Əsas səhifə » Ermənistan nə istədiyini aydın şəkildə bəyan etməlidir – Hikmət Hacıyev

Ermənistan nə istədiyini aydın şəkildə bəyan etməlidir – Hikmət Hacıyev

Laman Asadli

Bakı. AzerPress:

Sovet dövründə və hətta ölkələrimizin müstəqilliyinin ilk illərində istismarda olan dəmir yolu ilə keçməli olan ən qısa marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistan bu dəmir yolu əlaqəsini bərpa etməkdə maraqlı olduğunu desə də, onlar paralel magistralın tikintisinə qarşı çıxırlar və bunun əvəzində Azərbaycana uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha Ermənistanın nəqliyyat əlaqələrini açmaq istəmədiyini nümayiş etdirir.

AzerPress xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

“Biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük. Çünki Azərbaycandan Naxçıvana – Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük”, – o qeyd edib.

banner

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri – Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən Ermənistan regionumuzun əsas enerji və kommunikasiya layihələrindən kənarda qalıb. Ermənistan uzun illər özünü təcrid vəziyyətində saxlayıb:

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində regional kommunikasiyaların açılması üçün müxtəlif layihələr də müzakirə oluna bilər. Ermənistan ərazisindən Naxçıvana nəqliyyat xəttinin istifadəyə verilməsi Ermənistanın Orta Dəhliz layihəsinə daxil edilməsində mühüm rol oynayacaq. Ancaq Ermənistan nəhayət ki, nə istədiyini aydın şəkildə bəyan etməlidir”.

“Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alternativ həllər üzərində işləyirik. Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini ildə 5 milyon tona çatdırmaq istiqamətində işlər görürük. Biz iranlı tərəfdaşlarımızla birlikdə İran ərazisindən keçməklə Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən kənarda qalması yalnız onun öz siyasətindən asılı olacaq.

Onu da deyim ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gündəmdən çıxarılması demək deyil. Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır. Ermənistan vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır”, – H.Hacıyev vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice