmanların təsiri təsadüfi xarakter daşıyır”. Salernoda ərəb dili müəllimləri var idi və ərəb dilində mətnlərin latın dilinə tərcümələri çox faydalı olurdu.

Sartonun qeydlərinə görə, müsəlmanların təsiri “Afri- kalı Konstantinin fəaliyyətləri sayəsində çox artmışdır”. Kampbel isə çox sayda latınca tərcümənin Afrikalı Konstantindən çox əvvəl Salernoya gedib çatdığını bildirir. Buna baxmayaraq, Afrikalı Konstantin İslam mədəniyyəti sahəsində çox bilikli olduğu üçün mühüm islahatlar aparmışdır.

Salerno Məktəbində müsəlmanların çox böyük bir təsiri olduğu həqiqətini danmaq mümkün deyil. Sarton “ərəb əsərlərində yatan böyük bir tibb təcrübəsi” sayəsində “tatın dilli oxucuların cərrahlığın mövcudiyyətindən xəbərdar” olduğunu qeyd etməklə bu təsirin gücünü təsdiqləyir. Ərəb dilində mövcud olan tibbi biliklərin mənimsənilməsinə ehtiyac olduğunu bildirən Sarton bu biliyin “Salernolu həkimlərə bir əsrdən daha çox çalışma enerjisi verdiyini” bildirir. Daha sonra afrikalı Konstantinin tərcümələri sayəsində müsəlmanların tibbi bilikləri öyrənilmişdir. “Salernonun ilk və ən mühüm cərrahı” olan Rocer bütün bu fəaliyyətlər sayəsində öz cərrahlıq kitabını yazmağa nail olmuşdur.

Səlib yürüşləri Salerno məktəbinin İslam tibbindən istifadəsinə daha çox imkan yaratmışdır. Çünki səlibçilər şəhərdə mərkəzi xəstəxanalar qurmuşdular. Salerno və müsəlmanlarla qurduqları əlaqə İslam tibbinin Avropada “yayılmasına töhfə vermişdir”.

IV Henrix 1194-cü ildə Salernoyu talan etdikdən sonra II Frederikin 1224-cü ildə inşa etdirdiyi Napoli Universi- teti, Palermo və Monpelye Universitetləri başda olmaqla digər ali məktəblər onun yerini tutdu. 1088-ci ildə “İbn Sinanın təlimləri əsasında qurulan” Bolonya Universiteti tibb sahəsində yüksək bir təhsil qurumu idi. Bir əsr sonra tədris proqramına İbn Sina və Razinin əsərlərini də daxil edən Tübingen Universitetində İslam tibbi hakim olmuşdur. Daha sonra Parisdə də Oksford və Kembric Uni- versitetlərinin filialları açılmışdır. Bütün bu universitetlər qədim Yunan mədəniyyətinə çatmağın yeganə yolu olan ərəb dilli mənbələrdən istifadə etmişdirlər.

İslam tibbi Oksforda Paris vasitəsilə çatmışdır. XIV əsr doktorlarından Ardenli Conun yazdığı tibb və cərrahlıq kitablarının mənbələri İslam tibbidir. Bu fikir Connun müasirləri Bernard de Qordon, İngiltərəli Qilbert və Qadesdenli Conun əsərləri üçün də qüvvədədir. Kampbel onların kitablarını “Arabist” adlandırır.

İslam tibbi ingilis dilli dünyada ədəbi cəhətdən də təqdir edilmişdir. Çoser “The Canterbury Tales” (Kanterberi hekayələri) adlı əsərində “Fizika sahəsi üzrə doktor”u təsvir edir və yaxşı “doktor”un bilik qazandığı müsəlman alimləri sadalayır: İbn Sina, İbn Rüşd və Razi. Şekspir “Otello” pyesində müsəlmanların dərmanla müalicə etmək metodlarından sitat gətirir. Kampbelin fikrinə görə, İslam əczaçılığı “ən uzun müddət tətbiq olunan” metoddur.

XVI əsrin sonlarına yaxın əczaçılıqla əlaqəli yazılan müsəlman əsərləri latın dilindən başqa digər Avropa dillərinə də tərcümə edilməyə başlanmışdır. Bu təsir hələ də davam edir, çünki müasir kodekslər müsəlman həkimlərin təcrübəsi əsasında formalaşdırılmışdır. İbn Sina ilə zirvəyə yerləşən İslam tibbi “İntibahın son illərinə qədər Avropanın nəzəri və praktik cəhətdən ən etibarlı mənbəsi” sayılmışdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice