Bakı, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Entoni Blinken ilə görüşü zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, o, bu barədə “TRT Haber”ə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, tərəflər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Bundan əlavə regional məsələləri, Cənubi Qafqazdakı vəziyyəti, Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə etdik”, – deyə, H.Fidan bildirib.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.