Əsas səhifə » Husilərin neft tankerlərinə hücumları dəniz ekosistemini təhlükə altına qoyur

Husilərin neft tankerlərinə hücumları dəniz ekosistemini təhlükə altına qoyur

Yamin Savalanli

Bakı, AzerVoice

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəstəklədiyi husilərin Yəməndə neft tankerlərinə hücumlarının dəniz ekosistemini təhlükə altına atdığını bildirib.

AzerVoice xəbər verir ki, CENTCOM Yəməndəki husilərin Qırmızı dənizdə Panama bayraqlı “MV Blue Lagoon 1” və Səudiyyə Ərəbistanı bayraqlı “MV Amjad” adlı neft tankerlərinə hücumu ilə bağlı açıqlama verib.

Bəyanatda husilərin bu hərəkətlərinin regional və qlobal ticarətə zərər verdiyi, dəniz ekosistemini və mülki dənizçilərin həyatını riskə atdığı bildirilib.

banner

Açıqlamada “MV Amjad” gəmisinin təxminən iki milyon barel neft daşıdığı bildirilib və bunun 21 avqustda husilərin hücumuna məruz qalan və hələ də yanmağa davam edən “MV Delta Sounion” adlı gəminin daşıdığı miqdardan təxminən iki dəfə çox olduğu vurğulanıb.

CENTCOM qeyd edib ki, Husilərin fəaliyyətlərinə baxmayaraq ticarəti qorumaq və onların ətraf mühitə təsirini azaltmaq üçün beynəlxalq tərəfdaşlar və müttəfiqlərlə işləməyə davam edəcək.

Xatırladaq ki, avqustun 21-də Britaniya Gəmiçilik Təşkilatının (UKMTO) X hesabında edilən açıqlamada, içərisində təxminən 15 nəfərin olduğu iki kiçik qayığın Yəmənin qərbindəki Hudeydə sahillərində ticarət gəmisinə yaxınlaşdığı, daha sonra qısa müddətə yüngül silah atəşi açıldığı bildirilmişdi.

Qeyd edək ki, həmin gün edilən digər açıqlamada isə ticarət gəmisinə ikinci dəfə hücum edildiyi və gəmidə yanğının başladığı bildirilmişdi

Digər Kateqoriyalar

2023 © AzerVoice