Əsas səhifə » İran Hizbullah və İsrail arasındakı münaqişələrə müdaxilə edəcəkmi?

İran Hizbullah və İsrail arasındakı münaqişələrə müdaxilə edəcəkmi?

Yamin Savalanli

Bakı, AzerVoice/ Hüda Rauf

Tehran Hizbullahın hərəkətlərindən Təl-Əvivə təzyiq vasitəsi kimi istifadə etdiyi üçün iki tərəf arasında gərginliyin artmasından faydalanır.

Livan-İsrail sərhədi partlama riski daşıyan və alovlanmağa hazır bir cəbhə halına çevrilir.

Hizbullah 8 oktyabr 2023-cü ildən bəri İsrail hədəflərinə 5 mindən çox raket, tank əleyhinə mərmi və pilotsuz uçuş aparatı ilə hücum edib. Bunun əksinə olaraq, İsrail həm Livan, həm də Suriyada ən azı 4500 Hizbullah hədəfini məhv edib.

İsrail tərəfində isə Hizbullah 18 İsrail əsgərini öldürüb. İki tərəf arasında artan hücumlar çərçivəsində İsrailin şimalında və Livanın cənubunda yaşayan çoxlu sayda insan təxliyə edilib.

İki tərəf arasında hücumlar ötən ilin oktyabrında başlasa da, son həftələrdə hücumların tezliyi və intensivliyi artıb. İndiyə qədər yalnız bəyanatlarla kifayətlənən İran da artıq böhran xəttinə qoşulub.

İranın Ali Rəhbərinin Xarici İşlər üzrə müşaviri və İranın keçmiş xarici işlər naziri Kamal Harazi İsrailin Hizbullaha hücum edəcəyi təqdirdə İranın regional müharibəyə qarışacağı barədə xəbərdarlıq edib.

O bildirib ki, Tehran regional müharibə istəmir, lakin müharibə bütün regiona yayılacağı təqdirdə İran da daxil olmaqla bütün ölkələr bu müharibəyə cəlb olunacaq. O, Tehranın Hizbullahı dəstəkləməkdən başqa çarəsinin olmadığını vurğulayıb.

İranın BMT-dəki missiyası bildirib ki, İran İsrailə Livana qarşı həyata keçirmək istədiyi genişmiqyaslı “hərbi hücum” barəsində xəbərdarlıq edib və bunun müharibəyə səbəb olacağını qeyd edib. İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani də Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşündə İsrailə Hizbullaha qarşı gərginliyi artırmamaq barəsində xəbərdarlıq edib və İsrailin Livana hücum edəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyini bildirib. O, həmçinin Hizbullahın İsrailin təhdidləri ilə mübarizə aparmağa hazır yeni imkanlara malik olduğuna da çatdırıb

İranın bəyanatları, Tehranın Hizbullah və İsrail arasında toqquşmalarda iştirakı, eləcə də aprel ayında İsrailin Dəməşqdəki İran konsulluğuna zərbə endirməsindən sonra baş verənlər İran və İsrail arasında birbaşa münaqişənin ortaya çıxma ehtimalı ilə bağlı suallar yarada bilər.

Lakin təbii ki, İsraillə birbaşa münaqişədən qaçmaq istəyən İran özünü birbaşa münaqişəyə sövq edəcək şəkildə müdaxilə edə bilməz.

İran da İsraillə münasibətdə öz qaydaları çərçivəsində hərəkət etməyə çalışır.

Eynilə, son zamanlar açıq-aşkar eskalasiyaya baxmayaraq, Hizbullah İsraillə münaqişələrində qırmızı xətləri keçməməkdə qərarlıdır. Hizbullah hücumlarını İsrailin hərbi obyektlərinə yönəltmədiyi kimi, İsrail də Livandakı mülki vətəndaşları hədəf almamaq üçün kəşfiyyat məlumatlarına əsaslanaraq sadəcə Hizbullaha bağlı hədəflərə hücum edir.

Hər üç tərəf daha geniş regional müharibədən qaçmaq istəyir. Bununla belə, döyüş meydanının genişlənməsi və İranın İraq və Suriyadakı silahlı qruplarının münaqişəyə cəlb olunması, regional müharibəyə gətirib çıxara bilər.

Onu da qeyd edek ki, Hizbullah daha sərt ritorikadan istifadə edərək, pilotsuz uçuş aparatları tərəfindən çəkilmiş videoları paylaşaraq və daha təkmil silah sistemlərinə malik olduğunu göstərərək gələcək mümkün danışıqlarda mövqeyini yaxşılaşdırmaq və bir növ çəkindirici imici yaratmağı hədəfləyir.

Lakin bu münaqişələr ən pis ssenariyə, yəni İsrailin Livana hücumuna çevrilərsə, İranın bu müharibədə Hizbullaha pilotsuz təyyarələr, raketlər və digər materiallar göndərməklə rol ala bilər.

Bütövlükdə, İran iki tərəf arasında gərginliyin artmasından faydalanır, çünki o, Hizbullahın hərəkətlərindən Təl-Əvivə təzyiq vasitəsi kimi istifadə edir.

2006-cı ildə Hizbullah ilə İsrail arasında müharibə başlayanda İranın nüvə proqramı Təhlükəsizlik Şurasında müzakirə olunurdu. İran Hizbullahın hərəkətləri ilə İsrailə, Vaşinqtona və beynəlxalq ictimaiyyətə təzyiq etmək istəyirdi.
Buna görə də Hizbullah və İsrail arasında hazırkı qarşılıqlı hücumlar Vaşinqtonla gələcək danışıqların xeyrinə İranın təzyiq cəhdlərinin bir hissəsi ola bilər.

Digər Kateqoriyalar

2023 © AzerVoice