BAKI, AzerPress / Təsnim İsmixan
EBOLA əvvəllər Ebola hemorragik qızdırması kimi tanınan Ebola virusunun yaratdığı ağır insan xəstəliyidir. O, adını Ebola çayından götürüb, onun sahilində xəstəliyin ikinci qeydə alınmış epidemiyası baş verib.
Xəstəliyin ilk əlamətləri əzələ, baş və boğaz ağrıları, qəfil qızdırmadır. Bunun ardınca qusma, ishal, səpgi, böyrək və qaraciyər funksiyasının pozulması və bəzi hallarda həm daxili, həm də xarici qanaxma müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağır qanaxma ilə müşayiət olunur, Afrikada ölüm halları epidemiyalar zamanı 50%-i keçir, bəzən 90%-ə çatır. Laboratoriya testləri qaraciyər fermentlərinin yüksəldiyini və ağ qan hüceyrələrinin və trombositlərin aşağı səviyyələrini göstərir.
Xəstəliyin inkubasiya dövrü, yəni infeksiya anından ilk simptomların görünməsinə qədər olan müddət 2 gündən 21 günə qədərdir. Semptomlar görünənə qədər insanlar yoluxdurucu olmurlar.
Xəstələr uzun müddət başqaları üçün təhlükəli olaraq qalırlar. Onların qanı və ifrazatları, o cümlədən seminal maye və ana südü sağaldıqdan sonra 7 həftəyə qədər virus ehtiva edir.
İnfeksiyanın çoxalma yeri hələ də dəqiq məlum deyil, lakin virusun təbii sahibləri vəhşi heyvanlardır (Pteropodidae ailəsinin meyvə yarasaları, meymunlar, meşə antilopları və rütubətli meşələrdə yaşayan kirpilər). Virus insanlara yoluxmuş heyvanların qanı və ya digər mayeləri və əti ilə birbaşa keçə bilər. Eyni şəkildə virus insandan insana keçir.
Afrika hemorragik qızdırmasının törədicisi kimi Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın cənubunda və Zair Respublikasının şimalında, tropik meşə zonasında epidemiya zamanı müəyyən edilib, lakin son vaxtlar böyük şəhərlər və kənd yerlərində bu xəstəliyə rast gəlinir.
2014-cü ilin mart ayında virusun aşkarlanmasından sonra Qərbi Afrikada ən ölümcül və ən böyük epidemiya qeydə alınıb. Bu epidemiya zamanı xəstəliyin bütün tarixində olduğundan daha çox insan xəstələnərək ölüb.
Qvineyada başlayan epidemiya quru sərhədlərini keçərək Sierra Leone və Liberiyaya da yayılıb.
2014-cü ilin oktyabrında Afrikadan kənarda ilk Ebola hadisəsi İspaniyada qeydə alınıb.
Ebola üçün hələ sübut və təsdiq edilmiş bir müalicə yoxdur, lakin dəstəkləyici qayğı, davamlə həkim nəzarəti sağ qalmaq şansını artırır.
Hazırladı: Təsnim İsmixan / AzerPress