Bakı.AzerVoice
Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” İsrailin kredit reytinqini “A+”dan “A”-a endirib.
AzerVoice xəbər verir ki, Fitch-in verdiyi açıqlamada İsrailin kredit reytinqinin “A+”dan “A”-a endirildiyi, proqnozun isə mənfi olduğu bildirilib.
Bəyanatda reytinqin endirilməsinin səbəbi kimi, Qəzzada müharibənin davam etməsi, geosiyasi risklərin artması və hərbi əməliyyatların bir çox cəbhədə təsirini göstərməsi olaraq ifadə edilib. Həmçinin bütün bunların İsrailin dövlət maliyyəsinə mənfi təsir etdiyinə diqqət çəkilib.
Bəyanata görə, bu il İsrailin ümumi daxili məhsulunun (ÜDM) 7,8 faizi həcmində büdcə kəsiri olacaq və həmçinin dövlət borcunun orta müddətli dövrdə ÜDM-in 70 faizini keçəcəyi gözlənilir.
Açıqlamada geosiyasi risklərin də ölkənin mənfi reytinq proqnozunu dəstəklədiyi, Qəzzada qarşıdurmanın 2025-ci ilə qədər davam edə biləcəyi və digər cəbhələrə yayılma risklərinin olduğu vurğulanıb.
Bəyanatda qeyd olunub ki, münaqişə insan itkiləri ilə yanaşı, əhəmiyyətli əlavə hərbi xərclər, infrastrukturun dağılması və iqtisadi fəaliyyətə və investisiyalara uzunmüddətli ziyan vurması ilə nəticələnə bilər və İsrailin kredit göstəricilərinin daha da pisləşməsinə səbəb ola bilər.
Bəyanatda İsrail ilə İran və müttəfiqləri arasında gərginliyin yüksək olaraq qaldığını xatırlanaraq, son hücumların İsrailin kredit profilinə daha da xələl gətirə biləcəyi bildirilib.
Açıqlamada müharibənin yəqin ki, 2024-cü ilin sonuna qədər davam edəcəyi, qarşıdurmanın daha da gərginləşə biləcəyi ehtimalları nəzərə alınaraq, bütün bunların təcili hərbi ehtiyaclar üçün yüksək xərclər yaradacağı və sərhəd bölgələrində istehsal, turizm və tikinti işlərinin dayanmasına səbəb olacağı vurğulanıb.
Fitch-in bəyanatında qeyd olunub ki, iqtisadiyyata və dövlət maliyyəsinə əhəmiyyətli və uzunmüddətli təsir göstərəcək münaqişələrin uzanması və ya kəskinləşməsi reytinqin daha da aşağı salınmasına səbəb ola bilər.