Bakı,VOA
Peyğəmbərin səhabələrindən olan Cəfər ibn Əbu Talib savaş meydanında atının ayaqlarını kəsir və “şəhid olana qədər savaş meydanından çıxmayacam, savaşacam!…” deyir.
590-cı ildə Məkkədə anadan olan Əbu Abdillah Cəfər ibn Əbu Talib ibn Abdulmuttalib əl-Haşimi xəlifə Hz Əlinin böyük qardaşı idi.
Əbu Talib uşaqlarının çoxluğuna görə müəyyən qədər maddi sıxıntı çəkirdi. Buna görə də hz Məhəmməd peyğəmbər Əli və Cəfəri öz himayəsinə götürmüşdü. Onlar eyni zamanda həm də əmiləri Abbasın yanında böyümüşdülər.
Cəfər Peyğəmbərə ilk iman gətirənlərdən idi. Onun Əbu Bəkrdən əvvəl İslamı qəbul etdiyi rəvayət edilir. Onun25-ci və ya 32 –ci müsəlman olduğu deyilir.
Məkkəli müşriklərin müsəlmanlara qarşı təqib və işgəncələri artdıqda, Cəfərin həyat yoldaşı Əsma binti Umeys Həbəşistana hicrət edən ikinci karvana qoşulur. Bu karvana Peyğəmbər tərəfindən rəhbər olaraq Cəfə təyin edilir.
Onun oğlu Abdullahın Həbəşistanda doğulan ilk müsəlman olduğu qeyd edilir.
Qureyşlilər ölkədən hicrət edən müsəlmanların geri qaytarılması üçün Həbəşistan kralına səfir kimi Əbu Rəbia ibn Muğirə əl-Məhzumi və Əmr ibn Ası göndərdiyi zaman buna qarşı Həbəş hökmdarı Nəcaşi Ashamenin hüzurunda müsəlmanları Cəfər təmsil etmişdi. Kralın qarşısında İslamı olduğu kimi açıq-aşkar ortaya qoyan və nə üçün vətənlərini tərk edib Həbəşistana gəldiklərini açıqlayan Cəfər, Qureyş nümayəndələrinin Məkkəyə əliboş qayıtmasına və Nəcaşinin mühacir müsəlmanları müdafiə etməsinə vəsilə olmuşdu. Hətta bundan sonra Nəcaşinin Cəfərin sayəsində müsəlman olduğu da deyilir.
Hudeybiyyə sülh müqaviləsindən sonra Peyğəmbər qonşu dövlətlərin hökmdarlarına İslama dəvət məktubları göndərdiyi zaman Həbəş hökmdarı Nəcaşiyə göndərdiyi məktubda onu İslama dəvət etmiş, həmçinin ölkəsindəki müsəlmanları Mədinəyə geri göndərməsini xahiş etmişdi. Bundan sonra Cəfər Nəcaşinin müsəlmanlar üçün ayırdığı gəmi ilə Ərəbistana qayıdaraq Peyğəmbərin yanına gəldi.
Xeybərin fəthindən dərhal sonra Cəfəri görən Allah Rəsulu dedi: “Hansı ilə sevinəcəyimi bilmirəm. Xeybərin fəthi, yoxsa Cəfərin gəlişi?”, deyərək onu qucaqlayaraq alnından öpdü.Həmçinin Mədinəyə qayıdanda Cəfərə Məscid-i Nəbəvinin yanında yer ayırıb onu burada yerləşdirdi.
Peyğəmbər hicrətin səkkizinci ili, Suriyaya göndərilən orduya Zeyd ibn Harisi komandir təyin etmişdi. Peyğəmbər “Əgər Zeyd şəhid olarsa, komandir Cəfər ibn Əbu Talib, o da şəhid olarsa Abdullah ibn Rəvaha olacaq”- deyə təlimat verir. Muta savaşında hər üç səhabə də şəhid olur. Belə ki, səhabə Zeydin şəhadətindən sonra, Cəfər düşmənə qəhrəmancasına hücum edərək şəhid olur. Onun hər iki qolu qılınc zərbəsi ilə kəsilmişdi.
Qırx yaşında şəhid olan Cəfər Həbəşistana hicrəti ilə yanaşı, oradan qayıdarkən atasının vətəni Məkkəyə deyil, birbaşa Mədinəyə getdiyi üçün “zilhicreyn” ( iki hicrət sahibi) ləqəbi ilə tanınırdı.
Sonda onu da əlavə edək ki, Allah Rəsulu Cəfərin əxlaq baxımından ona bənzədiyini bildirərək onu təqdir edər və tərifləyərdi.